Bu qədim yurd yerindən Ulu Tanrı öz səxavətini əsirgəməyib. Torpaqlarının bərəkətinə söz ola bilməz. Qədim tarixi abidələri min illərdən bu günə boylanan körpüdür. İnsanları yurd, torpaq təəssüblüdürlər. Elm, mədəniyyət xadimlərinin səsi-sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. Şərur muxtar respublikamızın böyük rayonlarından biridir. Bu yaxınlarda yolumuzu həmin rayondan saldıq: 2019-cu ilin ilk yarım ilində bölgədə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin, reallaşdırılan iqtisadi layihələrin rayona gətirdiyi yenilikləri görmək, zəhmətkeş şərurluların günbəgün yaxşılaşan həyat səviyyəsi ilə yaxından tanış olmaq üçün. Naxçıvan-Sədərək magistralı boyu bu yolların, muxtar respublikamızın bir neçə il əvvəlki görkəmini xatırlayırdım. Düşünürdüm ki, qısa zaman kəsiyində gör necə böyük işlər görülüb.
Yol düzgün seçiləndə və ya Şərurun quruculuq xəritəsində 2019-cu ilin ərməğanları
Bu qənaət muxtar respublikamızda artıq aforizmə çevrilib. Və qədim diyarımızın hansı ünvanına – istər rayon mərkəzlərinə, istərsə də ən ucqar dağ və sərhəd yaşayış məntəqələrinə qədəm qoysaq, həmin aforizmin bəhrələrini görərik. Götürək Naxçıvan-Sədərək magistral yolunu. Dünya standartlarına cavab verən bu yol böyük təşkilatçılıq, sabaha cavabdehlik hissinin ifadəsidir. Qısa müddətdə başa çatdırılan böyük layihə həm də “Yol mədəniyyətdən başlanır” deyimini yada salır. Bunu arxada qoyduğumuz Kəngərli rayonunun mərkəzi Qıvraq qəsəbəsindən keçərkən bir daha təsdiqləyirik. Şərura qədər yolun sonrakı hissələrində də gördüklərimiz qəlbimizi dağa döndərir. Muxtar respublikanın sosial-iqtisadi inkişafının yeni mərhələyə qədəm qoyduğunu isə Şərur şəhərində bir daha görürük.
Hazırda rayon mərkəzində və kənd yaşayış məntəqələrində 50-yə yaxın ünvanda tikinti-quruculuq işləri aparılır. Məlumat üçün bildirək ki, 2019-cu ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 38387,3 min manat və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 2,2 faiz artaraq 36702 min manat təşkil edib.
İlin əvvəlində Şərur şəhərində uşaq xəstəxanasının, Kərimbəyli kəndində 270 şagird yerlik tam orta məktəb binasının, kənd və xidmət mərkəzlərinin və həkim ambulatoriyasının tikintisi və yenidən qurulması, mərkəzi xəstəxananın əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilib.
Hazırda Şərur şəhərində Mədəniyyət Sarayının, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının inzibati binasının və mərasim evinin, Qarxun kəndi ərazisində isə Daxili Qoşunlar üçün nəzərdə tutulmuş infrastruktur binalarının tikintisi, təqaüdçülər klubu ilə mərkəzi univermağın isə əsaslı təmiri və yenidən qurulması, həmçinin rayon mərkəzində altımərtəbəli, 40 mənzilli müasir yaşayış binasının tikintisi davam etdirilir.
Eyni zamanda Naxçıvan-Sədərək magistralından Şərur şəhərinə qədər olan, eləcə də şəhərdəki Heydər Əliyev prospektini və altı küçəni əhatə edən 11 kilometrlik avtomobil yolunun yenidən qurulması davam etdirilir. Muğanlı, Muğancıq Mehrab, Xələc və Yeni Havuş-Xətai kəndlərində kompleks-quruculuq işləri, Məmmədsabir kəndində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, Alışar və Qışlaqabbas kəndlərində kənd və xidmət mərkəzləri, Maxta kəndində isə Çernobıl əlili üçün yaşayış binası inşa olunur.
Bunlarla bərabər, Şərur şəhərinin və ətraf kəndlərinin içməli su təchizatının yenidən qurulması layihəsinin davamı olaraq Zeyvə və Düdəngə kəndlərində içməli su sistemlərinin çəkilişi davam etdirilir. Dizə kəndində isə gücü saniyədə 271 litr olan sutəmizləyici qurğunun və 27 min kubmetr həcmində üç su anbarının tikintisinə başlanılıb.
Həyata keçirilən bütün layihələr bir məqsədə ünvanlanıb: şərurluların yaşayış şəraitini daha da yaxşılaşdırmaq, insanların yüksək səviyyədə yaşamasına nail olmaq. Rayon sakinləri də bu həqiqəti dərindən dərk edir, bölgənin, muxtar respublikanın və nəticə etibarilə ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə çalışırlar.
İlk 6 ay torpaq mülkiyyətçiləri üçün də uğurla başa çatıb
Bəhs olunan dövrdə Şərurun zəhmət adamları əkinçiliyin müxtəlif sahələrində, meyvəçilik və üzümçülükdə, heyvandarlıqda yüksək göstəricilərə nail olublar. Bölgənin torpaq və iqlim şəraitinin taxılçılıq üçün çox əlverişli olması, bu sahənin inkişafına göstərilən hərtərəfli dövlət qayğısı, taxılçılıqda qazanılan zəngin təcrübə, rayonda taxıl emalı müəssisələrinin, çörəkbişirmə sexlərinin şəbəkəsinin genişləndirilməsi əldə olunan nailiyyətlərin təməlində duran başlıca amillərdir.
Şərur rayonunda 2019-cu ilin məhsulu üçün 17115 hektar sahədə əkin aparılıb. Əkin sahəsinin 4647 hektarını dənli və dənli-paxlalı bitkilər (qarğıdalısız), 717 hektarını dən üçün qarğıdalı, 34 hektarını dən üçün günəbaxan, 2,5 hektarını tütün, 2010 hektarını tərəvəz bitkiləri, 482 hektarını ərzaq üçün bostan bitkiləri, 1094 hektarını kartof, 36 hektarını birillik otlar, 6451 hektarını cari ildə əkilmiş çoxillik otlar, 1641,5 hektarını əvvəlki illərdə əkilmiş çoxillik otlar təşkil edir.
1 iyul tarixə 4647 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsinin 6,9 faizindən 1016 ton məhsul yığılıb. Məhsuldarlıq orta hesabla 31,8 sentner olub. İkinci çörək sayılan kartof mətbəximizdə özünəməxsus yer tutur. Şərurluların bu məhsulun əkilib-becərilməsində zəngin təcrübəsi var. 1094 hektar sahənin 19,7 faizindən 3450 ton kartof tədarük edilib. Məhsuldarlıq orta hesabla 160,5 sentnerə çatdırılıb.
Süfrələrimizin bəzəyi olan tərəvəzçiliyə də maraq ildən-ilə artır və qeyd edək ki, Şərur torpaqları belə əkinlər üçün çox münbitdir. Bunu nəzərə alan kənd adamları cari ildə 2010 hektar sahədə tərəvəz əkiblər. Əkin sahəsinin 47,8 faizindən 12080 ton tərəvəz məhsulları yığılıb. Məhsuldarlıq orta hesabla 25,8 sentner olub.
Şərur həm də dadlı-tamlı meyvələr yetişdirilən bölgəmizdir. Torpaq mülkiyyətçiləri ilbəil bağ sahələrini genişləndirir, yeni bağlar salınarkən yerli sortlara üstünlük verirlər. Onların builki zəhməti də hədər getməyib, barverən meyvə bağlarından 9310 ton məhsul tədarük edilib.
2019-cu ilin yanvar-iyun aylarında Şərur rayonunda diri çəkidə 3879,9 ton ət, 16852 ton süd, 11848 min ədəd yumurta, 155,6 ton yun istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,4 faiz, süd istehsalı 2 faiz, yumurta istehsalı 1,4 faiz, yun istehsalı 1,8 faiz artıb.
Balıqçılıqla məşğul olan müəssisələr tərəfindən ötən dövrdə 60 min manat (2018-ci ilin yanvar-iyun aylarında 58 min manat) dəyərində balıq satılıb.
Şərur rayonunun kənd və balıqçılıq təsərrüfatlarında 51649,1 min manatlıq məhsul istehsal edilib, bu da 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3,2 faiz çoxdur.
Qazanılan uğurlarda həyata keçirilən digər tədbirlərlə yanaşı, meliorativ tədbirlər də mühüm rol oynayıb. Rayonun kəndlərində 156 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı endirilib, torpaqlar əkin dövriyyəsinə qatılıb. Su nasos stansiyalarında və hidrotexniki qurğularda əsaslı və cari təmir işləri aparılıb.156 subartezian nasosu təmir olunaraq yenidən istifadəyə verilib. Ayrı-ayrı kəndlərdə 37,2 kilometr məsafədə beton-torpaq kanal, 26 kilometr məsafədə ara arxlar, 13,8 kilometr məsafədə kollektor təmizlənib. Arpaçay selovunda selə qarşı istiqamətləndirici bənd vurulub. Danyeri kəndində yeni nasos stansiyası tikilib və digər məqsədyönlü tədbirlər həyata keçirilib. Bu istiqamətdə işlər davam etdirilir.
Son illər rayonda həyata keçirilən meliorasiya tədbirləri torpaqlardan daha səmərəli istifadə etməyə imkan verib, hektarlarla sahə əkin dövriyyəsinə qatılıb. Suvarma suyuna olan tələbatın ödənilməsi istiqamətində görülən işlər ekoloji tarazlığın qorunmasında mühüm rol oynayan yaşıllıq sahələrinin artırılmasına imkan verib. Belə ki, bəhs olunan dövrdə 2,8 hektar sahədə yeni bağ salınıb, 15 hektar bağda bərpa işləri aparılıb. 5550 meyvə, 3680 meşə ağacı, 38 min gül kolu, 200 dekorativ ağac olmaqla, ümumilikdə, 47 min 430 ting və gül kolu əkilib.
Xidmət sahələrinin fəaliyyətindən razılıq edilir
Bəhs olunan dövr ərzində Şərur rayonunda avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fıziki şəxslər tərəfindən 967,3 min ton yük, 6117,6 min sərnişin daşınıb.Yük və sərnişin daşınmasından, bütövlükdə, 2623,2 min manat gəlir əldə edilib.
Bu müddətdə rayon üzrə 92 yeni elektrik dirəyi basdırılıb, 3 yeni transformator quraşdırılıb, 54 transformatorda təmir işləri aparılıb, 1,4 kilometr uzunluğunda yeni hava xətti çəkilib. Bu dövrdə 28 elektrik sayğacı quraşdırılıb. Şərur şəhərində smartkarttipli elektrik sayğaclarının quraşdırılmasına başlanılıb.
Rayon Rabitə İdarəsi 2 mərkəzi olmaqla, 45 kənd avtomat stansiyasını əhatə edir. Burada ilin ilk 6 ayı ərzində 183 abonentə telefon çəkilişi aparılıb. Bununla da abonentlərin sayı 12 min 775-ə çatıb. Rayon üzrə informasiya və rabitə xidmətlərinin dəyəri 3668,8 min manat olub.
Təhsil, mədəniyyət, səhiyyə işçiləri fəaliyyətlərini günün tələbləri səviyyəsində qurublar
Başa çatan tədris ilində rayonda 2 ümumi orta, 54 tam orta olmaqla, 56 ümumtəhsil müəssisəsi və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərib. Məktəblərdə 1309 kompüter quraşdırılıb. Onların 902-si internetə qoşulub. Təhsil ocaqlarında 150 elektron lövhədən istifadə edilir.
2018-2019-cu tədris ilində rayonun tam orta məktəblərindən 531 məzun olub. Onlardan 435-i ali məktəblərə sənəd verib, 283-ü keçid balını toplayıb. Ali məktəblərə qəbul imtahanlarında 39 abituriyent 500-700 intervalında bal toplayaraq daha yüksək nəticəyə nail olub.
Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi 27 məzun bitirib və qəbul göstəricisinə 100 faiz nail olunub. Artıq üçüncü ildir ki, liseyin məzunları muxtar respublika üzrə rekord nəticə əldə edir.
Muxtar respublikamızda insanların sağlamlığı ciddi önəm verilən sahələrdən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu ilin yanvar ayında imzaladığı “Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncama uyğun olaraq iyun ayının 1-dən rayon ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılması da bu qayğının ifadəsidir.
Rayonun mədəni həyatı da göstərilən qayğıdan kənarda qalmayıb. Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində 1 Mədəniyyət Sarayı, 25 kənd mədəniyyət evi, 1 şəhər, 34 kənd klubu, 1 şəhər incəsənət məktəbi, 5 kənd musiqi məktəbi, 1 rayon Tarix-Diyarşünaslıq Muzeyi, Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi, 1 muzeytipli türbə, “Şərur” xalq yallı ansamblı, “Şərur qönçələri”uşaq yallı kollektivi, Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı, “Arpaçay” instrumental ansamblı, “Bahar” kinoteatrı fəaliyyət göstərir.
İlin 6 ayı ərzində bir çox konsert proqramları, sərgilər, oxunması zəruri olan kitabların müzakirəsi keçirilib. “Şərur” xalq yallı ansamblı 2019-cu ilin may ayında Ukraynanın Kiyev şəhərində Azərbaycan Respublikası diplomatiyasının 100 illiyi, Naxçıvan Muxtar Respublikasının 95 illiyi və 28 May – Respublika Günü, iyun ayında Türkiyə Respublikasının Ərzurum şəhərində Azərbaycan Respublikası diplomatiyasının 100 illiyi, Naxçıvan Muxtar Respublikasının 95 illiyi, 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə keçirilən tədbirlərdə iştirak edib. Şərur Rayon Xalq Teatrı 2019-cu il iyun ayında Bakıda keçirilən III Respublika Xalq Teatrlarının Festivalında iştirak edərək II yerə layiq görülüb.
Əhalinin məşğulluğu təmin edilir, sosial müdafiəsi gücləndirilir, yaşayış səviyyəsi yüksəlir
Onu da qeyd etməyə dəyər ki, son illərdə muxtar respublikada müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirlərin bir qolunu əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, insanların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun təmin olunması təşkil edir. Davamlı xarakter alan belə tədbirlər əhali tərəfindən razılıqla qarşılanır. Cari ilin ilk 6 ayında Şərur rayonunda da reallaşdırılan bir sıra tədbirlər bölgə sakinlərinin rifah halını xeyli yüksəldib.
“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun icrasının nəticəsi kimi ilin 6 ayı ərzində rayon üzrə 33 ailənin 164 üzvünə ünvanlı dövlət sosial yardımı təyin olunub. Hazırda mərkəzdən, ümumilikdə, 143 ailənin 437 üzvü belə qayğıdan istifadə edir.
Bu dövr ərzində ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən ailələrdən əməkqabiliyyətli ailə üzvlərinin 16 nəfəri münasib işlə təmin olunub.
Şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqındakı fərmana uyğun olaraq mərkəz tərəfindən həmin kateqoriyadan olan 51 ailəyə Prezident təqaüdünün təyinatı aparılıb və ödənişi həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Sosial xidmət sektoru tərəfindən də müəyyən işlər görülüb. Altı ay ərzində növbə əsasında 8 nəfərə sanatoriyalara getməsi üçün göndəriş verilib.
Şərurlular ili yüksək əhval-ruhiyyə ilə başa vuracaqlar
Cari ilin ikinci yarım ilindəyik. 6 aylıq qısa zaman kəsiyində əldə olunan uğurlar sevindiricidir. Bunu həmsöhbət olduğumuz insanların çöhrələrindən, söhbətlərindən hiss etmək çətin deyildi. Tikinti-quruculuq işləri davam etdirilir, emal və sənaye müəssisələri yeni uğurlar qazanmaq əzmi ilə çalışır, insanlar rayonun daha da çiçəklənməsi, iqtisadi cəhətdən güclənməsi üçün səy və bacarıqlarını əsirgəmirlər. Birinci yarım ildə qazanılanları son hədd hesab etməyən rayon sakinləri ili yüksək göstəricilərlə başa vuracaqlarına inanırlar. Çünki arxalarında güclü dövlətin durduğunu görürlər. Belə dövlətin vətəndaşları olmaqla qürur duyurlar. Bilirlər ki, nail olunan hər bir uğurun təməlində insana, onun layiq olduğu səviyyədə yaşamasına qayğı dayanıb. Bu qayğı getdikcə artır, insanların həyat tərzi daha da yaxşılaşır.
Muxtar MƏMMƏDOV