Babək rayonunun Kültəpə kəndində Məhəmmədəli Məmmədova məxsus süd emalı müəssisəsində südçülüklə məşğul olan ailə təsərrüfatçıları ilə birgə maarifləndirici tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin əməkdaşı Azər Hümbətov “Ailə təsərrüfatları ili”ndə sahibkarlarla birgə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən, onlara yaradılan şəraitdən, göstərilən dövlət dəstəyindən danışıb.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev və aparıcı mütəxəssis Lalə Məmmədli südçülüklə məşğul olan ailə təsərrüfatlarında inəklərə zoobaytar qaydalarına uyğun qulluq edilməsi, süd istehsalının artırılması, süd məhsullarının hazırlanma texnologiyası və ənənəvi süd məhsullarının istehsalının təbliğ edilməsinin əhəmiyyəti ilə bağlı çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, zoobaytar və gigiyenik qaydalara vaxtlı-vaxtında əməl edildikdə alınan südün keyfiyyəti və məhsuldarlığı da yüksək olur. Odur ki, bu sahə ilə məşğul olan ailə təsərrüfatlarında da mütərəqqi metodlara üstünlük verilməlidir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı İlham Seyidov ailə təsərrüfatlarına göstərilən dövlət qayğısının və maliyyə dəstəyinin əhəmiyyətindən bəhs edib.
Ailə təsərrüfatçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb. Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər paylanılıb.
Xəbərlər şöbəsi