Müsahibimiz AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevdir
Ümummilli lider Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə yaradılan AMEA Naxçıvan Bölməsində elmin müxtəlif sahələri üzrə hərtərəfli elmi-tədqiqat işlərinin aparılması alim və tədqiqatçılar qarşısında duran mühüm vəzifələrdən biridir. Naxçıvanın qədim tarixi, arxeоlоgiyası, etnоqrafiyası, fоlklоru, ədəbi və mədəni mühiti, əlyazmaları, оnоmastikası, biоmüxtəlifliyi, Günəş sistemi cisimləri və təbii ehtiyatlarının son illər sistemli şəkildə öyrənilməsi istiqamətində də bir çox işlər görülüb. Muxtar respublikada yaradılan normal mühit, Naxçıvanda elmə göstərilən diqqət və qayğı buna stimul verib. Bəs bölmənin 6 elmi-tədqiqat müəssisəsindən biri olan, muxtar respublikanın təbii ehtiyatlarını, onun yeraltı və yerüstü sahələrini elmi şəkildə öyrənmək məqsədilə yaradılan Təbii Ehtiyatlar İnstitutunda bu istiqamətdə hansı işlər görülür? İnstitutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevlə söhbətimiz də elə bu mövzu ilə bağlı oldu:
– Naxçıvan Muxtar Respublikasında elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, təbii ki, kollektivimizi daha yaxşı işləməyə, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirməyə ruhlandırır. Qeyd edim ki, institutumuzda Mineral xammalın kimyası və texnologiyası, Sorbsiya prosesləri, Fiziki tədqiqatlar, Filiz və qeyri-filiz yataqları, Hidrogeologiya və mineral sular və Seysmologiya laboratoriyaları, Coğrafiya, İqtisadiyyat və Seysmoloji xidmət şöbələri fəaliyyət göstərir. Qarşımızda duran əsas vəzifə isə Naxçıvanın təbii sərvətlərinin geoloji, kimyəvi, fiziki tədqiqi, hidroloji və landşaft şəraitinin öyrənilməsi, mineral xammal istehsalının elmi əsaslarının işlənilib hazırlanması, sosial-iqtisadi infrastrukturların yerləşmə qanunauyğunluqlarının, regionun seysmik rejiminin, coğrafi şəraitinin və potensial enerji mənbələrinin öyrənilməsi istiqamətində elmi tədqiqatların aparılmasıdır ki, bunun üçün institutumuzda hərtərəfli şərait var. Şöbə və laboratoriyalarımız da müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təmin edilib. Son illər elmi-tədqiqat işlərinin genişləndirilməsi nəticəsində Naxçıvanda mineral xammalın kompleks emalının elmi əsaslarla işlənilib hazırlanması, çoxkomponentli sistemlərdən qiymətli elementlərin sorbsiya metodu vasitəsilə ayrılmasının nəzəri və praktik əsaslarla öyrənilməsi üzərində iş aparılır. Həmçinin yerli materiallar əsasında günəş enerji çeviricilərində istifadə edilən birləşmələrin sintezi və onların paramentlərinin müəyyən edilməsi, regionda filiz və qeyri-filiz yataqlarının, hidroloji şəraitin öyrənilməsi, mineral suların formalaşması qanunauyğunluqları və yeni hidrotermal mənbələrin axtarışı tədqiqatlara cəlb edilib.
– Əhməd müəllim, muxtar respublikamızdakı hansı faydalı qazıntı yataqları tədqiqata cəlb edilib?
– Məlumdur ki, Naxçıvan ərazisi müxtəlif filiz, qeyri-filiz və tikinti materialları ilə zəngindir. Burada molibden, mis, sürmə, polimetal filizləri, qeyri-filiz yataqlarından mərmər, gips, travertin, duz, və digər təbii sərvətlər, eyni zamanda çoxlu mineral bulaqlar var. Şərur, Şahbuz, Şahtaxtı, Gümüşlü, Ağdərə, Parağaçay, Duzdağ, Nehrəm, Təzəkənd, Qızılvəng, Darıdağ, Nəsirvaz, Gilançay və digər ərazilərdə yerləşən sənaye əhəmiyyətli müxtəlif faydalı qazıntı yataqları mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində muxtar respublika ərazisində olan bir çox faydalı qazıntı yataqları tədqiqatlara cəlb edilib.
– İnstitutun aparıcı laboratoriyalarından biri olan Mineral xammalın kimyası və texnologiyası laboratoriyasında hansı sahələrdə iş aparılır?
– Bu laboratoriyada filiz və qeyri-filiz yataqlarından götürülən nümunələrin tərkibinin analizi aparılmaqla yanaşı, mövcud mineral xammallar əsasında bir çox birləşmələrin alınması həyata keçirilir və onların tətbiq sahələri müəyyənləşdirilir. Laboratoriyada iki istiqamətdə iş aparılır. Birinci iş Darıdağ arsen filizi əsasında arsenin bir sıra birləşmələrinin alınması və sürmə filizinin kompleks emalı, digəri isə ağır metalların sürmə, arsen, molibden, germanium və qalayla əmələ gətirdiyi ikili, üçlü halkogenidlərinin su və üzvi həlledicilər mühitində sintezi və xassələrinin araşdırılmasıdır.
– Sorbsiya prosesləri laboratoriyasının fəaliyyətindən də danışmağınız maraqlı olardı. Yəqin ki, bu laboratoriyada da görülən işlər az deyil...
– Həmin laboratoriyada da iki istiqamətdə iş aparılır. Birinci iş qiymətli elementlərin sorbsiya metodu ilə ayrılmasının nəzəri və praktik əsaslarının işlənib hazırlanmasıdır. Burada müxtəlif funksional qruplu ionitlərin quruluşlarının, iondəyişmə və turşu-əsas xassələrinin öyrənilməsi, ionitləri xarakterizə edən bir sıra vacib parametrlərin hesablanması nəzərdə tutulub. Eyni zamanda alınan nəticələrdən praktik olaraq qiymətli və əlvan metal ionlarının sorbsiya metodu ilə zənginləşdirilməsində tətbiq edilir. İkinci iş isə Naxçıvan Muxtar Respublikasında perspektivli yataqlar olan təbii seolitin fiziki-kimyəvi xassələrinin öyrənilməsi, onların tətbiq sahələrinin müəyyənləşdirilməsidir.
– Təbii seolitlərin digər minerallardan fərqi nədir?
– Qeyd edək ki, təbii seolitlərin tətbiqinin üstünlüyü onların geniş yayılmasında, ucuzluğunda, bir neçə dəfə istifadə olunmasının mümkünlüyündə və bəzi xüsusiyyətlərinə görə sintetik minerallardan fərqlənməsindədir. Seolitlər effektiv enerjini qoruyan proseslərin inkişafında, kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılmasında, sənaye və urbaniləşmənin inkişafı nəticəsində yaranan ekoloji problemlərin həllində mühüm rol oynayır. Unikal tərkibinə görə təbii seolit heç bir əlavə və konservant olmadan uzun müddət saxlanılmasına baxmayaraq, özünün qiymətli xassələrini qoruyub saxlayır.
– Muxtar respublikada təbii ehtiyatlar sahəsində aparılan tədqiqatlardan hansıları yekunlaşıb?
– Qeyd edim ki, Parağaçay molibdenit və Gümüşlü qalenit filizləri işlənib. Parağaçay molibdenit filizinin tərkibinin öyrənilməsi, flotasiya metodu vasitəsilə onun faydalı komponentlərinin zənginləşdirilməsi, molibdenlə yanaşı, digər elementlərin – mis, sink və qurğuşunun ayrılıb fərdi şəkildə əldə edilməsi üzərində araşdırmalar aparılıb. Parağaçay molibdenit filizində molibdenin qatılığı 0,74-0,92 faiz, həddində dəyişir. Filizin flotasiya metodu ilə zənginləşdirilməsindən 25,4 faizli molibdenit konsentratı əldə edilib. Bu konsentratın emalı üçün ayrıca texnologiya işlənib və onun əsasında molibdenin bir sıra birləşmələri, ammonium molibdat, molibden (VI) oksid və onun nazik təbəqəsi, molibden (VI) sulfid və onun əsasında bir sıra tiomolibdatlar alınıb.
Gümüşlü qalenit filizindən isə qatılığı 21,2 faiz olan qurğuşun konsentratı və konsentratın emalından qurğuşunun birləşmələri və metal qurğuşun alınıb. Hazırda Darıdağ arsen və sürmə filizlərinin kompleks emalı əsasında tədqiqatlar aparılır.
– Əhməd müəllim, institutda istehsalyönümlü tədqiqatlara da başlanılıb. Bu sahədə nə kimi işlər görülüb?
– Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığına əsasən ötən il Mineral xammalın kimyası və texnologiyası laboratoriyamızda palçığın tərkibinin kimyəvi analizi aparılıb, qatılaşdırılma, qurudulma metodikası, texniki şərtləri hazırlanıb, həm krem, həm də quru toz formasında qablaşdırılaraq satış üçün əczaxanalara göndərilib. Həmçinin Biləv kəndi ərazisində yerləşən “Zəylik dərəsi”ndən götürülmüş alüminium süxuru analiz olunub. Nümunənin analizindən sonra tərkibi müəyyən edilib və süxurun emalı üçün texnologiyası işlənilib. Görülən işlər nəticəsində Biləv alüminium süxurundan xalq arasında zəy adı ilə tanınan kalium-alüminium zəyi, alüminium-sulfat duzu və alüminium-hidroksid, ammonium-alüminium zəyi alınıb. Eyni zamanda Darıdağ termal suyunun quru qalığının alınması üçün şərait yaradılıb və məhsul istehsalına başlanılıb.
– Təbii müalicəvi vasitə olan “Şorsu” palçığının istifadəsi ilə bağlı bir qədər geniş məlumat verməniz oxucularımız üçün də maraqlı olardı.
– Qeyd edək ki, əvvəlki illərdə əhalimizin primitiv şəkildə istifadə etdiyi palçıq laboratoriyamızda müxtəlif əməliyyatlardan sonra gigiyenik qaydada qablaşdırılıb. Tərkibində maqnezium, natrium, kalsium, dəmir oksidi olan “Şorsu” müalicəvi palçığı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məlumatına görə, 17 adda – revmatizm, revmatoid artrit, fəqərə osteoxondrozu, deformasiyaedici, miozit, bursit, insult qalığı, nevrit, nevralgiya, prostatit və digər xəstəliklərin müalicəsində istifadə edilə bilər. Müalicənin aplikasiya, tampon və ümumi palçıq vannası şəklində istifadəsi də mümkündür. Onu da qeyd edim ki, paketin və qutunun üzərində palçığın tərkibi, müalicəvi əhəmiyyəti və istifadə qaydası göstərilib.
– Bildiyimiz kimi, Qabıllı gil yataqlarında da tədqiqatlar aparılıb…
– Bəli, Kəngərli rayonu ərazisində yerləşən Qabıllı kəndinin özündə və ətraf ərazilərində müxtəlifrəngli çox böyük gil yataqları var. Biz orada da tədqiqatlar aparmışıq. Maraqlısı budur ki, gillər çox təmizdir, yəni tərkibində digər qarışıqlar yox dərəcəsindədir. Əvvəllər bu gillərdən müxtəlif məqsədlər üçün istifadə ediblər. Məsələn, təndirlərin hörülməsində, kərpic istehsalında, o cümlədən də yuyucu məhsul kimi istifadə edilib. Biz hesab edirik ki, bu gün sintetik yuyucu tozlardan fərqli olaraq həmin gillərdən yuyucu material kimi də istifadə edilə bilər. Həmçinin gildən üzün və saçların yuyulmasında istifadə də mümkündür ki, bu da sağlamlığımız baxımından daha faydalıdır.
– Əhməd müəllim, qazanılan elmi uğurlar, həm də gələcək çoxşaxəli perspektiv fəaliyyətə zəmin yaradır...
– Muxtar respublikanın təbii sərvətlərinin səmərəli istifadəsi istiqamətində institutumuzda aparılan tədqiqat işləri əməkdaşların kitab və monoqrafiyalarında, bir sıra xarici ölkələrin nüfuzlu nəşrlərində dərc olunan məqalələrində öz əksini tapıb. 2 qrant layihəsi qazanılıb, 20-yə yaxın patent alınıb. Əməkdaşlarımızın “Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit” adlı kitabı Rusiyanın paytaxtı Moskva şəhərində 31-ci Beynəlxalq Kitab Sərgi Yarmarkasında elmin və təhsilin inkişafında əhəmiyyətinə görə Təşkilat Komitəsinin “Qızıl medal” mükafatına, “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” kitabı isə 38-ci Beynəlxalq Paris Luvr kitab sərgisinin qızıl medalına və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq Moskva Təhsil sərgisinin diplomuna layiq görülüb...
Gələcəkdə də muxtar respublikanın təbii ehtiyatlarından hərtərəfli istifadə etmək istiqamətində bizlər qarşısında qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səy və bacarığımızı əsirgəməyəcəyik.
Türkanə BƏYLƏRLİ
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsinin əməkdaşı