22 Dekabr 2024, Bazar

Naxçıvan əzəmətli dağlar diyarıdır. Bu dağların hər birinin öz sirli-soraqlı dünyası var. Naxçıvanın başucalığı, qəhrəmanlıq dastanı olan bu dağlar tariximizdə baş verən ictimai-siyasi hadisələri, milli yaddaşı, xalqın yaşam tərzini, məşğuliyyət sahələrini, adət-ənənələrini öz köksünə yazıb. Ulularımızın təfəkkür dünyası, etnik tarixi, milli mənəviyyatı, qəhrəmanlıq salnaməsi, əzəmət və vüqarı bu dağlarda daşlaşıb, qayalaşıb, bu günümüzə qədər gəlib çatıb. Özünəməxsus adı, quruluşu, flora və faunası ilə seçilən Naxçıvanın vüqarlı dağları öz adını təbiətdən alıb, sanki. Qapıcıq zirvəsi, Haçadağ, Duzdağ, Darıdağ, Əlincə, Nəhəcir və adını sadalamadığımız neçə belə, vüqarlı dağlar yurdumuzun gözəllik rəmzi, xalqımızın keçmişindən soraq verən, tarixin daş möhürünü yaşadan möhtəşəm təbiət abidələridir. 

Ümummilli liderimiz Heydər Əliyev 12 oktyabr 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində insanın xarakteri ilə doğulduğu ərazi arasındakı əlaqəni mükəmməl şəkildə təsvir edərək deyib: “Naxçıvanın çox gözəllikləri var. Birincisi, onun təbiətidir. Azərbaycanın hər yerində gözəl guşə tapmaq olar. Haraya gedirsən, Azərbaycan gözəl bir yerdir. Amma mən bu gün Naxçıvandayam və Naxçıvan haqqında danışıram. Naxçıvanın təbiətinin gözəlliyi məğrurluq rəmzidir. Bax ətrafda görünən dağlar, qayalar, çılpaq torpaqlar – burada yaşıllıq azdır – bu diyara xüsusi gözəllik verir. Ancaq bu gözəllik, yenə də deyirəm, qəhrəmanlıq, məğrurluq rəmzidir. O məğrur dağlar kimi insanlar da məğrurdurlar. Mən bu fikri bir dəfə demişəm, bir də təkrar etmək istəyirəm – Naxçıvanın gözəlliyi kişi gözəlliyidir”.

Əsrlərboyu Naxçıvana göz dikənlər möhtəşəm, əyilməz dağların qüdrətinə tab gətirə bilməyib, işğalçı qoşunlar bu dağlarda məğlub edilib. Naxçıvanın qədim sakinləri dağları müqəddəs sayıb, məğrurluq simvolu kimi qəbul edib, hər dağa formasına, flora və faunasının gözəlliyinə görə ad veriblər.

Daş pasportumuz, maddi və mənəvi mədəniyyətimizin
təbii tarix muzeyi – Gəmiqaya

Tunc və İlk Dəmir dövrlərində yaşayan Naxçıvan əhalisinin bədii təfəkkürünü, estetik baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirən Gəmiqaya da, bu mənada, qiymətli tarixi mənbədir. Ecazkar gözəlliyi, uzaq qərinələrdən bəri, minillərboyu haqqında söylənilən mifləri, sıldırımlı qayalarında qoruyub saxladığı zəngin tarixi abidələri, yazılı daş salnamələri ilə xalqımızın milli-mənəvi dünyasını ulu yaddaş çağlarına aparıb çıxarır.
Qədim dünyanın ən müqəddəs yerlərindən biri sayılan Gəmiqaya Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıqda yerləşir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il aprelin 26-da imzaladığı Sərəncama əsasən burada yaradılan “Gəmiqaya” Tarix-Bədii Qoruğu bu müqəddəs vəzifənin yerinə yetirilməsində atılan addımlardan biridir. Burada, həmçinin “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina tikilib.
Gəmiqaya ulu babalarımızın əsrlərboyu inanc yeri olub. Bu yerlərin 4 tərəfi oba, yaylaq, çay, çeşmə, bulaq və dərə-təpələr qədim türk soylarının adı ilə bağlıdır. Qədim türk mədəniyyəti üçün səciyyəvi olan qayaüstü rəsmləri özündə əks etdirən Gəmiqaya abidələri Azərbaycan xalqının tarixinin, mənəvi mədəniyyətinin öyrənilməsi üçün böyük xəzinədir. Gəmiqaya abidəsi ulu babalarımızın yaratdığı incəsənət əsəridir. Gəmiqayanın qayaüstü abidələri 3000-3500 metr yüksəklikdə olan Qaranquş yaylağında yerləşir. Lakin bundan başqa, bu tip təsvirlərə Qapıçay zirvəsindən başlayaraq Qəmişölən və Nəbiyurdu yaylağınadək geniş bir ərazidə də rast gəlmək mümkündür. Təsvirlər içərisində rast gəlinən insan, maral, keçi, öküz, ilan, quş, araba, aslan, fantastik heyvan, damğa, ov səhnələri Azərbaycan türkünün qədim mifologiyası ilə bağlıdır.
Xalqımızın tarixi etnoqrafiyası və arxeologiyası üçün mühüm əhəmiyyətə malik olan, bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verən Gəmiqaya abidəsi qədim insanların dini, ideoloji, mifoloji, siyasi görüşlərini əks etdirən qayaüstü rəsmlər toplusudur. Süjet və kompozisiyasına görə fərqlənən bu rəsmlər əcdadlarımızın inanc və əmək fəaliyyəti ilə bağlıdır.
Aparılan elmi-tədqiqatlar bir daha sübut edib ki, dünyanın ən qədim yaşayış məskənlərindən olan Naxçıvan öz şərəfli, şanlı tarixi ilə bəşəriyyətin ikinci atası sayılan Nuh Peyğəmbərin quruya çıxdığı ərazidir. Ona görə də ərazi müqəddəs torpaqdır.

Nuh Peyğəmbərin yaddaş kitabı – Nəhəcir dağı

Hər tərəfdən sıldırım qayalarla əhatələnmiş bu dağ Nuh Nəbinin tarix yaddaşı, onun adının yadigarıdır. Dünya tufanından sonra Nuhun Naxçıvanda yaşaması, soykökünün məhz bu diyardan bütün bəşəriyyətə yayılmasından tutmuş, onun vəfat etməsinə qədər bütün hadisələrə bu dağ şahidlik edib. Bu dağ adı Nəhəcir kənd adına dağ topoformatının artırılması yolu ilə alınıb. Nəhəcir respublikamızda ən qədim toponimlərdən biridir. Bu adın mənşəyinə toxunan tədqiqatçılar yazır ki, “Nəhəcir” toponiminin Nuh-əcir olması qənaətimizcə, daha inandırıcıdır və “Nuhun yamacı” mənası daşıyır.

Təbiətin memarlıq abidəsi – Haçadağ

Əzəmətli, əlçatmaz sıldırım qayalardan ibarət olan bu dağ hər tərəfdən bir sənət əsərini xatırladır. Dağın müəllifi təbiətin özüdür. Təbiət dağa qədd-qamət, gözəllik bəxş etməkdə böyük səxavət göstərib. Vulkan püskürməsi nəticəsində yaranan dağ düzənli ərazidə göylərə baş qaldıran memarlıq abidəsidir, sanki... Haçadağa görünüşünə, formasına, yuxarı hissəsinin haça olmasına görə bu ad verilib. Xalqımızın qibləgahı, ulularımızın yadigarından Haçadağ təbiətin möcüzəsi, qürur çələngimizdir. Əgər belə demək mümkündürsə, Naxçıvanda Haçadağ qədər möcüzəli, varlığını qoruyan, haqqında çoxlu əfsanələr söylənən ikinci bir dağ yoxdur.

Naxçıvan torpağında göylərə ucalan, hündürlüyü 2415 metr olan Haçadağın elmi toponim adı “ikiyə parçalanmış dağ” anlamını verir. Heç şübhəsiz, bu dağın adı Nuh Peyğəmbərin zamanına gedib çıxır. Tarixin yaddaşı olan dağ toponimi bizi çox-çox qədimlərə aparır.

Xalqımızın əyilməzlik simvolu – Əlincə

Əlincə əzəmətli təbiət abidəsidir. Naxçıvanın vüqarı, şöhrət tacı, yenilməzlik rəmzi olan bu dağ dörd tərəfdən sıldırım qayaların əhatəsində yerləşir. Dağın üstündə məşhur Əlincə qalası inşa edilib. Burada müşahidə məntəqəsi, səngər, su hovuzları, insanların yaşayışı üçün şərait, sarsılmaz müdafiə sistemi olub. Eldənizlər, Elxanilər, Cəlairilər dövründə möhtəşəm istehkama çevrilən bu qala illər uzunu mühasirədə qalsa da, öz əzəmətini, əyilməzliyini qoruyub saxlayıb, dəfələrlə xalqımızın yadelli işğalçılardan müdafiəsində müstəsna rol oynayıb. Tarixi keçmişimizə göstərilən hörmət və ehtiramın nəticəsidir ki, Naxçıvan ərazisində mövcud olan bütün tarixi abidələr qorunur və mühafizə altına alınır. Ali Məclis Sədrinin 2014-cü il 11 fevral tarixli “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncamı ilə qala yenidən bərpa olunub. Bərpa işləri zamanı qalanın tarixiliyi qorunub saxlanılıb. Qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları, təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. 2016-cı il iyunun 17-də yenidənqurmadan sonra istifadəyə verilən qalaya gediş-gəliş xeyli asanlaşdırılıb. Qalanın zirvəsinə doğru yol çəkilib, burada işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıllıqlar salınıb, ən uca zirvədə üçrəngli dövlət bayrağımız dalğalandırılıb.

Duzdağ – Naxçıvanın bərəkət rəmzi

Dünyanın ən qədim daşduz yatağı Naxçıvandadır. Hələ eramızdan əvvəl IV-II minilliklərdə əmək alətləri vasitəsilə bu dağın laylarından duz çıxarılıb, XIX əsrin 70-ci illərində buradan bir neçə ədəd daş balta, xeyli daş çəkic tapılıb. Duzdağda I Şah Abbasın “Büllur sarayı”, dünyada analoqu olmayan duzlaşmış şəlalələr, zəngin maddi mədəniyyət nümunələri var. Aparılan tədqiqatlar nəticəsində ərazidə İlk Tunc dövrünə aid keramika qalıqları və çox sayda daş alətlər aşkar edilib. Süxurları daşduz yatağı ilə zəngin olduğuna görə dağa belə ad verilib. Burada çıxarılan duz öz bərəkəti ilə süfrələri dada gətirir, insanlara sağlamlıq bəxş edir.
Duzdağda aparılan arxeoloji qazıntılar Naxçıvanda, təxminən, yeddi min il bundan əvvəl duzdan geniş istifadə edildiyini söyləməyə imkan verir. Duzdağdan əldə edilən maddi mədəniyyət nümunələri yalnız Azərbaycanda deyil, bütövlükdə, Cənubi Qafqaz və Yaxın Şərq ölkələrində duzun mədən üsulu ilə yalnız Naxçıvanda çıxarıldığını sübut edir.
Duzdağ mədənləri ərazisində aparılan elmi-tədqiqat işləri, onu deməyə əsas verir ki, hələ bizim eradan çox-çox əvvəlki minilliklərdən başlayaraq bu ərazilərdə böyük bir sivilizasiyanın əsası qoyulub, İlk Tunc dövründə duza olan tələbatın artması ilə əlaqədar burada güclü sənaye formalaşıb, ticarət, sənətkarlıq və digər istehsalat sahələri də inkişaf edib. Bu inkişaf isə insanların maddi və mənəvi tələbatlarının artması ilə əlaqədar olaraq Duzdağ yaxınlığında Naxçıvan kimi qədim dünyanın ilkin şəhərlərindən birinin yaranmasına səbəb olub.
Hazırda Duzdağ dünyanın ən qədim duz mədəni hesab olunur. Bundan əlavə, Naxçıvan duzu öz keyfiyyəti ilə dünyada birincidir.
Bütün bunları nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il 12 sentyabr tarixdə “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, Naxçıvan Duz Muzeyinin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu nəzərə alaraq aparılan elmi-tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etməkdir.

Yurdumuzun aşılmaz hasarları, yıxılmaz divarları

Naxçıvanın ən uca dağ zirvələrində möhtəşəm, alınmaz qalalar ucalır. Bu qalalar qüdrət, əzəmət rəmzidir. Xalqımız əsrlərdən bəri bu dağlara söykənərək dağlarda səngər qurub, qılınc oynadıb, Vətəni düşmən hücumlarından qoruyub. Xalqımızın qəhrəmanlıq salnaməsini əks etdirən bu dağlar da əhalinin mübarizliyindən, bu yurdun minlərlə igid, cəsur, mərd övladlarının Vətənə, elə, obaya, məhəbbətindən xəbər verir.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR