31 may-8 iyun tarixlərində Rumıniyanın Mamaia şəhərində keçirilən şahmat üzrə məktəblilər arasında Avropa çempionatında Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 4 zəka sahibi də mübarizə aparıb.
İyunun 13-də Naxçıvan Dövlət Universitetində çempionatdan uğurla qayıdan şahmatçılarla görüş keçirilib.
Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək deyib ki, şahmat idman növü olmaqla yanaşı, uşaqların zehni inkişafında da mühüm rol oynayır. Muxtar respublikada bütün sahələrlə yanaşı, şahmatın da inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində son illər Naxçıvanda şahmatın inkişafı sahəsində böyük nailiyyətlər qazanılır. Muxtar respublikanın bütün məktəblərində şahmatın tədris olunması, rayonlarda şahmat məktəblərinin fəaliyyət göstərməsi Naxçıvanda dünya əhəmiyyətli şahmatçıların yetişməsi üçün əsaslı zəmin yaradıb. Uğurla başa çatan “Naxçıvan 2019” Beynəlxalq Şahmat Festivalı Naxçıvanın beynəlxalq şahmat mərkəzinə çevrildiyini bir daha təsdiq etdi. Artıq naxçıvanlı şahmatçılar beynəlxalq turnirlərdə, dünya və Avropa birinciliklərində yüksək nəticələr əldə edirlər. Seymur Talıbov yaradılan hərtərəfli şəraitdən bəhrələnməyi, yarışlara daha ciddi və səylə çalışmağı tövsiyə edib.
Naxçıvan Şahmat Mərkəzinin direktoru Emin Hacıyev və mərkəzin digər müəllimləri muxtar respublikada şahmatın inkişafı üçün yaradılan şəraiti yüksək qiymətləndirib, bundan sonrakı yarışlara daha böyük məsuliyyətlə hazırlaşacaqlarını qeyd ediblər.
Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov şahmatçıları və onların müəllimlərini mükafatlandırıb.
Qeyd edək ki, şahmat üzrə məktəblilər arasında Avropa çempionatında oğlanlardan 9 yaş qrupunda şahmatçımız Əli Məmmədli 50 zəka sahibi arasında 9 mümkün xaldan 5,5-ni toplayıb və qitə birinciliyini 13-cü pillədə başa vurub. 11 yaşlı oğlanların iştirak etdiyi qrupda İlkin Qəbulov 5,5 xalla çempionatı 15-ci pillədə başa vurub. 15 yaşlı qızların iştirak etdiyi qrupda muxtar respublikanı Nəsrin Babayeva təmsil edib. Şahmatçımız 4 xal toplayaraq qitə birinciliyini 14-cü yerdə tamamlayıb. Birincilikdə ən uğurlu nəticəyə isə 17 yaşlı FİDE ustamız Sadiq Məmmədov imza atıb. Keçirdiyi 9 görüşdən 6,5 xal toplayan zəka sahibimiz Avropa çempionatında üçüncü olub.
“Şərq qapısı”