23 Dekabr 2024, Bazar ertəsi

“Kosmosdan Yer kürəsi son dərəcə gözəl, çəhrayı bir rəngdə görünür. Yerə qayıdandan sonra hara yolum düşürdüsə, həmin rəngi axtarırdım. Nəhayət, Naxçıvanda tapdım. Kosmosdan baxanda bütün Yer kürəsi Naxçıvan torpağının rəngində görünür”.
Rus kosmonavt-rəssamı Leonovun qədim və doğma diyarımıza verdiyi bu dəyər hər bir naxçıvanlının qəlbində böyük qürur hissi yaradır. Mövcudluğu dövründə başı bəlalar çəkən, torpaqlarına göz dikilən, yeraltı və yerüstü sərvətləri düşmənlərə gözdağı olan Naxçıvan heç kəsə baş əyməyib, onun igid, yurdsevər oğulları yurdumuzun hər qarışını vətənpərvərliklə qoruyublar, babalarımızın dediyi “Torpaqdan pay olmaz” vəsiyyətinə əməl ediblər. Bu gün də bu vəsiyyət naxçıvanlılar üçün ­yazılmamış qanundur...
Artıq qədim diyarımızın bütün bölgələri inkişafın, tərəqqinin yeni mərhələsindədir. Düşmənlə üz-üzə dayanan “Qeyrət qalası” Sədərək də eləcə... 1988-ci ildə başlanan hadisələrdən sonra dəfələrlə bu qədim oğuz torpağında olmuşam. Burada yaşanan həyatı görmüşəm. Dediyim odur ki, bu bölgənin ən ağır dövründən bu günə qədərki həyatı gözlərim önündə olub. Sədərəyin tarixinə yazılan o qanlı-qadalı illər, ondan sonrakı dövr barədə dəfələrlə yazılar qələmə almışam. 1988-ci ildən bu günə kimi keçilən yolu indi hər bir naxçıvanlı yaxşı bilir. Odur ki, onları yenidən xatırlatmaq fikrindən uzağam.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1990-cı il avqust ayının 28-də Sədərək kəndinin bazasında yaradılan eyniadlı rayonun inkişafı, infrastrukturunun gücləndirilməsi məqsədilə ötən dövr ərzində mühüm tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamına əsasən bu istiqamətdə irihəcmli layihələr reallaşdırılıb, rayon özünün inkişaf və tərəqqi yoluna qədəm qoyub. Yeri gəlmişkən onu da vurğulayaq ki, ölkə Prezidenti cənab İlham Əliyev 2010-cu ilin oktyabr ayında muxtar respublikaya səfəri zamanı Sədərək rayonunda da olub. Bir neçə obyektin, o cümlədən yenidən qurulmuş Heydərabad qəsəbəsinin açılışında iştirak edib, ikimərtəbəli 16 fərdi yaşayış binası da həmin gün istifadəyə verilib. Dövlət başçısı qəsəbə sakinlərini təbrik edərək deyib: “... Gözəl evlər, binalar tikilib. Qəsəbə yeni dövrə qədəm qoyur. Bütün işlər ən müasir səviyyədə görülübdür. Çox şadam ki, respublika rəhbərliyi bütün bu işləri qısa müddət ərzində çox böyük keyfiyyətlə gördü. Bu, doğrudan da, böyük hadisədir. Heydərabad qəsəbəsinin Azərbaycan tarixində çox mühüm yeri vardır”.

Bu tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilib. Belə ki, bəhs olunan dövrdə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyon 11 min manat həcmində investisiya yönəldilib. Bunun da 9 milyon 767 min 100 manatı və ya 88,7 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. İyul ayının 2-də ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyi ərəfəsində rayonun Heydərabad qəsəbəsində yeni yaşayış binası, Su Monitorinq Laboratoriyası istifadəyə verilib. Muxtar respublikada gömrük infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq hazırda Sədərək Gömrük İdarəsi üçün yeni kompleks inşa edilir.

Ümumilikdə götürsək, bu gün rayon mərkəzi Heydərabad qəsəbəsi, həm Sədərək, həm də Qaraağac kənd­ləri müasirlik donundadır. Bölgənin bütün idarə, müəssisə və təşkilatları müasir arxitektura üslubunda işlənmiş və hərtərəfli şəraitlə təmin olunmuş yeni binalarda fəaliyyət göstərirlər. Sərhəd bölgəsinə göstərilən dövlət qayğısının ifadəsidir ki, rayonun hər iki kənd yaşayış məntəqəsində hər il 8-9 yeni ev inşa edilir, fərdi avtomobillərin sayı getdikcə artır. Sədərəklilərin gün-güzəranlarının durmadan yaxşılaşmasında aqrar sahənin inkişafına, insanların məşğulluğunun təmin olunmasına böyük önəm verilməsi, yeni istehsal sahələrinin yaradılmasına xidmət edən tədbirlər mühüm əhəmiyyət daşıyır.
Sədərək daha çox aqrar rayondur. Ötən illərdə bu sahədə qazanılan təcrübə, bölgə sakinlərinin dədə-babadan torpağa ən qiymətli sərvət kimi baxmaları və digər amillər Sədərəkdə bu əvəzsiz nemətin hər bir qarışından səmərəli istifadə edilməsini reallaşdırıb. Son illərdə rayonda həyata keçirilən meliorasiya­-irriqasiya tədbirləri, bölgəyə yeni kənd təsərrüfatı texnikalarının gətirilməsi, torpaq mülkiyyətçilərinə güzəştli kreditlərin verilməsi, onların yüksək reproduksiyalı toxumlarla təchiz edilməsi, istehsal olunan məhsulların satışındakı çətinliklərin tamamilə aradan qaldırılması cari ilin 7 ayında da öz bəhrələrini verib. Statistik rəqəmlərə nəzər salaq. Bəhs olunan dövrdə kənd təsərrüfatı sektorunda 11 milyon 151 min manatlıq məhsul istehsal edilib.
1 avqust 2019-cu il tarixə rayonda 2510 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 8905 ton məhsul yığılıb. Məhsuldarlıq orta hesabla 35,5 sentner olub. Ayrı-ayrı əkinçilik sahələri üzrə məhsuldarlıq ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Belə ki, 1718 hektar buğda əkini sahəsindən 6082 ton, 754 hektar arpa əkini sahəsindən 2706 ton məhsul yığılıb. Ümumilikdə, rayonda 2472 hektar taxıl əkini sahəsindən 8788 ton məhsul istehsal edilib. Orta məhsuldarlıq 35,6 sentnerə çatdırılıb ki, bu da muxtar respublika üzrə ən yüksək rəqəmdir. Onu da qeyd edək ki, bir neçə ildir, Sədərək rayonu bu sahədə liderliyi əldə saxlayır.
Rayonun torpaq mülkiyyətçiləri 38 hektar dənli-paxlalılar əkini sahəsindən 117 ton, 96 hektar kartof əkilmiş sahənin 93,8 faizindən 1521 ton, 362 hektar tərəvəz bitkiləri əkilmiş sahənin 93,9 faizindən 3067 ton, 182 hektar bostan bitkiləri əkilmiş sahənin 90,7 faizindən 1559 ton, barverən meyvə bağlarından 537 ton məhsul yığıblar.
Bəhs olunan dövr ərzində rayonda diri çəkidə 251 ton ət, 1338 ton süd, 1048 min ədəd yumurta, 17,1 ton yun istehsal edilib.
Rayonda sahibkarlığın inkişafına göstərilən qayğının ifadəsidir ki, 2019-cu ilin yanvar-iyul aylarında 1 milyon 865 min 400 manatlıq sənaye məhsulu istehsal olunub.
Bir məsələni xüsusi qeyd etməyə ehtiyac duyuram. “Ailə təsərrüfatları ili” elan edilən 2019-cu ildə rayonda belə təsərrüfatların yaradılmasına və onların fəaliyyətinə ciddi önəm verilib. Bu gün rayonda Fuad Qədimov, Elsevər Qazıyev, Nurəddin Əliyev, Qafar Zeynalov, Arif Məmmədov, Mehparə Hüseynova kimi ailə təsərrüfatı başçıları var. Onlar müxtəlif emal və istehsal sahələri ilə məşğuldurlar. Hər il muxtar respublikada keçirilən məhsul festivallarında onlar da fəal iştirak edirlər. Belə təsərrüfatların sayı isə getdikcə artır. Bu da rayonun iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir.
Bölgədə əhalinin məşğulluğunun təmin edilməsi diqqət mərkəzində saxlanılıb. Bəhs olunan dövr ərzində rayon Məşğulluq Mərkəzi tərəfindən 77 nəfər qeydiyyata götürülüb, 69 nəfər işlə təmin olunub. Keçirilən 2 əmək yarmarkasında 25 nəfərə göndəriş verilib, onların hamısı işə qəbul edilib. Bu dövrdə 8 sədərəkli özünüməşğulluq proqramına cəlb olunub, onlara mal-qara verilib.
İlin ilk 7 ayı ərzində rayon Əhalinin Sosial Müdafiə Mərkəzi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 14 fevral tarixli Fərmanının, həmçinin “Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasını diqqətdə saxlayaraq 264 pensiya, təqaüd və müavinət təyin edilib. Mərkəz tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına, fəxri adlara görə verilən təqaüdlər, sosial müavinətlər vaxtlı-vaxtında ödənilib.
Bəhs olunan dövrdə rayon əhalisinə göstərilən xidmətlərin səviyyəsi yüksəldilib. Bir vaxtlar mavi yanacaq, elektrik enerjisi sarıdan çəkilən əziyyətlər artıq yaddan çıxıb. Bu qiymətli sərvətlərdən səmərəli istifadə olunması üçün məqsədyönlü tədbirlər diqqət mərkəzində saxlanılıb. Hər il xətlərdə təmir-bərpa işləri aparılır, bu yanacaq növlərinin fasiləsiz verilməsi təmin edilir. Rayonda 1 avqust 2019-cu il tarixə təbii qaz istehlakçılarının ümumi sayı 2365 olub. Bunun 2289-u əhali, 76-sı qeyri-əhali abonentləridir. Bəhs olunan dövrdə Qaz İstismar İdarəsinə daxil olan müraciətlərə əsasən 62 yeni qaz çəkilişi olub. 78 sayğaca mühafizə qutusu quraşdırılıb. İstismarda olan daşıyıcı, paylayıcı qaz kəmərlərinə və onların üzərində olan kranlara, siyirtmələrə, qaztənzimləyiciyə, qazpaylayıcı şkaflara texniki baxış keçirilib, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görülüb. Qazın texnoloji rejimə uyğun nəql olunmasını təmin etmək də diqqətdə saxlanılıb. 7 ay ərzində qəza dispetçer xidmətinə edilən 216 müraciət qeydiyyata alınıb.
Qaraağac kəndində 6, Sədərəkdə 9, Heydərabad qəsəbəsində 2 yeni tikiliyə elektrik xətti çəkilib və sayğac quraşdırılıb. Ümumilikdə, sıradan çıxmış 68 sayğac yeni elektrontipli sayğacla əvəz olunub. 22 yeni dirək basdırılıb. Elektrik enerjisi itkisini aşağı salmaq üçün məqsədyönlü tədbirlər görülüb. Heydərabad qəsəbəsində işıqlandırma sistemi təmir edilib.
Digər sahələrdə həyata keçirilən məqsədyönlü tədbirlər rayonun rabitə sistemini də əhatə edib. Hər il rayonda yeni telefon çəkilişləri davam etdirilir. Abunəçilərin internetə çıxışı təmin olunur. Təbii ki, bütün bunlar sərhədçi ömrü yaşayan sədərəklilərə böyük dövlət qayğısının ifadəsi kimi diqqəti çəkir. Rayon mərkəzindəki parkda görüşüb həmsöhbət olduğumuz ailə təsərrüfatı başçısı Fuad Qədimov bildirdi ki, belə qayğının davamlı xarakter alması sərhəd bölgəsinə qaynar həyat bəxş edib. Bu gün hər bir sədərəkli heç nədən çəkinmədən qurur, yaradır. Çünki arxasında güclü dövlətin və ordunun dayandığını bilir. Bunları mənfur qonşular da görür, Naxçıvanın belə inkişafı onlara ən böyük zərbə və cavab, gözdağıdır. Bu, hamımızı – təkcə naxçıvanlıları deyil, hər bir azərbaycanlını ürəkdən sevindirir. Çünki Vətən sərhəddən başlayır. Sədərək də bu sərhədin bir hissəsidir.

Bu gün bu keçilməz sərhəd bölgəmizin qovuşduğu işıqlı həyat tərzi ulu öndər Heydər Əliyev ideyalarının işığı hesabına mümkün olub... Bu işığın ziyası sərhəd bölgəsində heç vaxt sönməyəcək, sədərəklilər cari ilin qarşıdakı dövrünü də uğurla başa vuracaqlar.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR