23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycana ilk dəfə gələn Duri Roner və Lie Roner gözəl Vətənimizin bir çox rayon və kəndlərini gəziblər. Onlar iki gündür ki, yollarını Azərbaycanın ən qədim diyarı olan Naxçıvana salıblar. “Qafqaz Turizm” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə yurdumuza gələn qonaqların üzlərindəki ifadədən burada olmaqlarından məmnunluq duyduqları görünürdü. Bu da bizə qürur hissi yaşadır. Dünyada  gözəlliklər və brendlər ölkəsi kimi tanınan İsveçrə vətəndaşlarının qədim yurdumuzu, Qafqazın bu kiçik məmləkətini öz yaşadıqları yerə bənzətmələri isə daha da qürurvericidir. Duri Roner özəl şirkət sahibidir və o, həyat yoldaşı ilə bərabər bir çox ölkələrdə olub. Onunla söhbətimizin maraqlı məqamlarını oxucularımıza təqdim edirik.

– Bəzən xəritədə dünya dövlətlərinə baxır, onlar haqqında məlumatlar toplayır, sonra həmin ölkələrə səfər edirəm. Burada olduğum üçün çox məmnunam. Dünya tufanında Naxçıvan dağlarının Nuhun gəmisini tutub saxladığı haqqında əfsanəni, Əlincə qalasında dünyanı fəth edən bir sərkərdənin saysız-hesabsız ordusuna 14 il döyüşüb təslim olmayan bir xalq haqqında tarixi həqiqətləri dinlədikcə insan özünü sehirli bir dünyaya səyahətdə kimi hiss edir. Ecazkar təbiəti, əzəmətli dağları, yamyaşıl zəmiləri, bağçalı-bağlı həyətləri, bumbuz çeşmələri, möhtəşəm abidələri olan Naxçıvan kəşf edilməmiş cənnətdir, – deyərdim.

Səhərlər əzəmətli Haçadağın başı üzərindən nur saçan, axşamlar zirvəsi qarlı dağların ətəyində qürub edən Günəşi seyr etdikcə insanın qəlbində bu diyara qarşı sönməz bir sevgi oyanır. Təmizlik, sabitlik isə dünyanın bir çox dövlətlərinə nümunə ola bilər. Elə ilk baxışda hiss olunur ki, insanlarınızın qəlbində Vətən, təbiət, torpaq, yurd sevgisi var. Muxtar respublikanızın rayonlarından Ordubadı, Culfanı da gəzmək imkanımız oldu. Əlincə qalası – bu abidə bir xalqın qəhrəmanlığını, vətən­sevərliyini əks etdirən bir yerdir. Tarixboyu hər bir xalq öz keçmişi ilə öyünüb və gələcək nəsillərə örnək olub. Dünyada elə xalqlar var ki, onların belə tarixi keçmişi yoxdur. Amma siz azərbaycanlıların necə qəhrəman bir xalq olması tarixi həqiqətdir. Buna şahidlik edən Əlincə kimi bir qəhrəmanlıq dastanı yazılan tarixi qalanı bu cür qoruyub bərpa etməniz də həmin ənənənin davamçıları olduğunuza əyani sübutdur. Əlincə qalası özündə bir tarix yaşadır, elə bir tarix ki, siz naxçıvanlılar yüz illər sonra da bu adı çəkəndə qürur hissi keçirəcəksiniz. Bu, hər bir xalqa mənsub olmayan xoşbəxtlikdir.
Culfada olarkən Darıdağı da görmək imkanımız oldu. Dünyanın bir çox yerində – Polşada Kudova, Almaniyada Dürkgeym, Rusiyada Sineqorsk kimi müalicə yerləri var. Lakin bu suyun tərkibindəki mineral duzların miqdarını öyrənəndə gördüm ki, Darıdağ suyu onlardan daha üstündür. İnsan orqanizmində elə bir toxuma, üzv və sistem yoxdur ki, bu su ona müalicəvi təsir göstərməklə onun fəaliyyətinin bərpasına səbəb olmasın.
Ordubad qədim, gözəl, zəngin şəhərdir. Elə də böyük deyil, amma o qədər xoş təsir bağışlayır ki, insan günlərlə bu şəhərdə qalmaq istəyir. Tarixilik, qonaqpərvərlik, zəngin mətbəx, nə desən, var burada. Qədim məhəllələri gəzib, Qeysəriyyə ilə tanış olduq. Muzey bələdçisi bizə məlumatı ingilis dilində verdi. Bu hala az-az rast gəlirik. Bəzən muzeylər nə qədər zəngin olsa da, bələdçilərin dil bilməmələri bu zənginliyi sönükləşdirir.
Duzdağ Fizioterapiya Mərkəzinə ilk ayaq basdığım andan ciyərlərimdə açılma, nəfəsimdə rahatlıq hiss etdim. Bu, məni inanılmaz dərəcədə çox sevindirdi. Burada ağır xəstəlikdən əziyyət çəkən bir çox insan şəfa tapır. Tanrı sizin torpağınıza lütf edib.
Lie Roner söhbətimizə qoşulur:
– Naxçıvan şəhərinin bir çox görməli yerlərini də gəzmək fürsətimiz oldu. Qədim torpağın hansı səmtinə yolumuz düşdüsə, orada tarixi-mədəni abidələrlə, füsunkar təbiət mənzərələri ilə qarşılaşdıq. Ulu Tanrı səxavətini bu torpaqdan əsirgəməyib, buranı cənnətməkana çevirib. Naxçıvanın təbiəti insanı xəyallar aləminə qərq edir, füsunkar gözəlliklərə heyran qalmaya bilmirsən. Xalqın keçmişinə işıq salan tarixi abidələr, mənəvi irsinizin qorunduğu mədəniyyət ocaqları, insana daxili rahatlıq bəxş edən təbiət guşələri, milli memarlıq elementlərinin bərq vurduğu müasir binalar, səliqə-sahmanı ilə gözoxşayan abad, geniş küçələr məni valeh etdi. İnanmazdım ki, uzun illər blokadada olan kiçik bir diyar bu qədər inkişaf etmiş olsun. Buraya yola düşəndə çox adam getməyin, oranın iqlimi çox sərtdir. Yay fəslində isti olur, temperatur 40 dərəcəni keçir, – dedilər. Amma gəlib insanlarınızla tanış olanda yəqin etdim ki, Günəşin yox, naxçıvanlıların ürəyinin hərarətidir havanı belə isidən. Bu cür səmimi insanlara çox yerdə rast gəlmək mümkün deyil. Sizə adi bir misal çəkim. Dünyanın bir çox dövlətlərinə səyahət etmişəm, amma heç bir yerdə bu cür qonaqpərvərlik görməmişəm. Həmin ölkələrdə turistlər xoş, səmimi qarşılanır, sözsüz ki, bu, maddi qarşılıq üçün edilir. Burada isə yediyimiz yeməyin pulunu ödəmək istəyəndə qonağımız olun, – deyirlər. Fərqiniz bax, budur. Sizdə turistlərə qazanc mənbəyi kimi yox, evin əziz qonağı kimi baxırlar. Bu da öz yaşadığı yeri ürəkdən sevən insanlara xas olan xüsusiyyətdir. Bu arada, mətbəxiniz çox zəngindir. Səhər yeməyi, nahar, şam yeməyi – hər üçü də ləzizdir. Pendirinizin dadına söz ola bilməz. Bakıda olanda Naxçıvanda mütləq pendirin dadına ­baxın, – demişdilər. Dadı damağımda qaldı pendirinizin. Kabablarınız da çox ləzzətlidir. Restoran sahibi deyir ki, Naxçıvan torpağının tərkibində minerallar çox olduğu üçün buranın heyvanlarının əti də, südü, qaymağı, pendiri də dadlı olur. Xidmət də mükəmməldir. Çox məmnun oldum. Burada olmaq, belə gözəl, səmimi insanların məmləkətini görmək mənim üçün çox xoş oldu. Naxçıvana yenə səfər etməyi düşünürəm. Çünki insanın ruhunu dincəldir.
Yaşadığı torpağın hər qarışına, elinə-obasına tərif deyilməsi, yurdunun bu qədər inkişaf etməsi, gözəlliklər məkanına çevrilməsi hər bir naxçıvanlı üçün ən böyük xoşbəxtlikdir. Bu gün biz bu xoşbəxtliyi yaşayanlardanıq. Bu gözəl sözləri dünyanın tanınmış ölkəsinin vətəndaşlarının ­dilindən eşitmək isə daha da gözəldir.

Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR