23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Beynəlxalq Hava Limanında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin təşkilatçılığı ilə muxtar respublikanın hava nəqliyyatında nümunəvi xidmətin təşkili ilə bağlı keçirilən tədbiri agentliyin direktoru Arif Məmmədov açıb.
Bildirilib ki, bu gün Naxçıvan Beynəlxalq Hava Limanından yerli hava xətləri ilə Bakı şəhərinə, beynəlxalq hava xətləri ilə isə Moskva və İstanbul şəhərlərinə uçuşlar həyata keçirilir. Uçuşlar dünyada istismar olunan müasirtipli hava gəmiləri vasitəsilə yerinə yetirilir. Hava nəqliyyatının inkişafı və hava daşımalarının müasir tələblər səviyyəsində qurulması üçün ardıcıl tədbirlərin görülməsi, uçuşların təhlükəsizliyini artırmaq məqsədilə alınmış yeni maşın və mexanizmlərin yüksək texniki göstəricilərə malik olması sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verir.
Qeyd olunub ki, muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq işləri Naxçıvan Beynəlxalq Hava Limanını da əhatə edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağının inşası artan yük və sərnişindaşıma tələbatının ödənilməsinə, eləcə də muxtar respublikada mülki aviasiya sahəsində işlərin uğurla həyata keçirilməsinə şərait yaradacaqdır.

Vurğulanıb ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən avqustun 15-dən etibarən Naxçıvan Muxtar Respublikasının Türkiyə üzərindən birbaşa hava dəhlizi açılıb. Yeni hava dəhlizinin açılması muxtar respublika üçün bir çox cəhətdən əhəmiyyətlidir. Naxçıvan Muxtar Respublikasının bu hava dəhlizi vasitəsilə Türkiyə üzərindən beynəlxalq dəhlizlərə çıxışı təmin ediləcək, beynəlxalq reyslər həyata keçirilərkən vaxta və yanacağa qənaət olunacaq. Bütün bunlarla yanaşı, Türkiyə üzərindən yeni hava dəhlizinin açılması gələcəkdə yeni beynəlxalq reyslərin təşkilinə və muxtar respublikanın turizm imkanlarının daha da genişlənməsinə töhfə verəcəkdir.
Sonra Azərbaycan Respublikası mülki aviasiyasının inkişafında uzunmüddətli məhsuldar fəaliyyətinə görə Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli mülki aviasiya sahəsinin fəxri “Şərəf nişanı” və pul mükafatı ilə təltif edilib.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti İlham Əmirov və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov Mənşur Gülməmmədlini bu münasibətlə təbrik ­edərək ona fəaliyyətində uğurlar ­arzulayıblar.
Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli əməyinə verilən yüksək qiymətə görə minnətdarlıq edib.

Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR