Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası iyul ayında da diqqətdə saxlanılmış, müxtəlif tədbir və müsabiqələr təşkil olunmuşdur.
Ötən ay aztəminatlı ailədən olan 5 qadının peşə kurslarına cəlb olunması, məşğulluq probleminin aradan qaldırılması ilə bağlı müraciət etmiş 5 qadının isə işlə təmin olunması üçün məlumatları aidiyyəti orqanlara göndərilmişdir.
Culfa rayonunun Yaycı kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri mövzusunda tədbir keçirilmiş, maarifləndirici broşürlər paylanılmışdır. Şərur rayonunun Diyadin kəndində yaşayan aztəminatlı Hüseynovlar ailəsinə, Culfa rayonunda yaşayan, valideyn himayəsindən məhrum 5 uşağa baş çəkilmiş, onların məişət şəraitləri, sağlamlıqları, təhsili ilə maraqlanılmış, ehtiyaclarına uyğun köməklik göstərilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər görülmüş, 3 uşaq məktəbəqədər təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə cəlb olunmuşdur.
Hesabat ayında “Mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda tədbir keçirilmiş, “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda IV muxtar respublika yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının proqram təminatında təkmilləşmələr aparılmış, bununla bağlı tədbir keçirilmiş, yeni proqram istifadəçilərə təqdim olunmuşdur.
Ağbulaq İstirahət Mərkəzində aztəminatlı ailələrdən olan, qaçqın və məcburi köçkün, şəhid ailələrinin uşaqları, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 45 uşağın iştirakı ilə “Yay məktəbi” təşkil olunmuş, bu kateqoriyadan olan uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Naxçıvan Dövlət Kukla Teatrında tamaşa, Naxçıvan Dövlət Film Fondunda isə filmlər göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin
mətbuat xidməti