“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında keçirilən andiçmə mərasimində isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəis müavini, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyev Sərhəd Diviziyasının maddi-texniki bazasının xeyli möhkəmləndirilməsindən, sərhəd zastavalarının müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunmasından, yeni sərhəd infrastrukturu yaradılmasından danışıb, hərbi andı qəbul edən gənc əsgərləri təbrik edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra gənc əsgərlər Vətəni ləyaqətlə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.
Sonra valideynlər adından Hüseynov Şəmil çıxış edərək, hərbi xidmətin Vətən qarşısında müqəddəs borc olduğunu qeyd edib və əsgərlərə nümunəvi xidmət arzulayıb. Əsgərlər adından çıxış edən Təhməzov Sabit isə onlara göstərilən diqqət və qayğını layiqincə doğruldacaqlarına, Vətənimizə şərəflə xidmət edəcəklərinə söz verib.
Andiçmə mərasimləri şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.
Xəbərlər şöbəsi