Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qоrunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində qarşıya qоyulmuş vəzifələrin icrasını iyul ayında da davam etdirmişdir.
Ötən ay muxtar respublikanın Şərur, Ordubad, Culfa və Sədərək rayonlarında 28 obyektin fövqəladə hallara hazırlıq vəziyyəti yoxlanılmışdır. 8 təhlükə pоtensiallı оbyektdə texniki təhlükəsizliyə əməl olunması yоxlanılmış, 6 müəssisədə 41 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilmiş, 3 müəssisədə 12 texniki qurğu sınaqdan keçirilərək texniki təhlükəsizlik sertifikatı ilə təmin edilmiş, 4 müəssisədə 112 işçinin iştirakı ilə texniki təhlükəsizliyin təmin olunması üzrə maarifləndirmə işi aparılmışdır.
Naxçıvan şəhərindəki Heydər Əliyev prospekti, 37 nömrəli ictimai yaşayış binasında quraşdırılmış köhnə liftlərin sökülməsi və yeniləri ilə əvəz olunması zamanı təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarət edilmişdir. Muxtar respublikada radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə 6 tibb müəssisəsində və Heydərabad Su Monitorinq Laboratoriyasında yoxlamalar aparılmış, tibb müəssisələri radioloji-gigiyenik pasportlarla təmin edilmişdir.
Mülki müdafiə işinin təşkili ilə bağlı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında əməli məşğələ, Naxçıvan Beynəlxalq Hava Limanında taktiki-xüsusi təlim keçirilmiş, Naxçıvan Muxtar Respublikasının mülki müdafiə və əhalinin mühafizəsi planı 13 mərkəzi icra hakimiyyəti orqanı ilə dəqiqləşdirilmişdir. 7 kateqoriya üzrə 109 rəhbər, komandir-rəis heyətinin mülki müdafiəyə və fövqəladə hallara hazırlanması təmin edilmiş, 22 obyektdə 613 nəfərin iştirakı ilə maarifləndirici tədbir, 15 obyektdə mülki müdafiə qüvvələrinin 573 nəfər şəxsi heyəti ilə qrup məşğələsi keçirilmişdir.
Muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə 141 obyektdə diqqətli, 176 obyektdə nəzəri, 11 obyektdə məqsədli yoxlamalar, 31 obyektdə yanğına qarşı maarifləndirici tədbirlər keçirilmişdir.
Taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin olunması, sahələrin biçindən sonra yandırılmaması istiqamətində qabaqlayıcı tədbirlər görülmüş, intensiv biçin aparılan yerlərdə yanğından mühafizə bölmələrinin xidməti 11 yanğınsöndürmə avtomobili vasitəsilə təşkil edilmiş, kоmbaynların yanında gündəlik оlaraq patrullar təyin olunmuşdur.
Daşınmaz əmlakın icbari sığortası ilə bağlı sahibkarlıq subyektlərində izahat işləri aparılaraq, ümumilikdə, 92 obyektin icbari sığortalanması təmin olunmuşdur. Tikintidə təhlükəsizliyə nəzarət diqqət mərkəzində saxlanılaraq Naxçıvan şəhərində yeni tikilən 4 yaşayış binasının işçi layihə sənədlərinə ekspertiza rəyi verilmiş, 1 inzibati binanın tikintisi ilə bağlı ərazidə mühəndis-geoloji kəşfiyyat işləri aparılmışdır. Tikinti və yenidənqurma işləri aparılan 34 obyektə baxış keçirilərək norma, qayda və standartlara uyğun aparılmasına nəzarət olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti