23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli lider Heydər Əliyev bütün həyatını canından çox sevdiyi xalqının xilasına, tərəqqisinə və xoşbəxtliyinə həsr edib. Bu mənada, 1993-cü il 15 iyun tarixindən ötən hər il ulu öndərimizin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri daha dərindən dərk olunur. Ümummilli lider Heydər Əliyev fərqli siyasi sistemlərdə millətinin qurtuluşuna nail olan yeganə dövlət xadimlərindəndir. 

Ötən əsrin 70-ci illərindən başlanan iqtisadi, milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkət­verici qüvvəyə çevrilməsinə zəmin yaratdı. Həmin dövrdə ictimai-­siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində əldə olunmuş uğurlar ulu öndərin gərgin əməyinin nəticəsidir.
Dahi şəxsiyyət Vətəni və xalqı naminə ən təhlükəli addımları belə, inamla atmışdır. 1987-ci ildə Mos­kvada olarkən təhdidlərə baxmayaraq, Sovet İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən istefa verərək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etməklə milli iradə, qətiyyətli və prinsipial mövqe, həqiqi vətənpərvərlik nümayiş etdirmişdir. Bu kəskin bəyanatdan sonra milli liderimizin Moskvada yaşaması mümkün olmadı. O, 1990-cı il iyulun 20-də Bakıya gəldi. Lakin burada – vaxtilə qurub-yaratdığı şəhərdə qalmaq, ağır fəlakət anında xalqı ilə bir yerdə olmaq imkanı verilmədiyindən iki gün sonra, iyulun 22-də doğma Naxçıvana qayıtmış və buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etmişdir.

Ulu öndərimiz ötən əsrin 70-80-ci illərində Azərbaycanı böyük bəlalardan qurtararaq onu müstəqilliyə hazırlamışdırsa, 1990-cı ilin noyabr ayında Naxçıvanda dövlət müstəqilliyinin bərpası istiqamətində tarixi qərarlar qəbul edərək müstəqil dövlətçiliyin əsasını qoymuşdur. Ümummilli liderimizin muxtar respublikamızda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illər təkcə Naxçıvanda deyil, bütün Azərbaycanda mühüm rol oynamışdır. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi xalqımızın azadlıq məfkurəsinin real­lığa çevrilməsi üçün ulu öndərin rəhbərliyi altında tarixi qərarlar qəbul etmişdir. Sovet İttifaqının saxlanılması üçün qanunsuz referendum muxtar respublikada keçirilməmiş, Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə ümummilli ­liderin sədrliyi ilə Naxçıvan parlamentində qaldırılmış, Naxçıvan Muxtar Respublikasının adından “Sovet So­sialist” sözləri çıxarılmışdır. Dünya azərbaycanlılarının həmrəyliyinin əsasının qoyulması, blokada şəraitində yaşayan Naxçıvanın işğaldan xilas edilməsi, burada çoxşaxəli iqtisadi islahatların aparılması dahi rəhbər Heydər Əliyevin qətiyyəti və təşəbbüsü nəticəsində mümkün olmuşdu.
Dahi şəxsiyyət çoxşaxəli fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaratmış, muxtar respublikada milli dövlətçiliyin qurulması istiqamətində nəhəng işlər görülmüşdü. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində ümummilli ­liderin rəhbərliyi ilə Naxçıvan inkişaf edir, cəmiyyət quruculuğu sahəsində qətiyyətli addımlar atılırdı. Azərbaycan xalqı belə cəsarətli, düşünülmüş və məqsədyönlü, ümummilli mənafelərə xidmət edən addımların ölkə miqyasında da atılmasını tələb edirdi. Çünki 1990-1993-cü illərdə Azərbaycanda baş verən hadisələr onu göstərdi ki, ölkəmizin nicatı Heydər Əliyev ideyalarında, Heydər Əliyev yolundadır.
Həmin dövrdə Azərbaycan 1991-ci ildə bərpa olunmuş müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Ölkə­mizdə anarxiya və xaos hökm sürürdü. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti ölkəmizi dərin böhrana sürükləmişdi. Azərbaycan xalqı varlığının, ölkənin bütövlüyünün, yenicə qazanılmış müstəqilliyin qorunub saxlanılmasını istəyirdi. Ancaq mövcud hakimiyyət və onun rəhbərləri buna heç cür qadir deyildi. Ölkədə vətəndaş müharibəsi başlamışdı. 1993-cü il iyunun 4-də Gəncədə qarşıdurma yaşanmış, qardaş qanı tökülmüşdü. Gəncədə baş verən hadisələrə də ilk dəfə iyunun 5-də ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi münasibət ­bildirmişdi.
Azərbaycan real olaraq parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Bir sözlə, qurtuluş Azərbaycanda qaçılmaz zərurətə çevrilmişdi. Bu qurtuluşu isə yalnız ümummilli ­liderimiz Heydər Əliyev kimi dahi şəxsiyyət həyata keçirə bilərdi.
1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmışdır. Bununla da, ölkəmizdə milli qurtuluş hərəkatının əsası qoyulmuş və 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli Qərarı ilə dahi şəxsiyyətin ölkə ­rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir.
Ümummilli liderimizin xilaskarlıq missiyası onun Azərbaycanın taleyində uğurla yerinə yetirdiyi digər tarixi vəzifə – quruculuq missiyası ilə qoşadır. Bunların hər ikisi müəyyən tarixi mərhələdə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün ifadəsi kimi çıxış etmiş, ölkənin həm mövcud­luğunun, həm də inkişafının təminatı vəzifəsini yerinə yetirmişdir. Bu mənada, quruculuq missiyası ­xilaskarlıq missiyasının məntiqi davamı kimi qiymətləndirilə bilər.
Qurucu rəhbərin tarixi xidmətləri sayəsində Azərbaycan yenidən 1969-cu ildəki inkişaf yoluna qayıtmış, milli istiqlalımızın qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində misilsiz işlər görülmüşdür. Müdrik rəhbərin uzaqgörən siyasəti nəticəsində ölkədəki özbaşınalıq, anarxiya aradan qaldırıldı, qanunların aliliyinə, hüquqi-demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu. Görkəmli dövlət xadiminin tarixi xidmətləri sayəsində Azərbaycanda iqtisadi tərəqqiyə geniş rəvac verən qlobal layihələrin gerçəkləşdirilməsinə başlanıldı. Xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Ölkəmiz beynəlxalq təşkilatlarda layiqincə təmsil olunmağa başladı, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edildi. Müstəqil Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi, hərtərəfli, möhtəşəm yüksəlişin baş verməsi ulu öndər Heydər Əliyevin fəaliyyətinin saysız-­hesabsız bəhrələrindəndir. Bir sözlə, 1993-2003-cü illərdə ulu öndər ­Heydər Əliyev müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamisi, Azərbaycanın qurucusu kimi öz sağlığında xalqın qəlbində əbədi yer tutdu.
Ulu öndər Heydər Əliyevin adı bu gün Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz.
Ümummilli liderimiz müstəqil Azərbaycana rəhbərliyi dövründə xalqımızın min illərin sınağından çıxmış milli dəyərlərinə, mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, folkloruna həddən artıq bağlı olmaqla, onların olduğu kimi xalqa qaytarılması qayğısına qalmışdır.
Dahi rəhbərin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan Azərbaycançılıq ideyasını irəli sürməsi, milli birlik meyillərinin daha da dərinləşdirilməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş ­etdirmişdir.
Ötən dövrün təhlili bir daha təsdiqləyir ki, Azərbaycanın inkişafında 15 İyun Milli Qurtuluş Günündən başlanan yeni mərhələnin alternativi yoxdur. Azərbaycan dövlətini labüd fəlakətlərdən, hərc-mərclikdən xilas edən dahi şəxsiyyət Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan bu gün inkişaf edən dövlətlər sırasında öz layiqli yerini tutub.
Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında böyük inkişaf yolu keçib. Son illər rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq işləri qədim Naxçıvanın hüsnünü daha da gözəl­ləşdirib. Həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın yeni­tipli məktəblərə, səhiyyə ocaqlarına, yeni texnologiya ilə təchiz olunmuş işlək sənaye müəssisələrinə, hər qarış torpağı əkilib-becərilən kənd təsərrüfatına malik inkişaf etmiş qabaqcıl diyarına çevrilib.
Qurtuluşdan başlanan sürətli inkişaf yolu doğma Naxçıvanımızı müasirliyə qovuşdurub. Bunun ifadəsidir ki, Naxçıvan şəhəri ötən il üçün İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı ­seçilib, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu “Caspian European Club”un 2017-2018-ci illər üçün Azərbaycanın iqtisadi regionlarının 18 parametr üzrə hazırlanmış illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq lider olub.
Artıq Naxçıvanda ərzaq və enerji təhlükəsizliyi tam təmin olunub. Torpaqlarımız etibarlı müdafiə olunur. 2018-ci ildə Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər işğaldan azad edilib. Naxçıvanda həyata keçirilən uğurlu ekoloji ­siyasət nəticəsində bu gün muxtar respublikada yaşıllıqların sahəsi 20 faizə qədər artırılıb. Şəhərdə də, kənddə də müasir yol şəbəkəsi qurulub. Naxçıvanda məşğulluq təmin olunub, yeni xidmət və istehsal sahələrinin yaradılması iş yerlərinin açılmasına səbəb olub, məskunlaşma artıb. Muxtar respublikada dövlət gənclər siyasəti uğurla həyata keçirilir, gənc nəslin təhsil və tərbiyəsi qayğısına qalınır. Bu gün Naxçıvan gənci peşəkar mütəxəssis, ən əsası isə Vətənə və dövlətçiliyə bağlı əsl vətəndaş kimi yetişməkdədir. Təbii ki, bunların hamısı Milli Qurtuluş Gününün bəhrələridir.
Bir sözlə, müasir Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası bu gün əldə etdiyi bütün uğurlara görə ulu öndərimizin 1993-cü ildə ali hakimiyyətə qayıdışına, Milli Qurtuluş Gününə borcludur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəsdir. Ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və bu gün müstəqil Azərbaycanda sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza görə Milli Qurtuluş Gününə borcluyuq. Bu bayram bizim üçün bir də ona görə müqəddəsdir ki, o, ulu öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ulu ­öndərin 1969-cu ildə ölkəmizdə birinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın dirçəliş və çiçəklənmə dövrü kimi səciyyələnirsə, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin yazılması ilə əlamətdardır. Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR