23 Dekabr 2024, Bazar ertəsi

İyul ayının 30-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin yeni www.tehsil.nmr.az saytının təqdimatı keçirilib.
Təqdimat mərasimində Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazaları gücləndirilib, məktəblər ən müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunub.
Qeyd edilib ki, nazirliyin əvvəlki internet saytı müasir tələblərə cavab vermədiyindən onun yenilənməsi qərara alınmışdı. Dizayn, quruluş və məzmun baxımından zəruri tələblərə cavab verən yeni internet saytı nazirliyin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcəkdir. Sayt istifadəçiləri təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə tətbiq edilən yenilikləri və normativ-hüquqi bazanı vahid mənbədən əldə edəcəklər. Saytın strukturu təkmilləşdirilib, yeni funksional bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında yeni dizayn verilib.
Təhsil naziri vurğulayıb ki, yeni internet saytında elektron xidmətlər də istifadəyə verilib. Artıq növbəti ildən Naxçıvan Qızlar Liseyinə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə sənəd qəbulu elektron qaydada aparılacaqdır. Bununla yanaşı, sentyabr ayından etibarən Texniki-Peşə və Sürücülük məktəblərinə, eləcə də peşə liseyinə sənəd qəbulu da elektron qaydada həyata keçiriləcək.

Sonra nazirliyin sektor müdiri Məmməd Bayramov iştirakçılara Təhsil Nazirliyinin rəsmi internet səhifəsi və elektron xidmətləri haqqında məlumatlar verib. Diqqətə çatdırılıb ki, 8 bölmə və 29 altbölmədən ibarət yenilənmiş saytda istifadəçinin rahatlığı üçün ən çox müraciət olunan bölmələr “Ana səhifə”də cəmlənib, muxtar respublikanın təhsil xəbərləri, nazirlik tərəfindən keçirilən tədbirlər, operativ informasiyalar, həmçinin muxtar respublika təhsilində qazanılan uğurlar haqqında geniş məlumatlar öz əksini tapıb. Yeni sayt vasitəsilə təhsil sahəsində lazım olan bir çox xidmətlərin onlayn qaydada həyata keçirilməsi də mümkündür. Bununla yanaşı, vətəndaşların qəbul günlərinin qrafiki, elektron müraciət qaydaları, e-mail ünvan, eləcə də digər əlaqə vasitələri barədə məlumatlar da saytda öz əksini tapıb. Son illərdə muxtar respublikada yeni tikilən və ya əsaslı şəkildə yenidən qurulan məktəblər, muxtar respublikanın tarixini, turizm potensialını əks etdirən məlumat və fotoslaydlar da saytda yerləşdirilib, elektron kitabxanalara keçid verilib. Həmçinin istifadəçilər müəllimlərin işə qəbulu qaydaları, eləcə də ümumtəhsil məktəblərindəki vakansiyalarla bağlı internet saytında yerləşdirilmiş xüsusi bölmə vasitəsilə tanış olmaq imkanı da əldə edəcəklər.
Sonra portalın yeni internet səhifəsi və elektron xidmətlərlə bağlı suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR