Ağaclara balta vurularsa...
Həmişə insan hisslərinin paklığı təbiətin gözəlliyinə, bulaq saflığına bənzədilib. Təbiətə bağlılıq daim ucalıq sayılıb. Əgər biz saf havanı, əsrarəngiz təbiəti bilə-bilə korlayırıqsa, qollu-budaqlı ağacların ömrünə balta çalırıqsa, deməli, özümüzə qənim kəsilirik: hava korlanır, təbiət çılpaqlaşır, mühafizə rolunu oynayan yaşıllıqlar seyrəldikcə torpağı da yaman günə qoyur. Təbiətin yaratdığı gözəlliyi insan yarada bilmir. Amma onu qoruyub mühafizə edəndə, yaşıllıq zolaqlarını genişləndirəndə təbiət daha da zənginləşir. Heç təsadüfi deyildir ki, həmişə “Təbiət anadır, onu qoruyaq!” – sözləri bir deviz kimi səslənir. Axı bütün dəyərlərin indi qiymətdən düşdüyü bir vaxtda təbiətə amansız hücum edilməsi gələcək nəsillər üçün sağalmaz izlər qoyur. Heç uzağa getməyək. Doğma Naxçıvanımızda bu sahədə görülən yarıtmaz işlərin bəzilərinə nəzər salaq.
Muxtar respublikamızın paytaxtı Naxçıvan şəhəri yaşıllıq və gözəllik sarıdan yaman kasıblayıb. İndi ümumi evlərin həyətlərində tüstülənən ocaqlarda yığılmış beş-altı quru budağın oduna qollu-budaqlı ağaclar da yanır. Elektrik enerjisi qıtlığı, qazın olmaması, adicə neftin tapılmaması adamları çox çətin vəziyyətə salmışdır. Elə buna görə də bağ və parklarda, prospekt və küçələrdə, meydanlarda gövdəli ağacların indi kötükləri cərgələnir. Adam ehtiyac içərisində qalanları da bəzən qınamır. Axı körpə uşaq ağlaya-ağlaya iki ayağını bir başmağa dirəyib bir stəkan çay tələb edəndə yazıq valideyn əlacsız qalır. O da ocaq yandırmaq üçün əl atır ağacları kəsməyə. Bunlar olsaydı, dərd yarı idi. Ancaq ən ağırı odur ki, şəhərin başçılarının razılığı ilə neçə-neçə komissiyon, kooperativ mağazalar düzəldənlər bağ və parklarda tikinti meydanı üçün ağacları, bəzək kollarını kütləvi surətdə kəsib-doğrayırlar. Şəhər kinoteatrının arxa tərəfindəki bağçada, Böyük bağda, dəmiryol vağzalına gedən yolun kənarlarında onlarla ağac kəsilib. Yalnız dəmir köşklər qoymaq, beton bloklardan, mişar və çay daşlarından dükancıqlar tikmək üçün. Bunlara dözmək olmaz. Qəribə burasıdır ki, özü, dədə-babası, hətta tayfası şəhərdə bir ağac, bir kol əkməyənlər indi öz qolbəyləri vasitəsilə şəhərə cavabdeh olanların, inzibati orqan işçilərinin gözü qarşısında özbaşınalıq edərək ağacları sıradan çıxarırlar. Qəribə burasıdır ki, belə yaramaz əməllərlə məşğul olanlara “Gözün üstə qaşın var”, – deyən yoxdur. Hər rayonda iki-üç təbiəti mühafizə işçisi var ki, onların da yazdıqları aktlara baxan yoxdur. Mühafizə işçiləri təbiətin qəsdinə duranları cərimə etməklə öz işlərini bitmiş hesab edirlər.
“Şərq qapısı”
1992-ci il
Uğurlu ekoloji siyasətin əsasını insan amili təşkil edir
Bu sətirlər qələmə alındığı illərdə sərhədlərimizdə döyüş gedirdi, hər yerdən ümidi üzülən əhali günün çoxunu neft, daş kömür növbələrində keçirirdi. Elə bil təbiət də öz şıltaqlığını həmin qışa saxlamışdı. 90-cı illərin sərt qışı qazı, elektriki kəsilən sakinləri bağlara, bağçalara üz tutub ağaclara balta vurmağa məcbur edirdi, – desək, yanılmarıq. Elə bir vaxtda bütün naxçıvanlıların ümidi gəlişi ilə ömrümüzün hər gününə Günəş kimi həm aydınlıq, həm də hərarət gətirən xalqının mərd, vətənsevər oğlu dahi rəhbər Heydər Əliyev idi.
Bəli, naxçıvanlılar ulu öndərə o qədər inanırdılar ki, qaldırdıqları hər bir problem kimi, bu da yaxın zamanda həll olunacaq. Ümummilli lider Heydər Əliyev yaşıllıqların qorunmasından danışarkən deyirdi: “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir”. Bu müdrik tövsiyələr təbiətə, o cümlədən meşələrə qayğının bir nümunəsi kimi çox ibrətamizdir. Dahi rəhbər yaşıllıqların salınmasına, ağacların qorunmasına xüsusi diqqət yetirib, özü ağac əkilməsində iştirak etməklə hər kəsə nümunə göstərib.
Gümrahlıq, həyat mənbəyi olan yaşıllıqlar göz oxşayır
Hər zaman öz xalqının yanında olan, ən çətin məqamlarda belə, Vətəni üçün əlindən gələni edən dahi şəxsiyyət xalqın təkidli tələbi ilə ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunması və onların bərpası istiqamətində də ciddi və ardıcıl tədbirlər həyata keçirməyə başladı. Ulu öndərin müəyyənləşdirdiyi ekoloji siyasət sayəsində Vətənimizdə yeni meşələr, bir-birindən gözəl parklar və istirahət guşələri yaradılıb. Bu gün bu siyasət ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müvafiq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində əməli tədbirlər görülür. Bütün bunlar muxtar respublikamızın da əlvan təbiətinin mühafizəsinə əsaslı təminat verir. Ana təbiətin köksünə illər öncə vurulan balta səslərinin yerini yaşıllıqlar qoynunda istirahət edən övladlarımızın şən səsləri əvəz edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında yaşıllaşdırma, təmizlik və abadlıq aylığının keçirilməsi haqqında” 2001-ci il 1 mart tarixli Sərəncamı ilə hər ilin yaz və payız mövsümlərində yaşıllaşdırma, təmizlik və abadlıq tədbirlərinin görülməsi, əsasən, şənbə günləri keçirilən iməciliklər diyarımızın ətraf mühitinin mühafizəsində, yaşıllıq zolaqlarının salınmasında və qorunmasında böyük önəm daşıyır. Həmçinin mövcud ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, təbii sərvətlərin qorunması, onlardan səmərəli istifadə edilməsi məqsədilə Ali Məclis Sədrinin 2005-ci il 23 sentyabr tarixli Sərəncamı ilə 9 min 118 hektarlıq “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu il 22 iyun tarixli Sərəncamı ilə isə 68 min 911 hektar sahədə “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılması da təbiətin qorunması istiqamətində uğurla atılan addımlardan biridir.
Cari ildə Naxçıvan Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsi üçün yeni kompleksin tikilməsi və “İqlim otağı”nın yaradılması da bu sahədə görülən işlərin davamıdır. Burada müxtəlif meyvə və həmişəyaşıl tinglərə, gül və bəzək kollarına olan tələbat yerli istehsal hesabına ödənilməkdədir. Bütün bunlar gözəl diyarımızın yaşıllıq sahələrinin gələcəkdə daha da artmasına öz töhfəsini verəcək.
Qədim çağlardan yurdumuz bağçılıq-meyvəçilik diyarı kimi tanınıb. Xalqımız yüzillik ağacı da, körpə fidanı da bir övlad kimi qoruyub qayğısına qalıb, qocaman ağacların yerini versin deyə, yenilərini əkib, onları böyüdüb ərsəyə çatdırıb. Axı ağac da insan kimi qulluq istəyir. Elə buna görə də xalqımız ağacı yalnız yaşıllıq simvolu deyil, həm də əhalinin sağlamlığının, həyatının vacib şərti sayıb, ağacların qorunmasını, onlara qulluq göstərilməsini həmişəyaşarlıq rəmzi kimi qəbul ediblər. Xalq inamına görə, həyətdə, yaşayış evinin ətrafında ağac əkilərsə, ailəyə xeyir-bərəkət, yaxşı gün-güzəran qismət olar. Çünki ağac var ki, çiçəyi, yarpağı, meyvəsi, qabığı ilə min dərdə dərmandır. Ağac var ki, meyvəsi ilə süfrəmizə yaraşıq verir. Ağac var ki, görkəmi ilə göz oxşayır, bağları, parkları, həyətləri bəzəyir.
Təsadüfi deyil ki, “Barlı ağacın başına dolanarlar” ideyası ilə ömür sürən babalarımız təbiətə, yaşıllığa, ağaca həyat mənbəyi kimi baxıblar. Ulularımız deyiblər: “Ağacı arx qırağında ək ki, yıxılanda el-obaya körpü olsun”, “Ağaclı kəndi sel basmaz”, “Ağacı çox olan elin məzarı az olar”.
Görkəmli təbiətşünas-alim Həsən Əliyevin bu müdrik kəlamı isə daim yaddaşlardadır: “Bəlkə də toya, yasa və digər mərasimlərə yubanmaq olar. Təbiətə münasibətdə yubanmaq isə yaşamağa yubanmaqdır”.
İnsanlıq naminə ağaclara qulluq etmək dinimizdə də savab iş sayılır. Bu barədə hədisi-şəriflərdən birində deyilir ki, bir kimsə bir ağac əkərsə, ağac meyvə verənə qədər onu qoruyub baxarsa, bu ağacdan tökülən hər meyvə Allah qatında o kimsənin sədəqəsi olar. Ona görə də bağ salmaq, ağac əkmək, ümumiyyətlə, ətrafı yaşıllığa qərq etmək ata-babalarımızın adəti olub. Ağac bolluq, şirinlik, mehribanlıq nişanəsi hesab edilir. Ümumilikdə isə ağaclar insanın qoruyucusu, onun sağlamlığının keşikçisidir, boya-başa çatdığı məkanın gözəlliyidir.
Tədqiqatlara görə, ağaclar çox olan yerlərdə xəstəlik törədən zərərli mikroorqanizmlər 8, zərərli qazlar isə 5 dəfə az olur. Yaşıllıq sağlamlıq, gümrahlıq rəmzi olmaqla bərabər, insan yaşayışının başlıca rəhnidir. İnsan övladı da onun üçün lazım olan təmiz havanı, oksigeni məhz bu mənbədən alır, sağlamlığımız bu amildən asılıdır. Axı bir ağacın ətrafa verdiyi oksigenlə eyni vaxtda neçə-neçə insan nəfəs alır. Deyilənə görə, bir çinar ağacının verdiyi oksigen 58 adama bəs edir. Bir hektar meşə, yaşıllıq zolağı isə il ərzində 50-70 ton tozu, zəhəri öz “süzgəcindən keçirir”. Gündəlik həyatımızda əhval-ruhiyyəmizin yüksək olması da xeyli dərəcədə həmin amildən asılıdır. Axı təbiətin bu canlı varlıqlarından zövq almağı bacarmaqla yanaşı, bir qədər yorğun və əsəbi olduqda yaşıllıqlar qoynunda gəzməyi, dincəlməyi ən yaxşı istirahət hesab etmişik.
Ətraf mühitin mühafizəsi ümumxalq işidir
Müdriklərimiz deyiblər: “Ağac əkmək, bağ salmaq hünər deyil, onu qoruyub saxlamağı bacarasan gərək”, “Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar”. Onların bu kəlamlarını əsas götürən muxtar respublika sakinləri insan əlləri ilə ərsəyə gətirilmiş gözəllikləri qorumağı, onlara aqrotexniki qulluq göstərməyi özlərinin vətəndaşlıq borcuna çeviriblər. Belə ki, hər həftənin şənbə günləri idarə və müəssisələrin kollektivləri iməcilik yolu ilə əkib-becərdikləri bağlara, meşə zolaqlarına çıxır, oradakı ağacların və tinglərin quru budaqlarını və lazımsız zoğlarını vurur, ərazini alaq otlarından təmizləyir, ağacların gövdələrini sönmüş əhənglə ağardır və suvarırlar. Bu qayğının, bu qulluğun nəticəsidir ki, doğma Naxçıvanımız artıq yaşıllıqlar diyarına çevrilib. Bir vaxtlar yol kənarlarındakı ağacları barmaqla saymaq mümkün idisə, bu gün tamam başqa mənzərənin şahidi oluruq. Bunun ifadəsidir ki, əgər 20 il bundan əvvəl muxtar respublika ərazisinin 0,6 faizi yaşıllıq idisə, indi bu rəqəm 20 faiz təşkil edir. Bu da onunla bağlıdır ki, meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində kompleks tədbirlər davam etdirilib. Təkcə bu ilin yazında 317 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb, 15 min 595 gül və bəzək kolları əkilib.
Bu gün muxtar respublikanın magistral nəqliyyat yollarının kənarlarında əkilmiş meyvə və meşə ağacları bu yollardan keçənlərin zövqünü oxşamaqla bərabər ekoloji təmizliyi də təmin edir.
O da qeyd olunmalıdır ki, ətraf mühitin sağlamlaşdırılmasına dövlət nəzarəti nə qədər güclü olsa da, təbiətin gözəlliklərinin qorunmasında hər kəsin iştirakı vacibdir. Sevindirici haldır ki, bu gün muxtar respublika sakinləri kütləvi şəkildə bu prosesdə fəal iştirak edir, təbii sərvətlərimizin qorunması ilə yanaşı, yaşıllıqların artırılması qayğısına da qalırlar.
Ümumiyyətlə, təbiətin mühafizəsinə ekoloji nəzarəti gücləndirmək bənzərsiz gözəllikləri – təbiətin saysız-hesabsız nadir incilərini qorumaq deməkdir. Ona görə də insanların ekoloji təfəkkürünün formalaşması, ekoloji mədəniyyətimizin inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıyan maarifləndirmə işləri hər zaman diqqət mərkəzində saxlanılır. Çünki bu, sağlam gələcəyimizin təmin edilməsi üçün vacibdir.
Ramiyyə ƏKBƏROVA