23 Dekabr 2024, Bazar ertəsi

Müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması üçün misilsiz xidmətlər göstərib. Cəmiyyət həyatının müxtəlif sahələrində haqq-ədalət prinsipinin qorunmasına çalışan ulu öndər bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab edərək bunu böyük əzmlə reallaşdırıb.

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev əsası ümummilli lider tərəfindən qoyulmuş məhkəmə­-hüquq islahatlarını yeni dövrün tələblərinə uyğun davam etdirir. Məhkəmələrin insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, ədalət mühakiməsinin tam qanunamüvafiq şəkildə həyata keçirildiyi ali instansiyaya çevrilməsinə və cəmiyyətdə yüksək etimad qazanmasına çalışan dövlət başçısı bu sahədə beynəlxalq təcrübənin mənimsənilməsi təşəbbüskarı kimi çıxış edir. Ötən müddətdə respublikada uğurla həyata keçirilən məhkəmə-hüquq islahatları insanpərvərlik, humanizm, şəxsiyyətə hörmət, vətəndaşa həssas münasibət kimi ali dəyərlərə söykənib.
Dövlət başçısının ardıcıl və sistemli olaraq həyata keçirdiyi islahatların uğurlu nəticələri göz önündədir. Bu islahatlar həm də ölkədə qanunçuluğun, insan hüquq və azadlıqlarının etibarlı təminatına xidmət edir. Ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı da bunu təsdiqləyən faktdır. Adıçəkilən fərman, ilk növbədə, ölkədə həyata keçirilən iqtisadi, sosial islahatların, köklü transformasiya proseslərinin daha uğurlu nəticələr verməsi üçün hüquqi təminat yaradılması və ölkənin hüquq, ədalət mühakiməsi sisteminin meydana çıxa biləcək çağırışlara adekvat olması baxımından mühüm əhəmiyyətə malikdir. Bu fərman indiyə qədər məhkəmə-hüquq sistemində aparılan islahatları dərinləşdirən, eyni zamanda mütərəqqi dəyişikliklər, islahatların yeni mərhələsini şərtləndirən bütöv islahat konsepsiyası, “yol xəritəsidir”.

Konseptual olaraq bu fərmanda, bütövlükdə, ədalət mühakiməsi sisteminə baxışın dəyişilməsi nəzərdə tutulur. Müasir dövrdə məhkəmələrin texniki institut kimi nəzərdən keçirilməsi yanlış olardı. Məhkəmələrin fəaliyyəti, bütövlükdə, cəmiyyət miqyasında təsirə malikdir və xeyli dərəcədə mühitin, ab-havanın formalaşmasına təsir göstərir.
Sənəddə vurğulanır ki, ölkəmizin davamlı tərəqqisinin təmin olunması üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.
Ölkə başçısının imzaladığı fərman məhkəmə-hüquq islahatlarında yeni mərhələ adlana bilər. Fərman iqtisadi artımda mühüm əhəmiyyət daşıyan sahibkarlığın inkişafı, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmə fəaliyyətinə müdaxilələrin qarşısının alınması, icraatın səmərəliliyinin artırılması və süründürməçiliyin aradan qaldırılması, hakimlərin iş yükünün azaldılması və digər problemlərin həlli istiqamətində qarşıya mühüm vəzifələr qoyub.
Ötən müddət ərzində fərmanda əksini tapan tapşırıq və tövsiyələrin həyata keçirilməsi məqsədilə intensiv iş aparılıb, statistik məlumatlar təhlil edilərək ümumiləşdirilib, habelə qabaqcıl beynəlxalq təcrübə öyrənilib. Azərbaycan Respublikasının Prezidenti islahatlarının institusional komponentini əhatə edən ilk qanunvericilik aktları paketini 2019-cu il iyulun 20-də imzalayıb.
Həmin layihələr, əsasən, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxacaq yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə fəaliyyətinin elektronlaşdırılması, hakimlərin və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, məhkəmə ekspertizasının və məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması və digər məsələlərlə bağlıdır.
Artıq bəzi qanun layihələri Milli Məclis tərəfindən qəbul edilib, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkəmizdə yeni ixtisaslaşmış məhkəmələrin yaradılması təsbit olunub, hakimlərin təminatı əhəmiyyətli dərəcədə artırılıb, məhkəmə fəaliyyətinin səmərəliliyinin yaxşılaşdırılmasına xidmət edən digər mühüm məsələlər həllini tapıb.
Məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması dövlətimizin başçısının daim diqqət mərkəzində olub. Bu problemi həll etmək və məhkəmələri insanlara, hüquqi şəxslərə yaxınlaşdırmaq üçün son dövrlər xeyli iş görülüb, məhkəmə sisteminin quruluşunda önəmli dəyişikliklər edilib. Yeni qanunvericiliyə uyğun olaraq sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və bu sahədə işlərə daha çevik baxılmasının təmin edilməsi məqsədilə yeni ixtisaslaşmış məhkəmələr – kommersiya və ayrıca inzibati məhkəmələr təsbit olunub. Azərbaycan Prezidentinin 2019-cu il 19 iyul tarixli Sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni Kommersiya və ayrıca İnzibati məhkəmələr yaradılıb. Hazırda dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq həmin məhkəmələrin yurisdiksiyasının müəyyən edilməsi, müvafiq bina, avadanlıq, digər təşkilati­-texniki vasitələrlə təmin edilməsi, məhkəmə aparatlarının formalaşdırılması üzrə tədbirlər görülür.
Yeni məhkəmələrdə konkret sahədə dərin hüquqi bilik və təcrübəsi olan hakimlərin fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu da işlərə daha peşəkar baxılması, onların dolğun, hərtərəfli araşdırılması məqsədi daşıyır. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan mülki mübahisələrə yeni yaradılan kommersiya məhkəmələri, sahibkarların bütün dövlət qurumları, inzibati orqanlar ilə mübahisələrinə, o cümlədən vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə isə inzibati məhkəmələr baxacaqdır.
2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq kommersiya və inzibati məhkəmələr bu sahədə məhkəmə statistikasının təhlil edilməsində və məhkəmə təcrübəsinin öyrənilməsində də mühüm rol oynayacaq.
Yeni qanunvericiliyə uyğun olaraq sahibkarlıqla bağlı mübahisələr üzrə ixtisaslaşdırılmış məhkəmələrin yaradılması, habelə ali və apelyasiya məhkəmələrində müvafiq kollegiyaların təsis edilməsi, məhkəmə aidiyyəti üzrə mübahisələrin həllinin daha təkmil, yeni mexanizminin yaradılması ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşmasına, məhkəmələrdə süründürməçilik hallarının qarşısının alınmasına əlavə təkan olacaqdır.
Məhkəmə sisteminin səmərəliliyi, sözsüz ki, hakimlərin fəaliyyətindən çox asılıdır. Bu məqsədlə fərmanda, ilk növbədə, bütün məhkəmələrin sədrlərinə və hakimlərə tövsiyə edilib ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmləndirilməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.
Şübhəsiz ki, məhkəmə sisteminin daha səmərəli fəaliyyət göstərməsi, hakimlərin obyektivliyinin, qərəzsizliyinin, müstəqilliyinin təmin olunması üçün onların maddi təminatı da mühüm əhəmiyyət kəsb edir. Məhz ona görə fərmana uyğun olaraq “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişikliklər edilərək hakimlərin maddi təminatı yaxşılaşdırılıb. Eyni zamanda məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə uyğun diferensiasiyası və həmin rüsumların müəyyən hissəsinin məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə də yönəldilməsi üzrə müvafiq layihələr hazırlanıb.
Fərmanda qarşıya qoyulmuş məsələlərin icrası üzrə, həmçinin hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflığın daha da artırılması, bu sahədə tətbiq edilən meyarların təkmilləşdirilməsi məqsədilə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi metodologiyası, habelə məhkəmələrdə işin düzgün və səmərəli təşkilinə, etik davranış və digər məsələlər üzrə peşəkar monitorinqlərin aparılmasına dair qaydalar hazırlanıb.
Prezidentin məhkəmə islahatlarının dərinləşdirilməsi barədə fərmanı ilə hakim ştatlarının daha 200 vahid artırılması bu baxımdan xüsusi önəm daşıyır. Bununla əlaqədar hakimliyə namizədlərin seçimində çevikliyin artırılması, habelə namizədlər üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi qaydalarında dəyişikliklər edilib. Hakimlərin Seçki Komitəsində isə namizədlərin sənəd qəbulunun davamlı olması, test imtahanının Dövlət İmtahan Mərkəzi tərəfindən müasir üsullarla, hər bir namizəd üçün fərdi kompüterlər vasitəsilə və 200-250 nəfərlik qruplarla keçirilməsi barədə qərar qəbul olunub.
Digər mühüm yenilik isə cari ildə “Mediasiya haqqında” Qanunun qəbul edilməsi, bununla da mülki xarakterli mübahisələrin məhkə­mədənkənar həlli mexanizmlərinin yaradılmasıdır. Bu institutun müstəsna əhəmiyyətini nəzərə alan ölkə Prezidentinin imzaladığı fərmanda Ədliyyə Nazir­liyinə mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Fərmana əsasən, həmçinin xarici dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmaqla ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqinə dair tədbirlər görülür.
Ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, işlərə daha operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması baxımından Azərbaycan Prezidentinin 2014-cü il 13 fevral tarixli Sərəncamı ilə yaradılmış “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə insanlar artıq məhkəməyə gəlmədən, elektron formada müraciət etmək imkanı qazanırlar. Hər bir kəs “şəxsi elektron kabinet”ə sahib olmaqla məhkəməyə sənədləri elektron formatda ötürə, məhkəmə işinin materialları ilə ətraflı tanış ola, proseslər barədə məhkəməyə gəlmədən xəbər tuta bilər. Eyni zamanda sistemin məhkəmə proseslərinin audioyazılışının aparılması, elektron sənəd dövriyyəsinin təşkili, yekun məhkəmə qərarlarının elektron dərci, müxtəlif meyarlar əsasında axtarış aparılması və digər məziyyətləri, sözsüz ki, hakimlərin də işinin asan və səmərəli təşkilinə öz real müsbət təsirini göstərir. Ötən dövrdə sistemin tətbiqi üzrə məhkəmələr zəruri infrastrukturla təchiz olunub. “Elektron məhkəmə”nin bir çox komponentləri, o cümlədən Məhkəmələrin Vahid Portalı, Məhkəmə Prosesi İştirakçısının Şəxsi Kabineti, Elektron İcra, Məhkəmə Qərarlarının Vahid Bazası və bir sıra alt sistem və modulları hazırda uğurla tətbiq olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dəstəyi ilə muxtar respublikada fəaliyyət göstərən məhkəmələrdə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini təmin etmək üçün mövcud məhkəmələrin inzibati binalarında müvafiq infrastrukturun qurulması işinə 2015-ci ildən başlanılıb və hazırda bu sistem Naxçıvan Muxtar Respublikasının məhkəmələrində də tətbiq olunur. “Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturu Layihəsi” çərçivəsində həyata keçirilən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq edilməsi üçün Naxçıvan Muxtar Respublikasının məhkəmələrinə yeni kompüterlər verilib, onlar sistemə inteqrasiya edilib, bütün iş otaqlarında IP telefonlar quraşdırılıb, məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-videoyazıları aparan “AZ-Femida” sistemi tətbiq edilməyə başlanılıb. Ümumilikdə, “elektron məhkəmə” informasiya sisteminin tətbiqi üçün bütün zəruri infrastruktur yaradılıb.
Məhkəmə-hüquq islahatları, bütövlükdə, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında verilmiş tapşırıq və tövsiyələrə müvafiq olaraq vətəndaşların hüquqlarının məhkəmələrdə daha etibarlı müdafiəsini təmin etməklə məhkəmələrə etimadın və məhkəmə sisteminin nüfuzunun daha da yüksəldilməsinə səbəb olacaqdır. Aparılan islahatlar ədalət mühakiməsinin keyfiyyətini və səmərəliliyini artırmaqla, ümumilikdə, məhkəmə­-hüquq sisteminin inkişafına mühüm təsir göstərəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR