23 Dekabr 2024, Bazar ertəsi

Avqustun 1-də Qışlaqabbas kəndində kənd və xidmət mərkəzlərinin açılışı olub.
Bununla əlaqədar keçirilən tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ­sosial­-iqtisadi inkişaf strategiyası bu gün ölkə Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən uğurla davam ­etdirilir. Bunun nəticəsidir ki, istər ölkəmizdə, istərsə də muxtar respublikamızda sosial-iqtisadi həyatın bütün sahələrində dinamik inkişaf qorunub saxlanılıb. Uğurla icra olunan dövlət proqramları muxtar respublikamızın bütün bölgələri kimi, Şərur rayonunun da hərtərəfli inkişafında əhəmiyyətli rol oynayıb.

Kamal Cəfərov qeyd edib ki, bu ilin əvvəlində Şərur şəhərində uşaq xəstəxanasının, Kərimbəyli kəndində 270 şagird yerlik tam orta məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının tikintisi və yenidən qurulması, rayon mərkəzi xəstəxanasının əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilib. Hazırda Şərur şəhərində Mədəniyyət Sarayının, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının inzibati binasının, mərasim evinin, altımərtəbəli, 40 mənzilli müasir yaşayış binasının, Qarxun kəndi ərazisində isə Daxili Qoşunlar üçün nəzərdə tutulmuş infrastrukturların tikintisi, təqaüdçülər klubu ilə mərkəzi univermağın isə əsaslı təmiri və yenidən qurulması davam etdirilir. Eyni zamanda Naxçıvan-Sədərək magistralından Şərur şəhərinə qədər olan, eləcə də şəhərdəki Heydər Əliyev prospektini və altı küçəni əhatə edən 11 kilometrlik avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Diqqətə çatdırılıb ki, əlavə olaraq rayonun yeddi kəndində kompleks quruculuq işləri həyata keçirilir. 4 yaşayış məntəqəsində – Muğanlı, Muğancıq Mehrab, Xələc və Yeni Havuş-Xətai kəndlərində kompleks quruculuq işləri, Məmmədsabir kəndində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, Alışar kəndində kənd və xidmət mərkəzləri, Maxta kəndində isə Çernobıl əlili üçün yaşayış binası inşa olunur.
Bununla bərabər, Şərur şəhərinin və ətraf kəndlərin içməli su təchizatının yenidən qurulması layihəsinin davamı olaraq Zeyvə və Düdəngə kəndlərində içməli su sistemlərinin çəkilişi davam etdirilir. Dizə kəndində isə gücü saniyədə 271 litr olan sutəmizləyici qurğunun və 27 min kubmetr həcmində üç su anbarının tikintisinə başlanılıb.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində ötən il İbadulla kəndində aparılan kompleks quruculuq işlərinin davamı olaraq Qışlaqabbas kəndində də kənd və xidmət mərkəzləri tikilərək istifadəyə verilir.
Diqqətə çatdırılıb ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün 3, bələdiyyə üçün isə 2 otaq, 50 nəfərlik iclas zalı, Yeni Azərbaycan Partiyasının Qışlaqabbas kənd ərazi ilk təşkilatı, kitabxana və klub, həmçinin baytar, statistika, arxiv işçilərinin hər biri üçün 1 otaq nəzərdə tutulub.
Xidmət mərkəzində bərbərxana, gözəllik salonu, dərzi, ət satışı yeri, anbar, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərəcək ki, burada da 7 nəfər işlə təmin olunacaqdır.
İcra başçısı vurğulayıb ki, Qışlaq­abbas kənd əhalisinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi və qazla təmin olunması üçün aparılan yenidənqurma işləri zamanı ərazidə 11 elektrik dirəyi basdırılıb, 2 transformator quraşdırılıb, 1200 metrə yaxın izolyasiyalı məftil və kabel çəkilişi aparılıb, 1400 paqonometr uzunluğunda qaz borularında yerdəyişmə, təmir-bərpa işləri həyata keçirilib. Kəndin suvarma suyu ilə təmin edilməsi üçün 1,3 kilometr uzunluğunda suvarma arxları qazılıb, 375 metr əsas yol salınıb, 1 körpü məhəccəri quraşdırılıb, 2 su borusunun başlığı betonlanıb. Bütün bunlarla yanaşı, Qışlaqabbas kəndi ərazisində yerləşən, eramızdan əvvəl IV-I minilliklərə aid Şortəpə nekropolu ərazisində müvafiq işlər görülüb, abidənin ətrafı çəpərlənib.
Bir sözlə, Qışlaqabbas kəndində yaradılan şərait imkan verəcəkdir ki, kənd sakinlərinin gündəlik qayğıları vaxtında həll olunsun.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxışının sonunda Qışlaqabbas kəndində yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirib.
Tədbirdə kənd sakini Bahaddin Qurbanov çıxış edərək deyib ki, muxtar respublikamızda gedən ­quruculuq-abadlıq işləri daim insanların sevincinə səbəb olur. Görülən işlərin davamı olaraq Qışlaq­abbas kəndinin siması da tamamilə dəyişib. Əvvəllər həkim ambulatoriyası kimi fəaliyyət göstərən bina Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində yenidən qurularaq mərasim evi kimi sakinlərin istifadəsinə verilib. Bunların hamısı sakinlərin rahat və firavan yaşayışı üçündür.
Bahaddin Qurbanov vurğulayıb ki, bu il muxtar respublikada “Ailə təsərrüfatı ili” elan olunub. Qışlaq­abbas kəndinin sakinləri də çox zəhmətkeş, torpağa bağlı insanlardır. Biz də çalışacağıq ki, bundan sonra da torpaqlarımızı əkib-becərək, bol məhsul toplayaraq “Ailə təsərrüfatı məhsulları” festivallarında, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında rayonu layiqincə təmsil edək. “Muxtar respublikamızın 95 illik yubileyində Qışlaq­abbas kəndinin gözəl, abad yurd yerlərindən birinə çevrilməsi bizim üçün ən böyük bayramdır”, – deyən Bahaddin Qurbanov Qışlaqabbas kəndində yaradılan şəraitə görə kənd sakinləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra kənd və xidmət mərkəzlərinə baxış olub.
Qışlaqabbas kəndində kənd mərkəzinin tikintisi yerli inzibati idarəçiliyin daha yaxşı təşkilinə, əhalinin qarşılaşdığı problemlərin operativ həllinə, inzibati orqanlarla əhali arasında ünsiyyətin mobilliyinə təkan verəcəkdir. Xidmət mərkəzində isə sakinlərə göstəriləcək xidmətlərin keyfiyyətinin daha da artırılması üçün hərtərəfli şərait yaradılıb. Burada anbarın, ərzaq və təsərrüfat malları mağazalarının fəaliyyət göstərməsi ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların satışının təşkilinə imkan verəcəkdir. Bütün bunlar muxtar respublikada həyata keçirilən və insan amilini ön planda tutan sosialyönümlü siyasətin nəticəsi, kənd sakinlərinin həyat şəraitinin yüksəldilməsinə etibarlı zəmin yaradan konseptual inkişaf nümunəsi kimi diqqəti cəlb edir.

 Rauf KƏNGƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR