Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində əhaliyə sərnişindaşıma xidməti göstərən sürücülərin iştirakı ilə keçirilən növbəti seminar-müşavirəni Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin şöbə müdiri Elxan Novruzov açıb. Bildirib ki, muxtar respublikamızda digər sahələrlə yanaşı, avtomobil nəqliyyatı sahəsində də əsaslı islahatlar aparılıb. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, bu sahədə həyata keçirilən müxtəlif tədbirlər avtomobil nəqliyyatı ilə sərnişin daşınmalarının müasir tələblər səviyyəsində qurulmasına əlverişli şərait yaradıb.
Vurğulanıb ki, xidmətin reyd komissiyası Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsi ilə birlikdə müxtəlif günlərdə reydlər keçirib, şəhərdaxili və rayonlararası marşrutlarda hərəkət qrafikinə nəzarət artırılıb. Keçirilən reydlər zamanı qanunsuz sahibkarlıqla məşğul olan 87 avtonəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib və tədbir görülməsi üçün onlar haqqında məlumat müvafiq təşkilatlara göndərilib.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin sektor müdiri Zaur Əliyev çıxış edərək bildirib ki, şəhərdaxili nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətini təmin etmək üçün tədbirlər görülüb, Xətai məhəlləsində yeni obyektlərin istifadəyə verilməsi ilə əlaqədar 1 nömrəli marşrut xəttinin hərəkət istiqaməti uzadılıb, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə marşrut xətti açılıb. Həmçinin avtovağzalların fəaliyyəti də diqqət mərkəzində saxlanılıb, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının hərəkət qrafiki daha da təkmilləşdirilib. Beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobusların fəaliyyətinə nəzarət gücləndirilib.
Nail ƏSGƏROV