Dünən Ordubad Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə tədbir keçirilib.
Tədbiri Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açaraq rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb. Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək sığorta fəaliyyətinin muxtar respublikamızın müasir iqtisadi və sosial inkişafının tərkib hissəsi olduğunu bildirib.
Baş direktor vurğulayıb ki, muxtar respublikada həyata keçirilmiş tədbirlər nəticəsində sığorta işinin həcmi əhəmiyyətli dərəcədə artıb, baş vermiş sığorta hadisələri zamanı insanlara dəymiş maddi zərərlərin bərpası təmin edilib.
Sığorta fəaliyyətinin daha da genişləndirilməsinin vacib olduğunu qeyd edən baş direktor bildirib ki, ötən müddətdə Ordubad rayonunda da bu istiqamətdə işlər görülüb. Belə ki, cari ilin ilk yarısında Ordubad rayonu üzrə 4828 sığorta müqaviləsi bağlanılıb, onlardan 1149-u avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 1793-ü daşınmaz əmlakın icbari sığortası, 1886-sı isə könüllü sığorta müqavilələri olub. O, Ordubad rayonunda müxtəlif sığorta növləri üzrə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışaraq vurğulayıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığortanın şamil olunduğu bütün obyektlərin sığortasının təmin edilməsi üçün maarifləndirmə işi genişləndirilməlidir.
Diqqətə çatdırılıb ki, son dövrlərdə Ordubad rayonunda sığorta sahəsində görülmüş işlərlə bərabər icbari qaydada sığorta olunmalı olan vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır. Buna görə də Ordubad rayonunda sığorta fəaliyyətinin daha da genişləndirilməsi və bu sahədə maarifləndirmə işlərinə diqqətin artırılması vacib vəzifə kimi qarşıda durur.
Hikmət Əsgərov bildirib ki, kənd təsərrüfatında aparılan sığorta işi də digər könüllü sığortalar kimi, son nəticədə, insanların rifahının yüksəldilməsinə xidmət edir. Buna görə də Ordubad rayonunda əkin sahələrinin, meyvə bağlarının, heyvanların sığortalanması məqsədilə fermer, torpaq mülkiyyətçiləri və ailə təsərrüfatları sahibləri arasında maarifləndirici işlər genişləndirilməlidir. Çıxışda ayrı-ayrı icbari və könüllü sığorta növləri üzrə icra vəziyyəti təhlil olunaraq hər bir sığorta növünün əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda çıxışlar dinlənilib.
Əli CABBAROV