Müsahibimiz AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevdir
Ümummilli lider Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə yaradılan AMEA Naxçıvan Bölməsində elmin müxtəlif sahələri üzrə hərtərəfli elmi-tədqiqat işlərinin aparılması alim və tədqiqatçılar qarşısında duran mühüm vəzifələrdən biridir. Naxçıvanın qədim tarixi, arxeоlоgiyası, etnоqrafiyası, fоlklоru, ədəbi və mədəni mühiti, əlyazmaları, оnоmastikası, biоmüxtəlifliyi, Günəş sistemi cisimləri və təbii ehtiyatlarının son illər sistemli şəkildə öyrənilməsi istiqamətində də bir çox işlər görülüb. Muxtar respublikada yaradılan normal mühit, Naxçıvanda elmə göstərilən diqqət və qayğı buna stimul verib. Bəs bölmənin 6 elmi-tədqiqat müəssisəsindən biri olan, muxtar respublikanın təbii ehtiyatlarını, onun yeraltı və yerüstü sahələrini elmi şəkildə öyrənmək məqsədilə yaradılan Təbii Ehtiyatlar İnstitutunda bu istiqamətdə hansı işlər görülür? İnstitutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevlə söhbətimiz də elə bu mövzu ilə bağlı oldu:
– Naxçıvan Muxtar Respublikasında elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, təbii ki, kollektivimizi daha yaxşı işləməyə, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirməyə ruhlandırır. Qeyd edim ki, institutumuzda Mineral xammalın kimyası və texnologiyası, Sorbsiya prosesləri, Fiziki tədqiqatlar, Filiz və qeyri-filiz yataqları, Hidrogeologiya və mineral sular və Seysmologiya laboratoriyaları, Coğrafiya, İqtisadiyyat və Seysmoloji xidmət şöbələri fəaliyyət göstərir. Qarşımızda duran əsas vəzifə isə Naxçıvanın təbii sərvətlərinin geoloji, kimyəvi, fiziki tədqiqi, hidroloji və landşaft şəraitinin öyrənilməsi, mineral xammal istehsalının elmi əsaslarının işlənilib hazırlanması, sosial-iqtisadi infrastrukturların yerləşmə qanunauyğunluqlarının, regionun seysmik rejiminin, coğrafi şəraitinin və potensial enerji mənbələrinin öyrənilməsi istiqamətində elmi tədqiqatların aparılmasıdır ki, bunun üçün institutumuzda hərtərəfli şərait var. Şöbə və laboratoriyalarımız da müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təmin edilib. Son illər elmi-tədqiqat işlərinin genişləndirilməsi nəticəsində Naxçıvanda mineral xammalın kompleks emalının elmi əsaslarla işlənilib hazırlanması, çoxkomponentli sistemlərdən qiymətli elementlərin sorbsiya metodu vasitəsilə ayrılmasının nəzəri və praktik əsaslarla öyrənilməsi üzərində iş aparılır. Həmçinin yerli materiallar əsasında günəş enerji çeviricilərində istifadə edilən birləşmələrin sintezi və onların paramentlərinin müəyyən edilməsi, regionda filiz və qeyri-filiz yataqlarının, hidroloji şəraitin öyrənilməsi, mineral suların formalaşması qanunauyğunluqları və yeni hidrotermal mənbələrin axtarışı tədqiqatlara cəlb edilib.