Bəhruz Kəngərli adına Sərgi Salonunda tələbələrdə vətənpərvərlik, Vətənə məhəbbət hisslərinin yüksəldilməsi, istedadlı gənclərin üzə çıxarılması, onların bacarıqlarının təkmilləşdirməsi, rəşadətli Ordumuzun İkinci Qarabağ müharibəsindəki şücaətini gənc rəssamların gözü ilə hər kəsə çatdırmaq üçün ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsi keçirilib.
Əvvəlcə, Rəssamlar Birliyinin baş fond mühafizi Nizami Alıyev, Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov çıxış edərək xalqımızın işğalçı düşmən üzərindəki tarixi qələbəsinin əhəmiyyətindən danışıblar. Bildiriblər ki, Naxçıvan gənclərinin də Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar, onların vətənpərvərliyi, Vətənə, elə bağlılığı, hünəri, qorxmazlığı burada yaradılan şəraitin, aparılan dövlət gənclər siyasətinin bəhrəsidir.
Məlumat verilib ki, təşkil olunmuş müsabiqəyə istedadlı gənclər tərəfindən 26 müəllifin 40 rəsm əsəri təqdim olunub.
Müsabiqədə münsiflər heyəti tərəfindən Naxçıvan Dövlət Universitetinin tələbəsi Türkan Əsədova, Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi İnci Qənbərova qalib adına layiq görülüblər. Müsabiqənin qalibləri, II və III yerə layiq görülənlər, digər iştirakçılar təşkilatçılar tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər.
Qeyd edək ki, müsabiqə Gənclər və İdman Nazirliyinin, Rəssamlar Birliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman
Nazirliyinin mətbuat xidməti