Naxçıvana gəldiyim ilk il idi... Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr verən görkəmli Azərbaycan mütəfəkkiri Nemətullah Naxçıvaninin araşdırılması və əsərlərinin üzə çıxarılması üçün 2018-ci il 29 oktyabr tarixli Sərəncam imzaladı. Bu sərəncamın içimdə yaratdığı xoşbəxtliyi və həyəcanı, minnətdarlıq duyğusunu təsvir edə bilmirəm. Dövlət keçmişi ilə ayaqdadır. Keçmişi olmayan bir ölkənin gələcəyi yoxdur. Naxçıvanın elm, mədəniyyət sahəsində bu sərəncamın dəyəri indilik, bəlkə də, tam olaraq dərk edilə bilməsə də, yaxın gələcəkdə ölkənin elminə, fikir və düşüncələrinə nə qədər böyük töhfə verəcəyini birlikdə görəcəyik. Bu möhtəşəm və vacib addıma görə Ali Məclis Sədrinə minnətdarlıq hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm.
Şübhəsiz ki, Naxçıvanın mədəni həyatına təsir edən alim təkcə Nemətullah Naxçıvani deyildir. Naxçıvan sivilizasiyasına çoxsaylı alimlər təsir göstərmiş və möhtəşəm izlər qoymuşlar. Zamanla bunlar da ortaya çıxarıldıqda və əsərləri ilə müasirlərimizə çevrildikdə, tarixlə bağımızı daha əsaslı şəkildə bərpa edəcək və soykökümüzə dönəcəyik.
Baba Nemətullahın həyatı, əsərləri və gəzdiyi yerlər haqqında danışmayacağam. Çünki bunlar kiçik bir məqalənin hüdudlarını aşar. Sərəncamın icrasından sonra bu barədə maraqlı elmi-tədqiqat işləri aparılmaqdadır. Mən onun təsəvvüf yönü və ən vacib əsəri olan təfsirindəki şərhlərinə aid iki məsələyə toxunmaq istəyirəm.
Nemətullah Naxçıvani sufi bir alim idi. Təsəvvüf nədir, bunun mənası nədir və kimlərə sufi deyilir kimi sualları cavablandırmaq uzun bir araşdırmadır. Mən, sadəcə, təsəvvüf haqqında bir neçə kəlmə məlumat verməklə kifayətlənəcəyəm. Təsəvvüf haqqında çox fikirlər söylənilir. Bunlardan bəziləri belədir: “Pis vərdişləri tərk etmək və yaxşı vərdişlərə yiyələnmək”, “Həqiqətlə və Onun hüzurunda olmaqdır”, “Təsəvvüf başdan ayağa ədəbdir”, “Nəfisdən uzaq, Haqq ilə sonsuz”, “Təmiz bir qəlbi, saf ürəyi olmaqdır”, “Hər kəsin yükünü daşımaq, heç kimə yük olmamaqdır”, “Heç kimdən inciməmək, heç kimi incitməməkdir”. Bu izahlara baxdığımızda təsəvvüfü hər bir sufinin öz daxili aləminə uyğun mənalandırdığı başa düşülür. Təsəvvüfü, qısaca, belə izah etmək mümkündür: “İnsana Allahı görmüş kimi ibadət həzzinə çatmağın yolunu göstərən elmdir”. Təsəvvüf Mövlana Cəlaləddin Ruminin “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol” sözləridir.
Bütün bunlardan da anlaşıldığı kimi, bir sufi sözləri ilə deyil, davranışları ilə seçilən bir insandır. Başqa sözlə, danışmaqdansa, hal və davranışı ilə insanlara nümunə olan, gözəl olanı üzə çıxaran şəxsdir. Bu xüsusiyyət çox az insanın əldə edə biləcəyi nümunəvi bir fəaliyyətdir. Çünki insan bir çox şeyi öyrənə bilər, amma bildiyini özündə cəmləşdirə bilmirsə, həyatında əks etdirə bilmirsə, bunun bir əhəmiyyəti olmayacaqdır.
Bu gün müasir təhsil sistemi davranışı, şəxsi xüsusiyyətləri və ya bəzi xüsusi keyfiyyətləri ilə seçilən şəxslərin nümunə götürülməsini, təqdir olunmasını ən uğurlu metod kimi qəbul edir. Belə ki, evdəki valideynlər, məktəbdəki müəllimlər, iş həyatındakı idarəçilər... nümunəvi şəxsiyyət olduqda cəmiyyətin bütün üzvləri onlardan örnək götürəcək, yalnız quru biliklərlə kifayətlənməyəcək, hal və davranışlarını mənəvi cəhətdən inkişaf etdirəcəklər.
Baba Nemətullah da məhz zahiri və daxili aləmi ilə eyniyyət təşkil etmək, olduğu kimi görünmək, inandığı dəyərlərə səmimi qəlbdən bağlanma qabiliyyətinə sahib olan nümunəvi bir tarixi şəxsiyyətdir. Təfsirində tez-tez bu məsələyə toxunar, öz dövründə yaşamış və özlərini peyğəmbərlərin varisi hesab edən, sözü ilə əməli bir olmayanları tənqid edərdi.
O, “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsərində yazırdı: “Mən Yaradan və onun yaratdığı varlıqlar haqqında danışanda nə dediyi aydın olmayan saxta sufi deyiləm. Əksinə, mən forma və adətlərə bağlı olmayan həqiqi sufilərin xidmətçisiyəm”.
Baba Nemətullahın təfsiri bir çox xüsusiyyəti ilə seçilir. Təfsirində diqqəti çəkən vacib bir xüsusiyyət hər surəni təfsir edərkən bunu bir ön söz (fatihə) mahiyyətində bir giriş ilə başlaması və oxucuya nəsihəti (xətimə) ilə bitirməsidir. Surələrin əvvəlindəki “Bismillahirrəhmanirrəhim” cümlələrinin hər biri həmin surənin mənasına uyğun şəkildə məna verir və təfsir edilir.
“Qurani-Kərim”də ilk surə “Fatihə”dir. Bu surə müqəddəs kitabımızın bir müqəddiməsidir. Naxçıvani bu surənin ilk ayəsini belə şərh edir: “Üstün-metafizik aləmdən varlıq aləminə gəldikdə, Allahın təkliyi “Allah” sözü ilə izah edilir. Zira onu başqa bir sözlə təsvir etmək mümkün deyildir. Yaradılan və gələcəkdə yaradılacaq hər bir varlığın həqiqəti, Allahın varlığı və birliyinin adları və xüsusiyyətlərinə daxildir. Ürəyi açıq olanlar bu varlıqlara “mütləq düzəlişlər, dəyişməz həqiqətlər” deyirlər... Ər-Rəhman kəlməsi Zat-ı İlahi, bütün adları, atributları, bilik və fəaliyyətləri ilə özünü büruzə verərək, varlıqları mərhələlərlə, müxtəlif xüsusiyyətlərdə, fərqli rənglərdə və təbiətdə, saysız-hesabsız forma və görünüşdə yaratdıqda və bununla da sonsuz gücünü və qüdrətini göstərdikdə, bu “Rəhman” adı ilə ifadə edilir. Ər-Rəhim adı, dəftər səhifələrinin bağlanması kimi çoxsaylı hissədən ibarət olan varlıq dünyasını məhv etdikdə, Rəhim adı ilə izah edilən əbədi varlığını göstərir” (“Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsərindən).
Naxçıvani, müqəddəs “Qurani-Kərim”də ikinci surə – “sığır” mənasını verən “Bəqəra” surəsinin əvvəlindəki “Bismillahirrəhmanirrəhim” ifadəsini belə şərh edir: “Tək və yeganə olan, yaratdığı varlıqların heç birinə möhtac olmayan, dünyanı və varlıqları öz adları və sifətləri ilə əhatə edən, onları içinə alan Allahın adı ilə. Allah öz ruhunun və xüsusiyyətlərinin təzahürü ilə, varlığının nurunu bəxş edərək və köməyini çatdıraraq qullarına qarşı Rəhmandır. Allah mömin qullarını din dilində cəhənnəmin iki adı olan Sair (alovlu atəş) və Cahim (çılğın atəş) adlandırılan axirətdəki qaranlıqdan qurtararaq razı qalacaqları bir cənnətə, xoşbəxtlik və əmin-amanlıq evinə çatdıran Rəhimdir (“Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsərindən).
“Kövsər” surəsi isə adını ilk sətirlərdəki “kövsər” sözündən almış, “çoxluq” mənasını verən və çox dəyərli və çox vacib şeyləri ifadə edən “kəsrət” söz kökündən götürülmüşdür. Baba Nemətullah, “Kövsər” surəsinin əvvəlini belə təfsir edir: “Özünü bir güzgü kimi əks etdirməsi üçün Peyğəmbərini meydana gətirən və lütfünün bütün gözəlliklərini və ali xüsusiyyətlərini göstərən Allahın adı ilə. Allah Zülcəlal, Həzrəti Məhəmmədi (s.a.s) Peyğəmbər olaraq göndərərək bütün canlılara mərhəmətlə yanaşdı, beləliklə, qullarını sülh və əmin-amanlıq (cənnət) yurduna çatdırdı. Hörmətli qullarını hər cür xəyal və xəyal qaranlığından çıxarıb vəhdətin ən yüksək nöqtəsinə gətirən Rəhim Allahdır (“Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsərindən).
Sonda Nemətullah Naxçıvaninin “İxlas” surəsi ilə bağlı təfsirlərinə də toxunmaq istərdim. “İxlas” surəsi mənbələrdə təsbit edilən 20-dən çox ada sahibdir. Bununla birlikdə İslam dininin təməl prinsipi geniş şəkildə tövhid inancının ifadəsi olan “İxlas” olaraq bilinir. Naxçıvani bu surənin əvvəlini təfsir edərkən deyir: “Görünüşü və yaratdığı şeyləri anlamasına baxmayaraq, şəxsiyyəti və künhü bilinməyən Allahın adı ilə. Şəxsiyyətinin xüsusiyyətlərini və keyfiyyətlərini qullarına izah edən Allah Rəhmandır. Varlığının və birliyinin sirlərini və incəliklərini öyrətməklə seçilən qullarına rəhbərlik edən Allah Rəhimdir (“Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsərindən).
Bu bir neçə nümunədən göründüyü kimi Nemətullah Naxçıvani dərin biliklərə sahib müstəsna bir alimdir. Yazdığı əsərlər araşdırıldıqda, qədim diyar Naxçıvanın necə məhsuldar bir elm hövzəsi olduğu daha yaxşı anlaşılacaqdır. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində Naxçıvaninin təfsirinin Azərbaycan dilinə tərcüməsi və nəşri bu qədim diyarda milli-mədəni irsə bugünkü dövlət qayğısından, həssas münasibətdən xəbər verir. Bu, Naxçıvanın görkəmli tarixi şəxsiyyətlərinin, elm xadimlərinin unudulmadığını, onların elmi-ədəbi, siyasi irsinin dərindən tədqiq edilərək gənc nəslə təbliğ olunmasının daim diqqət mərkəzində olduğunu təsdiq edir. Əminik ki, Naxçıvaninin digər əsərləri də tərcümə olunmaqla gələcəkdə daha əhəmiyyətli tədqiqat əsərləri ərsəyə gələcək. Bu müqəddəs işdə hər kəsə uğurlar arzu edirik.
Zəfər KOÇ
Türkiyənin Naxçıvan Muxtar
Respublikasındakı Baş Konsulluğunun dini məsələlər üzrə attaşesi