22 Dekabr 2024, Bazar

Qədim və zəngin tarixə malik Naxçıvan diyarının iyirminci əsrdə yetirdiyi görkəmli ziyalılar sırasında yazıçı, tərcüməçi, tənqidçi və publisist Ələkbər Qərib (Abbasov) Naxçıvanlının özünəməxsus yeri vardır. Onun qələmə aldığı  povest və hekayələr, ədəbi-tənqidi və publisistik məqalələr, müxtəlif xalqların ədəbiyyatlarından etdiyi tərcümələr öz dəyərini bu gün də saxlamaqdadır. Görkəmli ziyalının çoxşaxəli fəaliyyətinin, zəngin yaradıcılığının, ədəbi-bədii irsinin öyrənilmədiyini nəzərə alan filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Hüseyn Həşimli keçən əsrin 90-cı illərindən Naxçıvan ədəbi mühitinin bu görkəmli nümayəndəsinin ömür yolu və bədii yaradıcılığının dərindən tədqiqi ilə məşğul olmuşdur. O bu sahədəki araşdırmaları haqqında hələ “Şərq qapısı” qəzetinin 12 oktyabr 2017-ci il tarixli nömrəsində yazırdı ki, “unudulmuş ədibin ədəbi irsinin sorağı ilə Azərbaycan və Gürcüstan arxivlərində, kitabxanalarında, müxtəlif mətbuat nümunələrində apardığımız uzunmüddətli araşdırmalar nəticəsində onun həyat və yaradıcılığına aid çoxsaylı materiallar əldə etmişik. Yazıçının əsərlərini və onun haqqında monoqrafiyanı çapa hazırlayırıq”. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ömür vəfa etmədiyi üçün professor Hüseyn Həşimli həmin kitabları nəşrə təqdim edə bilməmişdi.

Təqdirəlayiq haldır ki, bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və Bilik Fondunun dəstəyi ilə professor Hüseyn Həşimlinin “Unudulmuş yazıçı: Ələkbər Qərib Naxçıvanlı” monoqrafiyası və onun toplayıb çapa hazırladığı əsərlərindən böyük bir qismini əhatə edən “Haqq divanı” kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görmüşdür. 

Monoqrafiya elmi-redaktor, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surənin yazdığı ön söz ilə başlayır. Ön sözdə də doğru olaraq göstərildiyi kimi, bu böyük qələm ustası səmərəli, məhsuldar fəaliyyəti ilə diqqəti çəkən istedadlı, lakin unudulmuş, yaradıcılığı araşdırılmamış sənətkarlarımızdan biridir. Sağlığında Ələkbər Qərib Naxçıvanlı ilə bağlı mətbuatda onlarla məqaləsi çap olunan və bu istedadlı yazıçını elmi ictimaiyyətə təqdim edən professor Hüseyn Həşimlinin ən böyük arzusu, yuxarıda da qeyd edildiyi kimi, onun haqqında monoqrafiyanın və əsərlərinin işıq üzü görməsi idi. Yeri gəlmişkən qeyd edək ki, professor Həşimli Naxçıvan ədəbi mühitinin XX əsrin əvvəllərinə aid dövrünün öyrənilməsində böyük xidmətlər göstərmişdir. Onun uzunmüddətli axtarışları sayəsində az öyrənilmiş Əli Səbri Qasımov, Məhəmmədəli Sidqi (Səfərov) kimi ədəbiyyat adamlarının ədəbi-bədii irsi dərindən tədqiq olunub ədəbi ictimaiyyətin istifadəsinə təqdim edilmişdir.
Dörd fəsildən ibarət olan “Unudulmuş yazıçı: Ələkbər Qərib Naxçıvanlı” monoqrafiyasının I fəslində unudulmuş sənətkarın ömür yolundan bəhs edilir. 1893 və ya 1894-cü ildə Naxçıvan şəhərində dünyaya gələn Ələkbər Qərib Abbasov 1909-1913-cü illərdə məşhur Qori şəhərindəki Cənubi Qafqaz Müəllimlər Seminariyasında oxumuşdur. Təhsilini başa vurduqdan sonra bir müddət Bakıda yaşayan sənətkarın 1914-cü ildə “Orucov qardaşları” mətbəəsində “Haqq divanı” adlı hekayələr məcmuəsi nəşr olunur. O,1918-1927-ci illərdə Tiflisdə yaşayıb fəaliyyət göstərmiş və burada nəşr olunan “Yeni fikir”, “Gələcək”, “Gənclər yurdu”, “Dan yıldızı”, “Qızıl şəfəq” kimi mətbuat orqanları ilə əməkdaşlıq etmişdir. İstedadlı nasir və naşir 1927-ci ilin sonlarında Bakıya köçmüşdür. Burada o, nəşriyyat sistemində (Azərnəşr) çalışmış, daha çox tərcüməçi kimi fəaliyyət göstərmişdir. Ələkbər Qərib Naxçıvanlı 1939 və ya 1940-cı ildə repressiya qurbanı olmuşdur.
Müəllifin də qeyd etdiyi kimi, Ə.Q.Naxçıvanlının çoxşaxəli sənət yolunun, səmərəli və məhsuldar yaradıcılığının ətraflı şəkildə araşdırılması, bütövlükdə, 1910-1930-cu illərin ədəbi prosesinin müxtəlif məqam və problemlərini, ədəbi-publisistik irsimizin bir sıra unudulmuş səhifələrini də aydınlaşdırmağa imkan verir.
Monoqrafiyanın II fəsli yazıçının bədii yaradıcılığının təhlil və tədqiqinə həsr olunmuşdur. Onu da qeyd edək ki, professor Həşimli hələ “Naxçıvanlı yazıçılar “Məktəb” jurnalında”(2019) adlı monoqrafiyasında o dövrdə seminariya tələbəsi olmuş gələcəyin istedadlı yazıçısının yaradıcılığından bəhs etmiş və jurnalda nəşr olunmuş “Bacı və qardaş” hekayəsinin mətnini kitaba daxil etmişdi.
Monoqrafiyanın bu fəslində yazıçının müxtəlif mətbu orqanlarda dərc olunmuş “Zavallı Leyla xala” hekayəsi, “Bacı və qardaş” hekayəsi, “Haqq divanı”(1914) kitabında nəşr olunmuş üç hekayəsi (“Haqq divanı”, “Faciə”, “Uşaq divanı”), “Tamahkarlığın nəticəsi”, “Əfi ilan” hekayəsi, 1912-ci ildə Bakıda “Orucov qardaşları” mətbəəsində kitab halında nəşr olunan “Qəlbimin sultanı” povesti ətraflı şəkildə araşdırılmış, təhlil edilmişdir. Onun nəsr əsərlərini uşaqlar üçün yazılmış didaktik hekayələr və məhəbbət mövzusunda yazılmış əsərlər şəklində qruplaşdırmaq olar. Bu əsərlərdə dərin psixologizm, obrazların mənəvi aləminin önə çəkilməsi, lirik ovqat, emosional təhkiyə, anlaşıqlı süjet xətti, cazibədar kompozisiya, axıcı dil, cilalanmış üslub, xüsusilə diqqəti cəlb edir. Professor Həşimlinin də qeyd etdiyi kimi, bu əsərləri ilə Ələkbər Qərib uşaq nəsrimizdə önəmli yer tutduğu kimi, Azərbaycan ədəbiyyatında sentimentalizm cərəyanının inkişafına da layiqli xidmət göstərmişdir. Ə.Q.Naxçıvanlının nəsr əsərləri həm mövzu-ideya, həm də bədii-sənətkarlıq məziyyətləri ilə səciyyələnir.
“Ədəbi-tənqidi və publisistik irsi” adlanan III fəsildə qüdrətli söz ustasının müxtəlif illərdə mətbuatda dərc olunmuş “L.N.Tolstoyun ətfalına tərbiyə verməsi”, “Milli şairimiz Sabir”, “Qan dəryası”, “Kinolarda “Bismillah”, “Mövhumatçılıq bayramı” məqalələri təhlil və tədqiq edilmişdir. Ələkbər Qərib məqalələrində Vətən və xalq taleyi, beynəlxalq aləmdə baş verən hadisələr, sosial-mədəni tərəqqi, təlim-tərbiyə, qadın azadlığı kimi mövzulara həssas münasibət göstərmişdir.
Müəllifin “Qan dəryası” adlı publisistik yazısında erməni daşnaklarının bolşevik cildinə girərək Bakıda törətdikləri soyqırımı təsirli boyalarla təsvir edilmiş və erməni faşistlərin bu şəhəri qan dəryasına çevirmələri lənətlənmişdir.
“Tərcüməçilik və naşirlik fəaliyyəti” adlanan IV fəsildə yazıçının rus yazıçısı Karamzinin “Bədbəxt Liza” əsərinin tərcüməsi, M.Y.Lermontovun “Zəmanəmizin qəhrəmanı” romanının tərcüməsi, Lyaşkonun “Domna ocağı” əsərinin tərcüməsi və rus şairi A.S.Puşkinin “Dubrovski” əsərinin dilimizə tərcüməsindən bəhs edən “Bir tərcümə haqqında” məqaləsi ilə bağlı araşdırmalar öz əksini tapmışdır.
Xalq maarif komissarı Ruhulla Axundovun redaktorluğu və rəhbərliyi altında 1928-1929-cu illərdə nəşr olunmuş 50 min sözdən ibarət 2 cildlik “Rusca-türkcə (azərbaycanca) lüğət” o dövrün ən mükəmməl tərcümə lüğəti hesab edilirdi. Bu kitabın ərsəyə gəlməsində rus dilini kamil bilən tərcüməçi kimi Ələkbər Qəribin də böyük əməyi olmuşdur. Belə ki, “Rusca-türkcə (azərbaycanca) lüğət” kitabının tərtibçilərindən biri də Ələkbər Qərib Naxçıvanlı idi.
O, naşir kimi də əlliyə qədər, əsasən, rus dilindən tərcümə edilmiş bədii əsərin redaktoru olmuşdur. Ələkbər Qərib Naxçıvanlının redaktorluq işi onun tərcümə sahəsindəki professional fəaliyyətinin tərkib hissəsidir. Bu tərcümə əsərlərinin Ələkbər Qəribin redaktorluğu ilə çap edilməsi onun nüfuzlu qələm sahibi, kamil mütəxəssis olmasından xəbər verir. Ümumiyyətlə, Ə.Q.Naxçıvanlının tərcüməçilik fəaliyyəti özünün dolğunluğu, mükəmməlliyi və çoxşaxəli olması ilə diqqəti çəkir.
Professor Hüseyn Həşimlinin bu monoqrafiyası ilə yanaşı, tərtib edib çapa hazırladığı unudulmuş ədibin əsas əsərləri də “Haqq divanı” adı altında “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunmuşdur. Kitabın rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surədir. Yeni nəşrə “Haqq divanı” adının verilməsi onun 1914-cü ildə bu adla üç hekayəsindən ibarət kitabının çap edilməsi ilə əlaqədardır. Kitab mərhum professorun “Unudulmuş ədibin sənət dünyası” adlı ön sözü ilə başlayır. Burada Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndəsi, unudulmuş söz ustası Ə.Qəribin bədii yaradıcılığını təmsil edən, kitabda öz əksini tapan əsərlər barəsində oxucuda ümumi təsəvvür yaratmaq üçün onlar haqqında yığcam şəkildə məlumat verilmişdir. Bu kitabda gözəçarpan diqqətəlayiq faktlardan biri də odur ki, müəllif ilk dəfə Ə.Qəribin sovet dövründə (təxminən, 1923-1926-cı illər arası) “Azadlıq bahası” adlı roman üzərində işləməsini, əsərdən bəzi parçaları Tiflis mətbuatında dərc etdirməsini göstərmişdir.
Kitabda unudulmuş yazıçının bütün hekayələri, bir povesti, əsas publisistik və ədəbi-tənqidi məqalələri, bəzi məktublarından nümunələr, bir bədii tərcüməsi (“Bədbəxt Liza”), dilimizə çevirdiyi 2 əsərin tərcüməsi haqqında iki resenziya mətni verilmişdir.
Beləliklə, Ələkbər Qərib Naxçıvanlının yaradıcılıq fəaliyyətinin ətraflı tədqiqi və əsas əsərlərinin nəşri, bütövlükdə, Naxçıvan ədəbi mühitinin, eləcə də XX əsrin əvvəllərinin ədəbi prosesinin bir sıra önəmli məqam və problemlərinin öyrənilməsinə də işıq ­tutur.
Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Hüseyn Həşimlinin “Unudulmuş yazıçı: Ələkbər Qərib Naxçıvanlı” monoqrafiyası və tərtib etdiyi “Haqq divanı” kitabı Naxçıvan ədəbi mühitinin öyrənilməsinə, Naxçıvanşünaslığa layiqli töhfədir.

Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR