23 Dekabr 2024, Bazar ertəsi

İyunun 10-da Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilk olaraq ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edərək önünə əklil qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Məlumat verilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla Naxçıvan şəhərində yaradılıb, 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Ulu öndər Heydər Əliyev 1999-cu il oktyabrın 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək bu mədəniyyət müəssisəsinin ekspozisiyası ilə tanış olub. Muzeydə ulu öndərin ictimai­-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən eksponatlar qorunub saxlanılır.
Nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərindəki büstü önünə əklil qoyduqdan sonra Şəhidlər xiyabanını, türk şəhidlərinin şərəfinə ucaldılmış abidəni və “Ana abidəsi”ni ziyarət ediblər.
Sonra Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın Əlahiddə Ümumqoşun Ordunun Qərargah binasının qarşısında rəsmi qarşılanma mərasimi olub. Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iştirak edib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Türkiyə Respublikasının Milli Müdafiə naziri qərargah binasında “Xatirə kitabı”nı imzalayıb.
Türkiyə və Azərbaycan respublikalarının Müdafiə nazirlərinin geniş tərkibdə görüşündən sonra qonaqlar Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsindəki Təlim­-Tədris Mərkəzi ilə tanış olub, burada müxtəlif virtual atış təlimlərini izləyiblər. “N” hərbi hissənin əsgər yeməkxanası ilə tanışlıqdan sonra qonaqlar Heydər Əliyev Liseyini ziyarət ediblər. Burada nümayəndə heyətinə liseyin fəaliyyəti, tədrisin təşkili, ordumuzun kadr potensialının təmin olunmasında məktəbin rolu haqqında ətraflı məlumatlar verilib.
Qeyd edək ki, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri davam edir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR