Naxçıvan şəhərindəki “Saat Meydanı” turistik istirahət mərkəzi, demək olar ki, hər gün naxçıvanlılara və şəhərimizə gələn qonaqlara yüksək zövq verən bir ünvana çevrilib.
Onu da qeyd edək ki, isti yay günlərində əhalinin istirahətinin daha səmərəli təşkili məqsədilə hər həftənin şənbə və bazar günləri şəhərimizin belə ünvanlarında musiqi kollektivlərinin və tanınmış sənətçilərin konsertləri təşkil edilir. Naxçıvanda Bakı şəhərindən dəvət olunan incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən konsertlər artıq ənənə halını alıb. Növbəti konsert isə “Saat Meydanı” turistik istirahət mərkəzində ötən bazar günü təşkil olunub.
Konsert Azərbaycan Respublikasının Xalq artisti, tanınmış müğənni Aygün Kazımovanın iştirakı ilə baş tutub. Xalq artistinin ifasında lirik və şən mahnılar səslənib. Solistin ifaları alqışlarla qarşılanıb. İki saatdan artıq davam edən konsert Naxçıvan şəhər sakinlərinə və qonaqlara xoş ovqat bəxş edib.