2019-cu ilin iyun ayının ilk 15 günü ərzində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 iyun tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilmişdir. Qərara əsasən Peşə təhsili müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli həyata keçirilir.
Həmin tarixdə “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilmişdir. Qərara görə, Ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir.
Eyni zamanda “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Qərar qəbul etmişdir. Bu Qayda Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir şəxsin əlavə təhsilinin istiqamətini, məzmununu, formasını, təşkilini və onlara müvafiq sənədin verilməsi ilə bağlı münasibətləri tənzimləyir.
Həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə” Qərar qəbul edilmişdir. Nümunəvi Nizamnaməyə əsasən orta ixtisas təhsili müəssisəsinin fəaliyyət istiqamətləri orta ixtisas təhsili proqramlarının həyata keçirilməsi, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisəsinə qəbul olunanlar üçün orta ixtisas təhsili proqramları ilə yanaşı, tam orta təhsil proqramının da həyata keçirilməsi, eləcə də əlavə təhsil proqramlarının həyata keçirilməsindən ibarətdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.
Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin mətbuat xidməti