23 Dekabr 2024, Bazar ertəsi

Və ya fəal yaradıcı gücə malik olan inkişafın Heydər Əliyev modeli Naxçıvan nümunəsində

Bu gün ölkəmizin, o cümlədən muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında əldə edilən böyük nailiyyətlərin əsasında fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Ulu öndərimizin müəyyənləşdirdiyi inkişaf strategiyasının reallaşdırılması sayəsində 20 ildən artıqdır ki, Naxçıvan Muxtar Respublikasının tərəqqisi ilə fəxr edir, qürurlanırıq. Bütün bunlar həm də nümunəvi vətənpərvərliyin, dövlətçiliyə dərin sədaqətin, sabitliyin, sosial-iqtisadi yüksəlişin təmin edilməsinin, ən əsası isə rəhbər qayğısının nəticəsidir.

Muxtar respublikada bütün sahələr üzrə innovativ yeniliklərin tətbiq olunması, məqsədyönlü islahatların, mühüm infrastruktur layihələrinin, daha parlaq gələcəyə hesablanmış dövlət proqramlarının reallaşdırılması qədimliyi, mədəni zənginliyi, strateji əhəmiyyəti ilə seçilən diyarımızı cazibə mərkəzinə çevirib. Buna görə də Azərbaycanın tərəfdaşı olan ölkələr muxtar respublikamızla iqtisadi-ticarət, mədəni və humanitar əlaqələrini daha da genişləndirməyə böyük maraq göstərirlər.

İyulun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşü zamanı bu məsələlər xüsusilə qeyd olunub.
Ali Məclisin Sədri blokada şəraitində yaşamasına baxmayaraq, Azərbaycanın Naxçıvan Muxtar Respublikasında tələbatın yerli istehsal hesabına ödənildiyini və ərzaq təhlükəsizliyinin təmin olunduğunu diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikası ilə Ukrayna arasında iqtisadi-ticarət əlaqələrinin həcminin artan dinamika ilə davam etdiyini bildirən Ali Məclisin Sədri ali və ümumtəhsil məktəbləri arasındakı qarşılıqlı əməkdaşlıqdan danışıb, əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Bu gün Heydər Əliyev siyasi xəttinə sədaqət Sədərək rayonunda da davamlı inkişafı təmin edib, Heydərabad qəsəbəsində və kənd­lərdə quruculuq işlərinin miqyası genişlənib, məskunlaşma artıb. Ötən əsrin 90-cı illərində işğalçı ölkənin Sədərəyə hücumu zamanı dağılan evlər yenidən qurulub, gözəl binalar tikilib. Muxtar respublikada əhalinin rahat yaşayışı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan kompleks işlərin tərkib hissəsi olaraq Heydərabad qəsəbəsində 7 mərtəbədən ibarət 48 mənzilli yeni yaşayış binası inşa edilib. Bu, muxtar respublikamızın inkişafının, dövlətin vətəndaşlara qayğısının, ən əsası isə dövlət-xalq birliyinin göstəricisi, düşmənə gözdağı, hər bir naxçıvanlı üçün isə sevincdir.
İyulun 2-də – ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyi ərəfəsində yeni yaşayış binası istifadəyə verilib.
Açılış tədbirində iştirak edən Ali Məclisin Sədri çıxışında dövlətimiz və cəmiyyətimiz üçün əhəmiyyətli bir məsələyə toxunaraq qeyd edib ki, yeni yaşayış binasının ilk sakin­ləri dövlət qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş vətəndaşlardır. Həmin şəxslərin mənzillərlə təmin olunması həm də dövlətin bu kateqoriyadan olan insanlara qayğısının təzahürü, eyni zamanda digər vətəndaşlar üçün də nümunədir.
Həmin gün Sədərək rayonunda 1 şəhid ailəsinə, sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillərin təqdim olunması göstərilən dövlət qayğısının daha bir ifadəsidir.
Ali Məclisin Sədri mənzillə təmin olunanları təbrik edib, onlara rahat və firavan həyat arzulayıb, mənzillərin orderlərini təqdim edib.
İyulun 2-də Ali Məclisin Sədri həmin binada dövlət qurumları və xidmət mərkəzi üçün yaradılan şəraitlə də tanış olub.
Muxtar respublikada ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, bu sahədə dövlət pro­qramları uğurla icra olunur, əhalinin sağlam ekoloji mühitdə yaşamasına xüsusi diqqət yetirilir. Görülən tədbirlərin davamı olaraq Sədərək rayonunun Heydərabad qəsəbəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Sədərək Rayon Su Monitorinq Laboratoriyası yaradılıb, müasir avadanlıqlarla təchiz edilmiş yeni inzibati bina tikilib. İyulun 2-də həmin laboratoriya istifadəyə verilib. Ali Məclisin Sədri açılış tədbirində iştirak edib, Sədərək rayonunda ölkə əhəmiyyətli sahənin – Su Monitorinq Laboratoriyasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib.
Ali Məclisin Sədri laboratoriyada monitorinqlərin vaxtında və düzgün aparılacağına əminliyini bildirib, mütəxəssis hazırlığının diqqətdə saxlanılması, Səhiyyə Nazirliyi ilə qarşılıqlı fəaliyyət göstərilməsi, ayda bir dəfə monitorinq nəticələri barədə məlumatların hazırlanması və mətbuata təqdim olunması barədə tapşırıqlar verib.
Laboratoriyanın fəaliyyətə başlaması, həqiqətən də, ölkəmiz və diyarımız üçün mühüm bir hadisədir. Tədbirdə çıxış edən Ali Məclis Sədrinin də qeyd etdiyi kimi, qanunların işləmədiyi işğalçı ölkədə istismar müddəti başa çatmış Atom Elektrik Stansiyasının fəaliyyət göstərməsi bölgə üçün risk yaradır. Çünki muxtar respublika işğalçı ölkə ilə sərhəddə yerləşir. Müasir laboratoriyanın qurulması sərhədlərimiz daxilində tədbirləri vaxtında görməyə və qərar qəbul etməyə imkan verəcəkdir. Su monitorinqləri zamanı işğalçı ölkədən keçməklə muxtar respublika ərazisində axan çaylarda çirklənmə qeydə alındıqda beynəlxalq təşkilatlar dərhal məlumatlandırılacaqdır. Yəni laboratoriyanın Ermənistanla sərhəd yaşayış məntəqəsində yerləşməsi ortaya çıxacaq problemlərə vaxtında müdaxilə etməyə imkan verəcəkdir. Bura həm də dünyada yerləşən su monitorinqi laboratoriyalarının xəritəsinə daxil edilib. Bu isə düşmən tərəfdən hər hansı ekoloji çirklənmə zamanı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında böyük əhəmiyyət kəsb edir.
Muxtar respublikamızda gömrük infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək Gömrük İdarəsi üçün yeni kompleks inşa olunur.
İyulun 2-də Ali Məclisin Sədri kompleksin inşası ilə maraqlanıb, yeni tikilinin gömrük xidmətinin tələblərinə uyğun qurulması və işıqlandırılması, keyfiyyətə ciddi diqqət yetirilməsi, təcili tibbi yardım və yanğından mühafizə xidmətlərinin təşkil olunması barədə tapşırıqlar verib.
Muxtar respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, müasir infrastrukturun yaradılması əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. Həyata keçirilən səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri isə muxtar respublikada icbari tibbi sığortanın tətbiqidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərman və Sərəncamına uyğun olaraq 2017-ci il iyulun 1-dən Sədərək, 2019-cu il iyunun 1-dən isə Şərur rayonlarında icbari tibbi sığortanın tətbiqinə başlanıb. Bu istiqamətdə işlər Kəngərli rayonunda da davam etdirilib. Həyata keçirilən kompleks tədbirlər burada da icbari tibbi sığortanın tətbiqinə imkan verir. İyulun 5-də rayonda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib.
Ali Məclisin Sədri tədbirdə iştirak edib, icbari tibbi sığortanın tətbiqi sahəsində işlərin başa çatması münasibətilə kollektivi və sakinləri təbrik edib. Ali Məclisin Sədri deyib: “İcbari tibbi sığorta vacib sahədir. Çünki səhiyyə müəssisələrinə müraciət edən insanlar lazımi səviyyədə tibbi xidmət almadıqda xarici ölkələrə üz tuturlar. Bu da ölkəmizin imicinə mənfi təsir göstərir, eyni zamanda maliyyə vəsaitləri xaricə axır. Lakin icbari tibbi sığortanın tətbiqi insanların keyfiyyətli tibbi xidmətlə təmin olunmasına imkan verəcəkdir. Kəngərli rayonunda da icbari tibbi sığortanın tətbiqi üçün dövlətimiz tərəfindən vəsait ayrılmış, müasir tibbi avadanlıqlar alınaraq quraşdırılmışdır. Artıq muxtar respublikanın üç rayonunda icbari tibbi sığorta uğurla tətbiq olunacaqdır”.
İyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib.
Aidiyyəti üzrə məlumat verildikdən sonra Ali Məclisin Sədri avqustun 1-dən rayonda icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib, icbari tibbi sığortanın tətbiq olunacağı növbəti bölgəmizin Şahbuz rayonu olduğunu qeyd edib, bu istiqamətdə görüləcək işlərin ilin sonunadək başa çatdırılması ilə bağlı əlaqədar qurumlara tapşırıqlar verib.
Bu gün qloballaşan dünyada gedən sürətli dəyişikliklər şəraitində ayrı-ayrı dövlətlər və bütövlükdə bəşəriyyət münaqişələrin, terrorçuluğun, transmilli mütəşəkkil cinayətkarlığın artması, kütləvi miqrasiya, ətraf mühitin çirklənməsi, ərzaq, enerji problemləri və təhlükəsizliyi, separatçılıq, etnik, dini və siyasi ekstremizmin yayılması kimi faktorlarla üzləşir. Bu amillər hər bir dövlətin prioritetlərinin, təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsini, həmin risklərin qabaqlanması və aradan qaldırılması üzrə adekvat tədbirlərin həyata keçirilməsini zəruri edir. Bu mənada, xalqa və dövlətə sədaqətlə xidmət edən, milli maraqlarımızın və mənafelərimizin keşiyində layiqincə dayanan, muxtar respublikamızın təhlükəsizliyi əleyhinə yönəlmiş təhdidlərin qarşısının alınmasında əzmkarlıq nümayiş etdirən Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti sabitliyin, qanunçuluğun, hüquq qaydalarının etibarlı təminatçıları kimi çıxış edən əhəmiyyətli dövlət orqanlarıdır. Sovetlər Birliyi dövründə muxtar respublikanın təhlükəsizlik orqanları çətin şəraitdə fəaliyyət göstərsələr də, bu gün onların fəaliyyətinin təşkili və maddi-texniki bazalarının gücləndirilməsi qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir. Bütün bunların nəticəsidir ki, muxtar respublikada təhlükəsizlik təmin olunub.
Bu gün xüsusi xidmət orqanlarının uğurlu fəaliyyətinin daha da genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. İyulun 9-da Dövlət Təhlükəsizliyi Xidmətində “Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirədə də bu məsələlərin dövlətimizin daim diqqət mərkəzində olduğunu göstərir.
Müşavirədə iştirak edən Ali Məclisin Sədri Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə xarici dövlətlərin xüsusi xidmət orqanlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin dövlət müstəqilliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına, iqtisadi, elmi-texniki, müdafiə potensialına və digər milli maraqlara zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkarlanması, real və potensial təhdidlərin proqnozlaşdırılması, adekvat tədbirlər görülməsi, düşmən ölkənin sərhəddəki hərbi fəaliyyətinin nəzarətdə saxlanılması və bu kimi digər mühüm məsələlərlə bağlı müvafiq tapşırıqlar verib, bu vəzifələrin icrasında onlara uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri Dövlət Təhlükəsizliyi Xidmətinin kitabxanasında yaradılan şəraitlə maraqlanıb.
Böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin Vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinin 50 illiyi ötən ay ölkəmizdə, o cümlədən muxtar respublikamızda mühüm tarixi hadisə kimi müxtəlif tədbirlərlə qeyd olunub. Bu çərçivədə ölkəmizin 50 fəal gəncinin iştirakı ilə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı keçirilib.
İyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı çərçivəsində muxtar respublikaya səfər edən gənclərlə görüşüb.
Ali Məclisin Sədri gəncləri salamlayıb, səfərin təşkilatçılarına təşəkkürünü bildirərək deyib: “Tarixdə elə şəxsiyyətlər var ki, onların həyat yolundan danışmaq üçün bütöv bir xalqın, bütöv bir ölkənin tarixindən danışmaq lazımdır. Möhtərəm Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Onun mənalı həyatı müstəqil Azərbaycanın siyasi bioqrafiyasına çevrilmişdir. Bu gün Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbaycan düşünürük. Bu, səbəbsiz deyil. Azərbaycanın 50 ilə yaxın bir dövrünü əhatə edən tarixi və siyasi taleyi, bu illər ərzində ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində baş vermiş dirçəliş, inkişaf və tərəqqi möhtərəm Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin bütün həyatını göz önünə gətirsək, keçdiyi mənalı ömür yolunu nəzərdən keçirsək, böyük ömrün yalnız bir məqsədə xidmət etdiyinin şahidi olarıq: bu – Azərbaycandır...”
Ali Məclisin Sədri genişməzmunlu çıxışında böyük ömrün Azərbaycan naminə fəaliyyətini altı mühüm mərhələ üzrə ətraflı təhlil edib. Muxtar respublika rəhbəri qeyd edib ki, böyük ömrün birinci mərhələsi ötən əsrin 40-cı illərindən 1969-cu ilə qədərki dövrü əhatə edir. Bu dövrdə ulu öndərimiz xalq üçün xidməti hər şeydən uca tutan, dövlət təhlükəsizliyi maraqlarını milli maraqlara tabe etdirməyi bacaran istedadlı hərbi xadim kimi parlayıb. O, təhlükəsizlik xidməti leytenantından həmin xidmətin general-­mayoru ali hərbi rütbəsinədək böyük bir yol keçib. Ulu öndər təhlükəsizlik sisteminin generalı və rəhbəri vəzifəsinə yüksələn ilk azərbaycanlı idi.
Ümummilli liderimizin Vətənin inkişafı naminə siyasi fəaliyyətinin ikinci mərhələsi olan 1969-1982-ci illər tarixdə şəxsiyyətin rolunun nəyə qadir olduğunun əyani ifadəsinə çevrildi. 1969-cu ilin 14 iyulu, sadəcə, respublika rəhbərinin seçim günü yox, bundan daha çox milli liderin rəhbərliyə gəlişi günü idi. Məhz bu tarixdən başlayaraq Azərbaycan ətalətin, geriliyin daşını atdı, öz tarixi taleyinin sahibi oldu. Ümummilli liderimizin siyasi rəhbərliyinin birinci dövründə Azərbaycan başqa müttəfiq respublikaların 50 ildə keçdiyi inkişaf yolunu 14 ilə qət etdi.
Böyük ömrün üçüncü mərhələsi 1982-1987-ci illəri əhatə edir. Bu dövr Heydər Əliyev şəxsiyyətinin keçmiş Sovetlər Birliyi və bütün dünya miqyasında bir daha təsdiq olunduğu dövrdür. SSRİ kimi nəhəng bir dövlətin ali rəhbərliyinə ucalmaqla xalqımızın böyük oğlu misilsiz dövlət idarəçiliyi və bacarığı nümayiş etdirdi.
Dahi şəxsiyyətin Azərbaycan naminə fəaliyyətinin dördüncü mərhələsi olan 1987-1990-cı illər Kreml rejiminin bu böyük şəxsiyyətə qarşı həyata keçirdiyi ağır təqib illəridir. Göstərilən təzyiqlərə, şəxsi əlaqələrinin, telefon danışıqlarının izlənməsinə baxmayaraq ulu öndərimiz sıravi vətəndaş kimi Azərbaycan üçün çalışdı, Sovet dövlətinin dağılmaqda olduğu bir şəraitdə Vətəni üçün çıxış yolları axtardı, özünün zəngin dövlətçilik təcrübəsi, müdrik məsləhəti ilə Azərbaycanı düşdüyü ağır böhrandan çıxarmaqdan ötrü bütün qüvvəsini sərf etdi.
1990-1993-cü illər tarixə ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü kimi düşmüşdür. Görkəmli siyasi xadimin Azərbaycan naminə fəaliyyətinin beşinci mərhələsi olan bu tarixi dövr şərəfli xilaskarlıq və quruculuq missiyası ilə zəngindir. Bu missiyanın öz başlanğıcını götürdüyü yer isə Naxçıvan Muxtar Respublikası idi. Tale ulu öndəri qədim diyara göndərməklə Naxçıvanı işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi. Azərbaycanın bu qədim torpağını xilas edən ulu öndər özünə Naxçıvan boyda abidə ucaltdı. Böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi bu qədim diyardan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gə-tirib çıxardı.
Ali Məclis Sədri görkəmli dövlət xadiminin Azərbaycan naminə fəaliyyətinin altıncı mərhələsinin 1993-2003-cü illəri əhatə etdiyini vurğulayıb. Qeyd edib ki, həmin illər kifayət qədər tələbkar, iqtisadiyyatın dirçəldilməsi, islahatların aparılması və milli dövlət quruculuğu baxımından taleyüklü bir dövrdür. O dövrdə ulu öndərimiz yalnız iqtisadi sahədə yaranmış böhranı aradan qaldırmırdı, Onun taleyinə milli dövləti yenidən qurmaq, Azərbaycanı özünə qaytarmaq kimi ağır və şərəfli missiya yazılmışdı.
Ali Məclisin Sədri deyib ki, Onun nəzəri, siyasi baxışları, tükənməz dövlətçilik irsi bütün dünyaya məxsusdur. Belə bir fikir var: bir xalqın böyüklüyü onun sayca və ya ərazicə böyüklüyü ilə deyil, bəşər tarixinə verdiyi qüdrətli şəxsiyyətləri ilə ölçülür. Bu mənada Azərbaycan xalqı böyük xalqdır ki, bəşər tarixinə Heydər Əliyev kimi dahi siyasətçi, qüdrətli dövlət xadimi bəxş ­etmişdir.
Görüşdə Ali Məclisin Sədri gənclərin suallarını cavablandırıb, Naxçıvanın qədim tarixinin öyrənilməsi və müasir inkişafının təmin olunması sahəsində görülən işlər barədə onlara ətraflı məlumat verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra Ali Məclisin Sədri gənclərlə xatirə şəkli çəkdirib, onlara hədiyyələr təqdim edib.
İyulun 13-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tədbirdə çıxış edib.
Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Müstəqil və qüdrətli Azərbaycan naminə – 50 il” filmi nümayiş olunduqdan sonra “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının, eləcə də Azərbaycan Respublikasının fəxri adlarının və medallarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimatı olub.

 

Bəli, 50 il bundan əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən elan olunmuş siyasi-iqtisadi müstəqillik kursu, inkişafın milli intibaha yönəldilmiş modeli ölkəmizə və muxtar respublikamıza yeni həyat bəxş edib. Özünə Azərbaycan boyda abidə ucaldan ulu öndərimiz onu inamla idarə edə biləcək lideri, rəhbəri də yetişdirib. Məhz bunun nəticəsində muxtar respublikamız abadlaşıb, başdan-başa yenidən qurulub, tikilib, ucaldılıb, zirvələrə yüksəldilib. Görkəmli dövlət xadiminin “Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, universitet və məktəb binalarıdır, yollardır, körpülərdir, su hövzələri, su kəmərləridir” sözləri isə Onun əmanəti olan muxtariyyətinin bu il 95 illik yubileyini qeyd etdiyimiz Naxçıvan nümunəsində daha da möhtəşəm səslənir.

Rauf KƏNGƏRLİ

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR