Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2019-cu ilin iyul ayında da davam etdirilmişdir.
Ordubad rayonu, Nüsnüs kənd Avtomat Telefon Stansiyasına 32 portluq Huawei MA5616 internet modulu əlavə edilmişdir. Naxçıvan şəhəri mikrorayon ərazisində yerləşən Avtomat Telefon Stansiyasına 5 ədəd 48 portluq internet modulu əlavə olunmuşdur. Bundan əlavə, Kəngərli rayon Şahtaxtı Avtomat Telefon Stansiyasına konvertor qoyularaq şəbəkənin sürəti 100 MB/s-dən 1GB-ə çevrilmişdir.
Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, Şərur rayon Aralıq, Dəmirçi və Düdəngə Telefon stansiyalarının hər birinə portların artırılması üçün 48 portluq DSLAM avadanlığı quraşdırılaraq asinxron rəqəmsal istifadəçi internet portlarının sayı artırılmışdır. Nömrə tutumlarının artırılması nəticəsində hesabat ayında 184 yeni telefon nömrəsi istismara verilmişdir.
Muxtar respublika ərazisində yeni tikilən kənd mərkəzlərinə, təhsil müəssisələrinə, dövlət təşkilatlarına fiber-optik xətlər çəkilir. İyul ayında muxtar respublika ərazisində, ümumilikdə, 8207 metr fiber-optik kabel xətti çəkilmiş, genişzolaqlı ADSL texnologiyası vasitəsilə 707 yeni abunəçi internetlə təmin olunmuşdur. Bu da muxtar respublikada rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir. Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri və real vaxt rejimində poçt məntəqələrində kommunal xərclərin yığılması davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti