23 Dekabr 2024, Bazar ertəsi

Onlar yenə də xidmətdədirlər...


Məlum olduğu kimi, ötən ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində Veteranlar Şurasının yenidən təşkilatlanması ilə əlaqədar ümumi yığıncaq keçirilib. Şuraya 1985-ci ildən 2019-cu ilin yanvar ayınadək daxili işlər orqanlarında qüsursuz xidmət etmiş istefada olan polis polkovniki Yusif Həsənov sədr seçilib. Ötən müddət ərzində adıçəkilən şura öz işini necə qurub? Bu və ya bu kimi suallara cavab tapmaq üçün onunla həmsöbhət olduq.

– Yusif müəllim, şuranın yaradılmasında başlıca amillər barədə məlumat verməyinizi xahiş edirik.
– Ulu öndər Heydər Əliyev ­deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur”. Görkəmli dövlət xadiminin bu qənaətində böyük həqiqət var. Ona görə də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi sistemində Veteranlar Şurası yaradılması qərarına gəlindi. Əvvəlcə muxtar respublika daxili işlər orqanlarında xidmət edib təqaüdə buraxılan sabiq polis əməkdaşları haqqında məlumatlar əldə olundu. Həmin məlumatlar əsasında nazirlikdə Veteranlar Şurasının elektron bazası yaradıldı. Rayonların hamısında təqaüddə olan polis əməkdaşları ilə də görüşlər keçirildi, onların qarşılıqlı birgə fəaliyyətə cəlb olunması istiqamətində söhbətlər aparıldı.
2018-ci ilin oktyabr ayında keçirilən veteranların ilk ümumi yığıncağından və nazirliyin Veteranlar Şurasının yaradılmasından sonra ərazi polis orqanlarında yığıncaqlar keçirilərək bu qurumlarda da Veteranlar şuraları yaradılıb. Şuralar ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş və “Veteranlar haqqında” Qanunla təsbit edilmiş prinsipləri rəhbər tutaraq öz işini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun veteranların qarşılıqlı birgə fəaliyyəti ilə bağlı verdiyi tapşırıq və tövsiyələri əsasında qurub.
Birgə fəaliyyətdə işin təşkili zamanı kəmiyyət və keyfiyyət göstəricilərinə xüsusi diqqət verilməsi Veteranlar Şurasının və ərazi polis orqanlarının qarşısına bir vəzifə kimi qoyulub.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 2018-ci il 30 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının fəaliyyətinin təşkilinə dair Əsasnamə”yə uyğun olaraq daxili işlər orqanlarının qarşısında duran vəzifələrin icrası zamanı veteranların təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirilib. Onların ictimai təhlükəsizliyinin təmin edilməsinə, cinayətlərin profilaktikası və açılmasına, cinayətkarların axtarış tədbirlərinin planlaşdırılmasına, şəxsi heyətin təlim­-tərbiyəsinə, həmçinın əhali arasında hüquqi maarifləndirmə tədbirlərinə və digər işlərə cəlb edilməsinə önəm verilib.
– 2019-cu il üçün şura tərəfindən fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirən tədbirlər planı hazırlanaraq icraya yönəldilib. Həyata keçirilən tədbirlər hansı sahələri əhatə edir?
– Qeyd etmək istərdim ki, şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasında, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasında, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşdırılmasında, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsinin vacibliyinin izah olunmasında və digər bu kimi tədbirlərin həyata keçirilməsində veteranların yaxından iştirakı təmin olunur.
– Təşkilatlanmadan bu günə qədər polis veteranları daxili işlər orqanlarına hansı lazımi köməklikləri göstərirlər?
– Təqaüddə olan sabiq polis əməkdaşları əhalidə qanunsuz saxlanılan silahların yığılması istiqamətində həyata keçirilən tədbirlərə fəal cəlb olunub. Onların iştirakı ilə 2 avtomat silah, 1 PM markalı, 1 TT markalı tapança, 1 TOZ-8 markalı silah, 9 ov silahı və 1300-ə yaxın müxtəlif çaplı patron könüllü olaraq polis orqanlarına təhvil ­verilib.
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində də əməkdaşlara köməklik edən veteranlarımız bu istiqamətdə maarifləndirici­-profilaktik tədbirlərin həyata keçirilməsində və inzibati xətaların aşkar edilməsində yaxından iştirak ediblər. Muxtar respublikada təqsirləndirilən şəxslərin axtarışı istiqamətində həyata keçirilən tədbirlərə köməklik çərçivəsində Kəngərli Rayon Polis Şöbəsi üzrə 1 nəfər axtarışda olan şəxsin yeri müəyyən edilib, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis veteranlarından əməliyyat marağı kəsb edən məlumatlar daxil olub.
Elektrik enerjisindən və təbii qazdan qanunsuz istifadənin qarşısının alınması istiqamətində də polis veteranlarımızın fəaliyyəti olub və Culfa Rayon Polis Şöbəsi üzrə elektrik enerjisindən 1 qanunsuz istifadə faktı aşkarlanıb.
– Bildiyimizə görə, gənc kadrlarla işin təşkilində də veteranların köməyindən geniş istifadə olunur...
– Doğrudur, bu sahədə veteranlarımızın təcrübəsindən istifadəyə böyük önəm verilir. Hesabat dövründə polis veteranları daxili işlər orqanlarına yeni xidmətə qəbul olunmuş gənc əməkdaşlarla hamilik işinin təşkili və peşə vərdişinin aşılanmasında, xidmətə qəbula namizədlərin öyrənilməsində yaxından iştirak ediblər.
Bir neçə münaqişəli ailənin probleminin həllində polis veteranlarının ictimaiyyətdə olan nüfuzundan geniş istifadə edilib, həmin ailələrlə görüşlər keçirilib.
Himayəsində azyaşlı övladı olan, üzərinə fərdi profilaktik iş açılmış valideynlər və barəsində profilaktik­-yığım işi açılmış həbsdən gəlmiş şəxslərlə aparılan profilaktik tədbirlərdə veteranlarımız da köməkliklərini göstəriblər.
Veteranlar bir neçə dəfə azyaşlıların əməyindən istifadə olunması hallarının aşkarlanması məqsədilə təşkil olunan reyd yoxlamalarında da iştirak edib, polis sahə inspektorları ilə birlikdə fərdi ailə təsərrüfatlarının yaradılması və əhəmiyyəti mövzusunda aparılan maarifləndirmə tədbirlərində tövsiyələrini veriblər.
Muxtar respublika haqqında sosial şəbəkələrdə yayılan, həqiqətə uyğun olmayan qərəzli məlumatların təkzib edilməsində də polis veteranlarının gücündən səmərəli istifadə olunması üçün müvafiq tədbirlər həyata keçirilir.
Bakı şəhərində yaşayan polis veteranları ilə əlaqə yaradılması istiqamətində tədbirlər davam etdirilir, Daxili İşlər nazirinin verdiyi tapşırıq və tövsiyələr onlara çatdırılır.
Veteran polis əməkdaşlarımız, həmçinin dövlət əhəmiyyətli aktual tədbirlərin keçirilməsində yaxından iştirak edirlər. Təhsil müəssisələrində “Mənim polisim məni qoruyur” mövzusunda 58 tədbir keçirilib. Polis veteranlarımız daxili işlər orqanlarının ictimai işlərinin təşkilində və ictimai qurumların fəaliyyətində də yaxından iştirak edirlər. Hesabat dövründə bu istiqamətdə ardıcıl iş aparılıb və təqaüddə olan polis əməkdaşları İctimai şuralara üzv seçiliblər.
– Yəqin ki, şuranın fəaliyyətində hələ həllini tapmamış məsələlər də yox deyil...
– Təbii ki, ötən müddət ərzində uğurlarımız olsa da, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində müəyyən çatışmazlıqlar da mövcud olub. Fəaliyyətin geniş təhlili göstərir ki, qarşıya qoyulan bəzi vəzifələrin yerinə yetirilməsində, xüsusilə də fərdi ailə təsərrüfatlarının əhəmiyyətinin təbliğində, daxili işlər orqanlarında xidmətə namizədlərin öyrənilməsi sahəsində işlərin heç də hamısı intensiv səviyyədə qurulmayıb.
Çatışmazlıqların əsas səbəbi isə yenidən təşkilatlanmadan az müddət keçməsi ilə əlaqədar olaraq veteranlarla işin təşkili prosesində müəyyən praktikanın olmaması üzündən təcrübəsizliyə yol verilməsidir. Mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə yaxın gələcəkdə lazımi tədbirlər ­görüləcək.
– Polis veteranlarının əməyinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında da məlumat verməyinizi xahiş edirəm.
– Hesabat dövründə qarşılıqlı birgə fəaliyyətin əhəmiyyətini qiymətləndirən, daxili işlər orqanlarına yaxından köməklik edən polis veteranlarının mənəvi-psixoloji durumlarının yüksəldilməsi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülüb.
İctimai asayişin mühafizəsi, cinayətkarlığın profilaktikası, cinayət hadisələrinin qarşısının alınması və açılmasında yaxından köməklikləri, habelə gənc nəslin təlim-tərbiyəsində, milli ruhda formalaşmasında fəal iştirakları da nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin təqdimatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə 10 polis veteranı “Azərbaycan Polisinin 100 illiyi” yubiley medalı ilə mükafatlandırılıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin əmri ilə 1 polis veteranı nazirliyin Fəxri Fərmanı ilə təltif edilib, 9 polis veteranına isə təşəkkür elan olunub.
Polis veteranlarının sağlamlıqlarının mühafizə və bərpası da diqqətdə saxlanılıb, müalicəyə ehtiyacı olanların müxtəlif xəstəxanalarda müalicələri üçün lazımi şərait yaradılıb, onlardan bəzilərinə maddi köməkliklər də göstərilib.
Bu tədbirlərlə yanaşı, daxili işlər orqanlarına xidmətə qəbul prosesində polis veteranlarının övladlarına üstünlük verilərək 3 gənc əməkdaş kimi xidmətə, 1 nəfər isə mülki işə qəbul olunub.
Ali Məclisin Sədri cənab Vasif Talıbovun polis veteranlarına böyük qayğısının daha bir təzahürü isə Kəngərli Rayon Polis Şöbəsindən təqaüdə buraxılmış sabiq polis əməkdaşına rayonun Qıvraq qəsəbəsində 3 otaqlı mənzilin verilməsidir. Polis veteranlarının fəaliyyətlərinin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi bizi üzərimizə qoyulan vəzifələri layiqincə yerinə yetirməyə daha da ruhlandırır.
Çalışacağıq ki, hərtərəfli inkişaf etməkdə olan doğma diyarımızda sabitliyin, asayişin daim bərqərar olmasında biz də öz bacarıq və təcrübəmizlə fəal iştirak edək.
– Müsahibə üçün sağ olun!

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR