Baytarlıq xidməti müasir dövrdə ən vacib sahələrdən biridir. Bu zərurilik həm də onunla izah olunur ki, səhiyyə insanları, baytarlıq isə bütün bəşəriyyəti müalicə edir. Məhz buna görə də muxtar respublikamızda baytarlıq xidmətinin yüksək səviyyədə təşkili üçün mühüm tədbirlər həyata keçirilir, əhalinin sağlam və etibarlı ərzaq təhlükəsizliyində böyük rol oynayan bu xidmətin imkanlarından geniş istifadə edilir.
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu istiqamətdə həyata keçirilən tədbirlərə toxunaraq mühüm tapşırıqlar vermişdir: “Dövlət Baytarlıq Xidməti heyvandarlıqda epizootik vəziyyəti nəzarətdə saxlamalı, peyvəndləmə tədbirləri vaxtında aparılmalı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasını və süni mayalandırma tədbirlərini diqqətdə saxlamalı, kənd təsərrüfatı aptekləri tələbata uyğun dərman preparatları ilə təmin edilməlidir”.
Bəs hazırda bu tapşırıqların icrası istiqamətində hansı işlər görülür? Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşı Şəmsəddin Nağıyev bizimlə söhbətində bildirdi ki, dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, eyni zamanda bu sahənin daim diqqət mərkəzində saxlanılması nəticəsində bu gün muxtar respublikamızda epizootik sabitlik təmin olunub. 2019-cu il üçün təsdiq olunmuş epizootik tədbirlər planının icrası tərəfimizdən diqqətdə saxlanılıb, kənd təsərrüfatı heyvanlarının sağlamlığının təmin olunması məqsədilə bir sıra işlər görülüb. Belə ki, cari ilin ilk yeddi ayı ərzində xroniki xəstəlik olan bruselyoza qarşı həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanlardan diaqnostik məqsədlə 100 min 98 ədəddən yuxarı qan nümunələri götürülərək yoxlanılıb və xəstəlik aşkarlanmayıb. Eyni zamanda 254 min 256 baş xırdabuynuzlu heyvanda bruselyoz xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb, vərəm xəstəliyinə görə isə 15 min 790 baş iribuynuzlu heyvanda diaqnostik sınaq tədbirləri aparılıb və xəstə heyvan aşkarlanmayıb. Bununla yanaşı, epizootik tədirlər planına əsasən xüsusi təhlükəli xəstəliklərdən olan dabaq, qarayara, nyukasl, quduzluq və sair kimi xəstəliklərə qarşı peyvəndləmə işləri görülüb və hazırda da bu tədbirlər plan əsasında davam etdirilir. Baytarlıq – sanitariya işlərinin əsasını təşkil edən profilaktik dezinfeksiya tədbirləri də mütəmadi olaraq davam etdirilir. İti yoluxucu xəstəliklərə qarşı cari ilin ilk yeddi ayı ərzində sərhədboyu ərazilərdə, yaylaqlarda və heyvan saxlanılan binalar da daxil olmaqla, 1906 obyektdə 338 min 253 kvadratmetr sahədə dezinfeksiya işləri keyfiyyətlə yerinə yetirilib.
Muxtar respublikada baytarlıq xidmətinin səviyyəsinin yüksəldilməsində müxtəlif xəstəliklərin müayinəsi və laboratoriya analizlərinin aparılması üçün lazımi şəraitin yaradıldığını vurğulayan müsahibimiz qeyd etdi ki, bu il baytarlıq laboratoriyalarında 5 növ helmint xəstəliklərinə qarşı müayinələr aparılıb, sahibkarlara lazımi tövsiyələr verilib. Həmçinin əhalini sağlam heyvandarlıq məhsulları ilə təmin etmək məqsədilə baytar-sanitar ekspert laboratoriyalarında 9 mindən yuxarı heyvan və heyvan mənşəli nümunələr götürülərək infeksion xəstəliklərə görə bakterioloji müayinələrdən keçirilib. Bunu da əlavə edək ki, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq bu sahədə məhsuldarlığın yüksəldilməsi üçün Dövlət Baytarlıq Xidməti tərəfindən davamlı tədbirlər görülüb. Belə ki, arı ailələrində xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə profilaktik olaraq 6700-dən yuxarı arı nümunələri götürülərək baytarlıq laboratoriyalarında yoxlanılıb və təyinatı üzrə tədbirlər reallaşdırılıb. Bununla yanaşı, mütəmadi olaraq sahibkarlar arasında maarifləndirmə işləri də aparılır.
Səyyar baytarlıq xidmətinin təşkili və bu istiqamətdə görülən işlər haqqında isə xidmətin əməkdaşı bunları dedi:
– Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və onun strukturları tərəfindən mütəmadi olaraq baytar həkimlərindən ibarət briqada ilə birlikdə heyvanların və arı ailələrinin epizootik durumunun araşdırılması və sahibkarlara lazımi köməklik göstərilməsi məqsədilə səyyar baytarlıq xidməti təşkil edilib. Yaylaq şəraitində təşkil edilən səyyar baytarlıq xidməti lazımi baytarlıq preparatları, müalicəvi dərman və dezinfeksiya vasitələri ilə təmin olunublar. Bu ilin ötən dövründə Dövlət Baytarlıq Xidmətinin əməkdaşlarından ibarət həkim briqadası Qanlı göl, Taxca yurd, Qıvraq, Xok, Qarabağlar, Dəmirçi, Əyri qar, Xanlıqlar, Dəmirli, Saqqarsu, Göygöl, Əyriçay və Genyurd yaylaqlarında sahibkarlarla görüşlər keçirib. Baytar həkim briqadaları tərəfindən yaylaqlarda heyvanlar arasında peyvəndləmə işləri və heyvanların yataq yerlərində dezinfeksiya tədbirləri də aparılıb. Sahibkarlarla maarifləndirici söhbətlər zamanı onlara otlaqlardan səmərəli istifadə edilməsi və xəstəliklərə qarşı mübarizə tədbiri kimi növbəli otarma sisteminin tətbiqi ilə bağlı tövsiyələr verilib. Çünki növbəli otarma məhsuldarlığın 25-30 faiz artmasına səbəb olur.
Məhsuldarlıqdan söz düşmüşkən, bu gün heyvandarlığın inkişaf etdirilməsi, yerli, az məhsuldar cinslərin yüksək məhsuldar cinslərlə əvəz edilməsi üçün süni mayalandırma tədbirlərinin aparılması vacib şərtlərdən biridir. Bu mövzuya toxunan Şəmsəddin Nağıyev məlumat verdi ki, belə tədbirlərin həyata keçirilməsi üçün şəhər və rayonlarımızda 23 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Cari ilin ilk yeddi ayı ərzində 7805 inək və düyələrdə süni mayalanma işləri aparılmış, 5587 baş cins buzov (keçən ildən mayalanmış) doğulmuşdur. Müsahibimizin sözlərinə görə, bu gün xidmət tərəfindən istər peyvəndləmə, istər süni mayalanma tədbirləri, istərsə də ümumi epizootik vəziyyətin nəzarətdə saxlanılması diqqət mərkəzindədir. Görülən işlərin nəticəsidir ki, hər il muxtar respublikada kənd təsərrüfatı heyvanlarının baş sayında, eləcə də heyvandarlıq məhsullarının həcmində artım müşahidə olunur. Bu isə, öz növbəsində, muxtar respublika iqtisadiyyatına töhfəsini verir.
Bəli, muxtar respublikamız aqrar region olduğundan baytarlıq xidmətinin yüksək səviyyədə təşkili bu gün qarşıda duran ən böyük vəzifələrdən biridir. Çünki muxtar respublikamızın iqtisadi inkişafında kənd təsərrüfatı böyük paya malikdir. Bu isə istehsal olunan kənd təsərrüfatı məhsullarının daha keyfiyyətli, təhlükəsiz olmasını zəruri edir. Ümid edirik ki, həyata keçirilən tədbirlər gələcəkdə də muxtar respublikamızın ekoloji cəhətdən təmiz və sağlam heyvandarlıq məhsullarının istehsalına öz töhfəsini verəcək.
Səbuhi HƏSƏNOV