23 Dekabr 2024, Bazar ertəsi

Əlverişli təbii-coğrafi şəraitə, münbit torpaqlara malik olan Zəngəzur mahalının qədim yaşayış məskəni Qubadlı rayonu 26 il bundan əvvəl – 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın bu dilbər guşəsinin işğala məruz qalması nəticəsində 445 min kvadratmetr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix-­diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-­məişət obyektini, 12 tarixi abidəni yandırıb viran qoyublar.
Strateji əhəmiyyət daşıyan Qubadlı erməni təcavüzü ilə, əslində, Qarabağ münaqişəsindən bir qədər əvvəl üzləşmişdi. Sərhədlərin dəqiqləşdirilməsi adı ilə tarixən qubadlılıların dədə-baba torpaqları olan Vəli düzü, Güllü zəmi kimi gözəl təbiətli əraziləri Ermənistana vermək cəhdi, münaqişənin örtülü olsa da, bünövrəsini qoymuşdu. Hələ 1988-ci il fevral ayının 6-da Xankəndidə ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiya edilməsinə başlananda Sisyandan, Qafandan, Gorusdan zorla çıxarılan azərbaycanlıların bir qismini Qubadlı qəbul etmişdi. Rayon Dağlıq Qarabağla Ermənistan arasında yerləşdiyinə görə strateji əhəmiyyəti daha böyük idi və bunu gözəl başa düşən erməni təcavüzkarları Qubadlıda terror-təxribat əməlləri törədirdilər. Onlar Dağlıq Qarabağa Qubadlı ərazisindən keçid yaratmaq, dəhliz açmaq, buradan separatçılara silah-sursat daşımaq niyyətini həyata keçirmək istəyirdilər.

1989-cu ilin sentyabr ayında sovet qoşunlarının zirehli texnikalarının müşayiəti ilə Gorus istiqamətində Yazı düzü yolu ilə 150-160 avtomobildən ibarət maşın karvanının Qubadlı ərazisinə yaxınlaşması hadisələrin başlanmasının ilk işartıları idi. Həmin vaxt əhali ayağa qalxdı. Bütün yollar bağlandı. Əliyalın camaat maşın karvanının yolunu elə sərhəddəcə kəsdi. Avtomobil karvanı Xankəndi şəhərinə buraxılmadı. Geri qaytarılan avtomobil karvanı bir həftə Gorusun Xinzərək kəndində qaldıqdan sonra Laçın-Şuşa yolu ilə Xankəndinə yol tapa bildi və karvanı müşayiət edən zirehli texnika Laçın şəhərində faciələr törətdi.
Bu yurd yeri Ermənistanla 120 kilometr məsafədə həmsərhəddir. Ermənilər sərhəddə yerləşən Əliquluuşağı, Məlikməhəmmədli, Seytas, Eyvazlı, Qədili, Dovudlu, Novlu, Yuxarı Cibikli, Əyin, Çardaxlı, Tarovlu, Fərcan, Göyyal, Saldaş, Çərəli kəndlərinə hücum edir, yaşayış məntəqələrini atəşə tuturdular. 1989-cu ilin axırlarında isə rayonda vəziyyət son dərəcə ağırlaşmışdı. Düşmənin hücumlarının, təxribat əməllərinin qarşısını alan özünümüdafiə dəstələri yerli milis qüvvələri ilə birlikdə hərəkət edir, düşmən hücumlarına mərdliklə müqavimət göstərirdilər. 1993-cü ilin yayında Əliquluuşağı kəndi istiqamətində bir gündə 3 düşmən vertolyotunun vurulması və sonradan onlardan birinin qənimət kimi götürülməsi buna sübutdur. Lakin qüvvələr qeyri-bərabər idi. Təcavüzkar erməni dəstələri avtomat silahlardan, artilleriyadan, zirehli hərbi texnikadan gen-bol istifadə etdiyi halda, bizdə silahlar sadə ov tüfəng­ləri idi, hətta onların da sayı yetərincə deyildi. Bu dövrdə rayonun şərq tərəfdən geniş bir ərazisi müdafiəsiz qalmışdı. Həkəri çayı boyunca Zilanlı, Mahruzlu, Xanlıq kəndlərindən tutmuş Başarat zonasınadək yerli əhali ayağa qalxsa da, qüvvələr qeyri-bərabər idi. Zirehli texnikanın qarşısını almaq mümkün deyildi. Beləliklə, Qubadlı 1993-cü il avqustun sonlarında artıq ermənilərin mühasirəsində idi. Cəbrayılın axırıncı kəndləri – Çullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsindən sonra Qubadlının alınması bir an məsələsi idi. Həmin vaxt erməni təcavüzkarları mütəmadi olaraq Qafan, Gorus və Laçın istiqamətlərindən rayonu güllə atəşi altında saxlayırdılar. Qubadlılılar doğma torpaqlarını işğal etmək istəyən ermənilərə qarşı mərdliklə vuruşurdular. Ancaq bütün bunlara baxmayaraq, Qubadlının mərd sakinləri qeyri-bərabər döyüşdə rayonu tərk etmək məcburiyyətində qaldılar.
1993-cü il avqustun 30-da Gorusdan hücum edən erməni qoşunları Yazı düzündə müqavimətlə qarşılaşsa da, Laçından maneəsiz keçib Muradxanlı kəndinə daxil oldular. Qoşun hissələri Həkəri çayı boyu bütün kəndləri atəşə tutdu və həmin gecə Xanlıq kəndinə qədər olan yaşayış məntəqələri ermənilərin əlinə keçdi. 1993-cü il avqustun 31-də hərtərəfli mühasirəyə düşmüş Qubadlı işğal edildi.
Son anadək Qubadlı uğrunda qəhrəmanlıqla vuruşan döyüşçülərdən 54 nəfər şəhid oldu. Ümumilikdə isə münaqişə dövründə Qubadlı 238 şəhid verib, 146 nəfər sağlamlığını itirib. Bu gün Qubadlının Əliyar Əliyev, Bəylər Ağayev, Aslan Atakişiyev, Səfa Axundov, Ələkbər Əliyev, Kazımağa Kərimov, Aqil Məmmədov, Kərəm Mirzəyev, Vasili Əliyev kimi “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş igidləri var.
Qeyd etmək lazımdır ki, Qubadlı həm də tarixi və təbiət abidələri ilə zəngin olan yurd yerlərimizdəndir. Rayonun Aşağı Mollu və Həmzəli kənd­lərinin hər birində 9, Əliquluuşağı kəndində 5, “Gavur dərəsi” deyilən ərazidə isə IV əsrə aid 1 qədim mağara, V əsrdə tikilmiş Göy qala, Muradxanlıda Qalalı qalası, Xocamsaxlı kəndindəki abidələr öz tarixi əhəmiyyətləri ilə seçilir. Bu gün onların hamısı düşmən tapdağı altında qalıb. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, zəngin flora və faunaya malik, vaxtilə təbiət abidəsi kimi qorunan 20 min hektarlıq Qubadlı Dövlət Təbiət Yasaqlığı erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib. Qubadlının işğalından bir neçə ay sonra – 1993-cü il oktyabrın 14-də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 874 saylı qətnamə ilə zəbt olunmuş torpaqların boşaldılması tələb edilsə də, ermənilər tərəfindən bu günədək bir addım belə, atılmayıb. Lakin Azərbaycan Ordusunun gündən-günə güclənməsi, 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı onu göstərdi ki, xalqımız heç zaman işğal faktı ilə barışmayacaq, əksinə, tezliklə öz torpaqlarını düşmən tapdağından azad edəcəkdir. O zaman respublikamızın 50-yə yaxın şəhər və rayonunda məcburi köçkün həyatı yaşayan 30 mindən çox Qubadlı sakini də yenidən öz doğma yurdlarına qayıdaraq məhv edilmiş rayonda dövlətimizin gücü ilə öz gün-güzəranını yenidən quracaq. O günə isə lap az qalıb.

 Səbuhi HƏSƏNOV 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR