23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizin tarix və mədəniyyətinin gənclər arasında təbliği məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən ilk əyləncəli­-etnoqrafik layihə olan “Əcdadların mirası” adlı ölkəmiqyaslı milli “kvest” yarışması davam edir. Yarışma çərçivəsində ölkəmizin müxtəlif regionlarından seçilmiş 18-29 yaş arası gənc­lərdən ibarət 4 komanda tarix, mədəniyyət, adət-ənənələr və təbiətimizlə bağlı məntiq və bilik mübarizəsinə qatılır, mürəkkəb tapşırıqlarda güc və dözümlülüklərini sınağa çəkirlər. Yarışma 6 mərhələdən ibarətdir və hər mərhələnin Azərbaycanın fərqli bölgəsində təşkil edilməsi nəzərdə tutulub. Növbəti mərhələ isə 2-4 sentyabr tarixlərində Naxçıvan Muxtar Respublikasında keçirilib. Burada 3 yarış təşkil olunub. Batabat gölü ətrafında fiziki, Əlincəqala və Duzdağ Fizioterapiya Mərkəzində əqli, “Saat Meydanı” turistik istirahət mərkəzində isə Ordubad qayğanağının hazırlanması üzrə bacarıq yarışı keçirilib.
Layihə çərçivəsində tarixi bölgələrdə və turizm obyektlərində də çəkilişlər aparılıb. Yarışmanın əsas çəkilişləri Batabat yaylağında, Əlincəqalada, Duzdağ Fizioterapiya Mərkəzində və “Saat Meydanı” turistik istirahət mərkəzində təşkil olunub. Əlavə çəkilişlər isə Qarabağlar Türbə Kompleksi, Haçadağ, Xanəgah Abidə Kompleksi, Möminə xatın məqbərəsi, Xan Sarayı, Hüseyn Cavidin məqbərəsi, Qazançı körpüsü, İmamzadə Kompleksi, Nuh Peyğəmbərin məzarüstü türbəsi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və Uzunoba gölündə aparılıb. Yarışların təşkili məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından nümayəndə heyəti də Naxçıvana gəlib.

Məlumat üçün bildirək ki, yarışmada mübarizə aparan 16 gəncdən ikisi Naxçıvanı təmsil edir. Həmin gənclər Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasının məzunu Aslan Səfərov və bu ali məktəbin Mühasibat uçotu və audit ixtisasının III kurs tələbəsi Səkinə Şərifovadır.
Layihədə iştirak edən gənclərdən bir neçəsi “Şərq qapısı” qəzetinə müsahibələrində yarışmanın məqsəd və mahiyyəti barədə danışıblar:
Nərmin Nizam – Milli Aviasiya Akademiyasının III kurs tələbəsi: – Layihə çərçivəsində Naxçıvana gəlişimiz mənim üçün olduqca əlamətdardır. Çünki mən Bakı şəhərini təmsil etməyimə baxmayaraq, Babək rayonunun Cəhri kəndində dünyaya göz açmışam. Naxçıvanı görmək, buranın tarixi-mədəni abidələri, təbiət guşələri ilə tanış olmaq zövqvericidir. Əlincəqalanın möhtəşəm görünüşünü seyr edərkən Teymurləngin 14 il həsrətini çəkdiyi bu abidənin necə dəyər daşıdığı bir daha ortaya çıxmış olur. Qədim diyarda ucalan möhtəşəm abidələr tarixən bu elin, obanın insanlarının necə vətənsevər, yurdsevər olduğunu gözlər önünə sərir. Xalqımızın ulu keçmişini əks etdirən tarixi miraslar mənimlə birgə bu torpağa ayaq basan digər gənclərin də böyük marağına səbəb oldu, getdiyimiz hər məkanda Naxçıvanı tanıyan biri kimi məndən bu diyar haqqında məlumat öyrənmələrinə sevindim və böyük qürur hissi keçirdim.
Elmar Rzalı – Qazax Rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı: – İlk olaraq onu deyim ki, layihənin keçirilməsi biz gənclər üçün hərtərəfli önəm daşıyır. Necə deyərlər, həm əylənir, həm də öyrənirik. Naxçıvanda olduğumuz qısa zaman ərzində buranın tarixi, mədəniyyəti barədə geniş məlumat əldə edə bildik. “Saat Meydanı” turistik istirahət mərkəzində keçirilən mətbəx yarışında biz qədim torpağın süfrə mədəniyyəti, buraya məxsus yeməklərin hazırlanma qaydaları barədə öyrəndik. Yeri gəlmişkən qeyd edim ki, adını çəkdiyim turistik məkan olduqca cəlb­edici idi, qısa səyahət zamanı burada gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şəraitin olduğunu gördüm.
Xatırladım ki, Naxçıvana mən ötən ilin noyabr, dekabr aylarında gənclər üçün təşkil olunan qış düşərgəsi ilə bağlı gəlmişdim və o zaman hava şəraiti ilə əlaqədar Əlincəqalaya qalxmaq nəsib olmamışdı. Sevinirəm ki, tarix kitablarından oxuyarkən qürur hissi keçirdiyim bu qədim abidəni indi öz gözlərimlə görə bilirəm. Burada olduğum zaman əcdadlarımızın öz torpağını qorumaq üçün necə mübarizlik, əzmkarlıq göstərdiyinin bir daha şahidi oldum. Həqiqətən, biz gənclər fəxr etməliyik ki, belə şanlı keçmişimiz, yurdunu canından üstün tutan məğrur ulu babalarımız olub. Abidəyə qalxdıqca yolboyu insanların rahat hərəkətini təmin edən infrastrukturun qurulması da tarixi keçmişə verilən böyük önəmdən xəbər verir. Qalanın zirvəsinə gedən yolda qarşıma çıxan bir guşədə həkk olunan “Tarixi yaşadanları tarix də yaşadacaqdır” sözləri diqqətimi çəkdi. Həqiqətən də, belə bir çətin coğrafi vəziyyətdə, sıldırım qayaların qənşərində yerləşən bir abidənin gözoxşayan səviyyədə bərpası təqdirə­layiqdir və elə yazılan sözlərin doğruluğunu da bir daha təsdiqləyir. Fürsətdən istifadə edib layihənin təşkilində əməyi keçənlərə, eləcə də bizi bu qədim torpaqda qarşılayan, hər cür xidmətlə əhatə edənlərə öz dərin minnətdarlığımı bildirirəm.
Aysel Məmmədova – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı: – Çox sevinirəm ki, bu layihədə iştirak etmək üçün seçilən 16 gənc arasında mənim də adım vardır. Naxçıvan səfərimiz olduqca maraqlı və əyləncəli keçdi, burada bizi qonaqpərvərliklə qarşıladılar. Layihə çərçivəsində biz Batabatda da olduq, oranın ecazkar təbiəti məni heyran etdi. İşimə uyğun olduğu üçün deyə bilərəm ki, Şahbuz Dövlət Təbiət Qoruğunda ölkəmiz üçün nadir sayılan flora və fauna növləri vardır və təbii sərvətlərimizin belə yüksək səviyyədə mühafizə edilməsi təqdirəlayiq haldır.
Onu da qeyd edim ki, bu, mənim Naxçıvana ikinci səfərimdir, ilk dəfə cari ilin iyul ayında “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı çərçivəsində Naxçıvana gəlmişdim. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun proqram iştirakçıları ilə görüş zamanı etdiyi çıxışda ümummilli liderin siyasi fəaliyyəti, Onun ideyalarının muxtar respublikada da uğurla davam etdirildiyi barədə zəngin məlumat almışdım. Səfər zamanı biz Duzdağ Fizioterapiya Mərkəzində də olduq. Səhiyyə ocağının ecazkar quruluşu, orada yaradılan müasir şərait bizdə xoş təəssüratlar yaratdı. Fikrimcə, Duzdağ kimi möcüzəvi məkanın özünəməxsus cəhətlərini təbliğ etmək, dünyaya tanıtmaq biz gənclərin üzərinə düşən mənəvi borcdur.
Biz Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini də ziyarət etdik, burada nadir eksponatlarla tanış olduq. Ulu öndərin xatirə əşyaları böyük marağımıza səbəb oldu.
Səkinə Şərifova – Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə III kurs tələbəsi: – Layihə çərçivəsində biz müxtəlif intellektual və əyləncəli oyunlara qatılırıq. Belə ki, oyunlar çərçivəsində “Hava”, “Od”, “Su” və “Torpaq” olmaqla, dörd komandaya bölünmüşük. Mən “Torpaq” komandasında çıxış edirəm və topladığımız xalları növbəti seçim mərhələlərində də artıraraq qələbə qazanmaq niyyətindəyik. Xüsusilə qeyd edim ki, Naxçıvan Muxtar Respublikasından iki nəfər bu layihədə iştirak edirik və çalışacağıq ki, keçirilən yarışlarda müsbət nəticə göstərək və doğma diyarımızın özünəməxsus mədəniyyətini, adət-ənənələrini ölkəmizin digər bölgələrində də geniş şəkildə təbliğ edək.
Xüsusilə vurğulamaq istərdim ki, Naxçıvanda istər təhsil sahəsində, istərsə də həyatın digər istiqamətlərində gənclərin öz potensialını üzə çıxarmaları üçün geniş imkanlar var. Bunu mənimlə birgə buraya üz tutan gənclər də bir daha təsdiqlədilər. Qədim abidələrimizin mükəmməl şəkildə bərpası, təbiət ərazilərimizin qorunması hər kəsdə böyük maraq yaratdı.
Yaxın vaxtlarda ölkəmizin digər bölgələrini də gəzib-görmək fürsətimiz olacaq. İnanıram ki, əldə etdiyimiz biliklər, topladığımız məlumatlar gələcəkdə də çox köməyimizə çatacaq.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR