Muxtar respublikanın gömrük orqanları tərəfindən əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin olunması, istehlakçıların hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son vaxtlar xarici bazarlarda saxta yollarla hazırlanmış yuyucu və təmizləyici vasitələrə, məktəbli ləvazimatlarına və digər mallara daha çox rast gəlinməsi bu cür məhsullara qarşı mübarizəni daha da aktual edir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Gömrük Ekspertizası İdarəsində “Saxta və keyfiyyətsiz idxal mallarına qarşı mübarizə” mövzusunda təlim keçirilib. Sözügedən təlimi Türkiyə Respublikasında fəaliyyət göstərən “Esfor” şirkətindən dəvət olunmuş mütəxəssislər aparıblar. Qeyd edək ki, saxta mallara qarşı mübarizə sahəsində 19 illik təcrübəsi olan bu şirkət dünyanın 190 firması ilə əməkdaşlıq edir.
“Esfor” şirkətinin rəhbəri Cengiz Gümüştüz qurumun iş prinsipi, yoxlamaların aparılması üçün istifadə edilən cihazlar, beynəlxalq təcrübədə saxta mallara qarşı mübarizə istiqamətində görülən işlərlə bağlı məlumat verib. Şirkətin eksperti Merve Eraslan “Procter&Gemble”, “Adel” və “Faber-Castell” şirkətlərinə aid olan malların orijinal və saxta olanının ayırd edilməsi üsullarını diqqətə çatdırıb, bu sahədə təmsil etdiyi qurumun təcrübəsini bölüşüb. Təlimçilər özləri ilə bərabər gətirdikləri nümunələrin timsalında malların orijinal və ya saxta olmasını müəyyən etməyi praktik olaraq izah ediblər.
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının da iştirak etdiyi təlimin sonunda sertifikatlar paylanılıb.
Rahil TAHİRLİ
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı