23 Dekabr 2024, Bazar ertəsi

1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə böyük hərflərlə yazılıb. Məhz həmin gün xalqımız özünün əsrlərlə arzusunda olduğu müstəqilliyinə qovuşub. Bu tarixi hadisə, ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi idi. Yaranması çox mürəkkəb bir tarixi dövrə təsadüf edən Azərbaycan Xalq Cümhuriyyəti bütün türk və müsəlman dünyasında dünyəvi təməl üzərində qurulan ilk demokratik dövlət idi.

Birinci Dünya müharibəsində çar Rusiyasının ağır vəziyyətə düşməsi, eyni zamanda imperiya mərkəzində baş vermiş inqilab imperiyanın müstəmləkələrində yaşayan xalqların azadlıq uğrunda mübarizəyə qalxması ilə nəticələnmişdi. 1918-ci ilin fevralında yaradılmış Zaqafqaziya seymi həmin il may ayının 25-də dağıldıqdan sonra mayın 27-də seymin 44 nəfərlik müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk milli hökuməti yaratmaq üçün Tiflisdə toplaşmışdır. Fraksiya Azərbaycanın idarə olunmasını öz üzərinə götürərək Azərbaycan Milli Şurasını yaratmışdır. Milli Şuranın 1918-ci il mayın 28-də keçirilən birinci iclasında Azərbaycanın müstəqil respublika elan edilməsi qərara alınmış və 6 bənddən ibarət İstiqlaliyyət Bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə Azərbaycanın tamhüquqlu müstəqil dövlət, onun idarə forması isə xalq cümhuriyyəti olaraq göstərilirdi. Elə həmin gündə Milli Şuranın tapşırığı, Fətəli xan Xoyskinin başçılığı ilə 9 nəfərdən ibarət cümhuriyyətin ilk hökumət kabineti təşkil edilmişdir. Milli hökumət 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batum müqaviləsini bağladıqdan sonra Osmanlı imperatorluğu Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət oldu.

Həmin dövrdə Bakı şəhəri Xalq Komissarları Sovetinin nəzarətində olduğu üçün 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və müvəqqəti hökumət Tiflisdən Gəncəyə köçmüşdür. Bir gün sonra Gəncədə Milli Şura öz fəaliyyətini müvəqqəti olaraq dayandırmış və Müəssislər Məclisi çağırılanadək bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış ikinci hökumətə həvalə etmişdir. İndi milli hökumətin qarşısında duran ən böyük vəzifə Bakını işğalçılardan azad etmək, bütün ölkə ərazisində Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətini bərqərar etmək idi. Buna görə də milli ordu birlikləri yaratmaq ən zəruri addım idi və iyunun 26-da müsəlman hərbi korpusunun ayrıca Azərbaycan Korpusuna çevrilməsi ilə ölkəmizdə ilk Milli Ordu yaradılmasının əsası qoyulmuşdur. Təxminən, iki ay yarımlıq bir müddətdən sonra 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin birləşmiş hərbi qüvvələrinin mübarizəsi sayəsində Bakı azad edilmiş, sentyabrın 17-də Azərbaycan hökuməti Bakıya köçmüşdür.

Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına uyğun olaraq hökumət tərəfindən Müəssislər Məclisinin çağırılması üçün bir sıra tədbirlər həyata keçirilsə də, ölkədə yaranmış ağır ictimaisiyasi vəziyyət parlamentə seçkilər keçirməyi çətinləşdirirdi. 1918-ci il noyabrın 16-da toplanan Milli Şura mövcud fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar olaraq ali hakimiyyət orqanı kimi “Azərbaycan Parlamentinin yaradılması haqqında” Qanun layihəsini hazırlamış və həmin il noyabrın 19-da bu qanunu qəbul etmişdir.

Milli Şura tərəfindən təşkil edilmiş parlamentin 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin binasında təntənəli açılışı olmuşdur. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan Parlamenti davamlı olaraq fəaliyyət göstərdiyi 17 ay ərzində müstəqil dövlət quruculuğu istiqamətində misilsiz işlər görmüşdür. Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilmiş, parlamentin işində Azərbaycanın ziyalı və ictimai fəal qadınları iştirak etmişlər. Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransında uğurlu diplomatik fəaliyyəti sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycan müstəqil dövlət kimi tanınmışdır. Xalq cümhuriyyəti fəaliyyət göstərdiyi dövr ərzində 20-dən çox dövlətlə diplomatik əlaqələr yaratmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti çox çətin və mürəkkəb dövrdə fəaliyyət göstərmişdir. Həmin dövrdə taleyüklü məsələlərdən biri də ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etmək idi. Ümumi ərazisi 113,9 min kvadratkilometrə çatan Azərbaycanın qədim Zəngəzur, Qarabağ və Naxçıvan torpaqları əsassız erməni iddiaları və təcavüzü ilə üz-üzə qalmışdı. Lakin Naxçıvan əhalisi regionun Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması üçün inadla mübarizə aparırdı və milli qüvvələrin səyi nəticəsində 1918-ci il noyabrın 18-də burada ArazTürk Respublikası yaradılmışdır. Bu respublikanın ərazisi Naxçıvan, Şərur-Dərələyəz, Ordubad və Sürməli qəzalarını, Sərdarabad, Uluxanlı, Qəmərli, Vedibasar, Mehri və başqa bölgələri əhatə edirdi. Sahəsi 8,7 min kvadratkilometr, əhalisi isə 1 milyon nəfərə yaxın olan respublikanın paytaxtı Naxçıvan şəhəri idi. Araz-Türk Respublikası Naxçıvanın daşnak hücumlarından qorunmasında böyük rol oynadı. Eyni zamanda milli hökumət də Naxçıvanı qorumaq üçün imkan daxilində köməklik göstərir, siyasi dəstək verir, hərbi, iqtisadi və mədəni cəhətdən yardımlar edirdi. Naxçıvan məsələsi bir neçə dəfə Azərbaycan Parlamentində müzakirə edilmiş, erməni təcavüzünün qarşısını almaq üçün əməli tədbirlər görülmüş, Naxçıvanı Ermənistanın müvəqqəti idarəçiliyinə vermək istəyən ingilis və amerikalılarla danışıqlar aparılmış, kəskin etiraz bildirilmişdi. Azərbaycan hökuməti Naxçıvan əhalisinin iradəsini ifadə edərək bildirmişdir ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir və milli hakimiyyət orqanları tərəfindən idarə olunacaqdır. Azərbaycan Xalq Cümhuriyyətinin Baş nazirləri olmuş Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli Naxçıvanın Azərbaycan ərazisi kimi qorunub saxlanılması üçün bütün vasitələrdən istifadə edir, qəhrəman naxçıvanlıların fəaliyyətini yüksək qiymətləndirirdilər.

Fətəli xan Xoyski parlamentin iclasında Naxçıvan bölgəsinin qəhrəman əhalisinin Vətənə qovuşmaq üçün öz həyatları və ailələri ilə risk edərək mübarizəyə qalxıb azadlığa çıxdıqlarını söyləmişdi. Nəsib bəy Yusifbəyli 1919-cu il dekabrın 22-də parlamentdəki çıxışında Naxçıvanın öz qüvvələri ilə istilaçıları devirərək, Azərbaycanla birləşməyə hazır olduğunu bildirərək demişdir: “İgid naxçıvanlılar, şərurlular bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar...”

Beləliklə, ölkədə yaranmış mürəkkəb ictimai-siyasi və hərbi vəziyyət bəzi hallarda hökumətin öz məqsədlərinə tam çata bilməməsinə səbəb olsa da, naxçıvanlıların igidliyi və qəhrəmanlığı sayəsində bu qədim diyar Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərsə də, xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bu qısa tarixi dövr Azərbaycan xalqının dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərmişdir. Ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi”.

Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi, Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, müstəqillik ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək özünün müstəqillik mübarizəsi üçün böyük potensial yaratdı və bunun məntiqi nəticəsi kimi ötən əsrin sonlarında Azərbaycan əsrin əvvəllərində itirdiyi müstəqilliyini yenidən bərpa etdi. Lakin bu dəfə də erməni təcavüzü ilə üzləşərək torpaqlarının işğalı və müstəqilliyinin itirilməsi təhlükəsi ilə rastlaşdı. Tarixi hadisələr göstərir ki, Azərbaycan xalqı müstəqil dövlətini yaratmaq istəyəndə daim erməni faktoru ilə üzləşmiş, Azərbaycanın müstəqil dövlət olmasını istəməyənlər “erməni məsələsi”ndən yetərincə istifadə etmişlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış gərgin vəziyyəti belə xarakterizə etmişdir: “Bütün tarix boyu xalqımızın müstəqillik arzusu ilə yanaşı, bu istəyə qarşı həyata keçirilmiş faciə və soyqırımı hadisələri də heyrətamiz şəkildə təkrar olunmuşdur. Xalqımızın bəxti onda gətirmişdir ki, ötən əsrin sonlarında nail olduğumuz ikinci dövlət müstəqilliyi üçün real təhlükə yarandığı bir dövrdə Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yenidən ali hakimiyyətə qayıtmış, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi arzudan reallığa çevirmişdir”.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumuş və möhkəmləndirmişdir. Bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr etmiş ümummilli liderin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olunmuşdur. Həmin qərarlara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul olunmuş və bu bayraq ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas salonunda qaldırılmışdır. Dahi şəxsiyyət Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində rolunu həmişə yüksək qiymətləndirmiş, cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik arzularını daha da gücləndirdiyini bildirmişdir. Ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin 75 illik yubileyi ilk dəfə Naxçıvanda qeyd olunmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələblərindən sonra ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmiş, dövlət müstəqilliyimiz möhkəmləndirilmişdir. Ötən dövrdə Azərbaycan beynəlxalq hüququn subyekti kimi sübut etmişdir ki, o, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ləyaqətli varisidir, onun davamçısıdır və ənənələrinə sadiqdir. Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd olunmuşdur.

Bu gün Azərbaycan iqtisadi, siyasi, hərbi gücünə görə artıq regionda lider mövqe tutmuşdur. Müstəqilliyimizin bizə verdiyi bəhrələr ölkəmizin bütün dünyada tanınmasına, qəbul olunmasına imkan vermişdir. İndi müstəqil Azərbaycan dövləti mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir, öz milli, mədəni və multikultural dəyərləri ilə dünya ölkələri üçün əsl nümunəyə çevrilir. Ulu öndərimiz tərəfindən müəyyənləşdirilmiş siyasi xəttin uğurla davam etdirilməsi Azərbaycanın müstəqilliyinin əbədi, daimi və dönməz olduğunu bundan sonra da təmin edəcəkdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR