Bəlkə də, adı çəkiləndə mənim kimi yüzlərlə Ələsgərsevərin qulaqlarında ilk çığnayan aşığın “Çərşənbə günündə, çeşmə başında, gözüm bir alagöz xanıma düşdü” sevdalı misraları olur. O sevda ki, az sonra həmin gözəl xanımın “nişanlıyam, özgə malıyam” deməsi ilə Ələsgərin qol-qanadının sınıb yanına düşməsi, xəyallarının çeşmə sularında qərq olması bir olur. Şair üçün bu bir təsadüf, yoxsa bəxtsizlikmidir, bilmirəm, bizim üçün hələ məktəb illərindən əzbərlədiyimiz ən gözəl qoşma idi. Lakin sonralar öyrənəndə ki, Ələsgər 40 yaşında ailə qurub, onda anladım ki, bəli, “Güllü”, “Gülpəri”, “Güləndam”, “Telli”, “Ceyran”, “Xurşid”, “Müşkinaz”, “Maral”ın hər səfası xoş olsa da, onun ağlını başından alsalar da, “Səni gördüm, əl götürdüm dünyadan”, – deyən aşığın qisməti, alın yazısı olmayıblar. Bəlkə, elə buna görə “Gözü yaşlı, еy füqəra Ələsgər, işi əysik, baxtı qara Ələsgər, olmadı dərdinə çara, Ələsgər, həsrət əlin o dildara yеtmədi”, – deyib gileyləndi həyata... Bəlkə, elə buna görə divanəyə çevrildi, aşiq aşığı oldu, sözü cilalayıb, düzüb-qoşub qoşma, dodaqdəyməz, cığalı, müstəzad təcnis, müxəmməs, divani, gəraylı, bağlama, həcv və hərbə-zorba, deyişmə, qəzəl, mərsiyə, dastan-rəvayət adlı lələ çevirib bir xəzinə yaratdı, Aşıq Ələsgər. Bütün bunlar bəhs etməyəndə isə el-el gəzdi, sazını sinəsinə sıxıb həyatının mənasını söyləmələrində, deyişmələrində, bağlamalarında tapdı. Bu yolda müdrikləşdi, aqilləşdi, ağsaqqallaşdı, hər kəsin həsəd, eyni zamanda hörmət etdiyi insan oldu. Məclislər, toylar bəzəyinə çevrildi. Sorağı Azərbaycana, hətta ölkəmizdən kənara yayıldı. Onu görmək, tanımaq, dinləmək üçün insanlar məqam axtarmağa başladılar. Bu da hər kəsə nəsib olmayan bir qismət idi ki, Aşıq Ələsgərlə bir məclisdə ola, onu dinləyə, qarşısındakı aşıqların əlindən sazını almasını izləyə. Çünki Aşıq Ələsgər sıradan aşıqlardan deyildi, “Aşıq olub, diyar-diyar gəzənin, əvvəl, başda pür kamalı gərəkdi, oturub-durmaqla ədəbin bilə, mərifət еlmində dolu gərəkdi” mərifətlərinə malik, “Danışdığı sözün qiymətin bilə, kəlməsindən ləlü gövhər süzülə, məcazi danışa, məcazi gülə, tamam sözü müəmmalı gərəkdi” dəyərinə qadir aşıqdı. Haqq aşiqi və haqq aşığı olduğu üçün özü haqqında dediyi “Ələsgər haqq sözün isbatın vеrə, əməlin mələklər yaza dəftərə, hər yanı istəsə, baxanda görə, təriqətdə bu sеvdalı gərəkdi” sözlərini tamamilə haqq edirdi.