Çoxəsrlik tarixə malik olan Naxçıvan xalqımızın ulu keçmişini parlaq şəkildə əks etdirən abidələrlə zəngindir. Belə abidələrdən biri də Azərbaycan tarixinə adlı-sanlı generallar, hərbçilər, dövlət xadimləri bəxş etmiş Kəngərli nəslinin, Naxçıvan xanlarının iqamətgahı olmuş Xan sarayıdır. Xalq tətbiqi sənətinin bir çox növlərinin birləşdiyi Xan sarayı orijinal memarlıq üslubu ilə seçilir.
Naxçıvan şəhərinin Xan dikində yerləşən Xan sarayı 1780-ci ildə I Kalbalı xan Kəngərli tərəfindən tikdirilib. Tədqiqatçıların araşdırmalarından məlum olur ki, sarayın memarı Mirzə Cəfər Xoylu imiş. Şərq memarlıq üslubunda tikilmiş abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi və xanlığın siyasi iqamətgahı olub.
Xan sarayı böyük bir əraziyə malikdir. Üzü günçıxana tərəf inşa edilən saray əsas və yardımçı binadan ibarətdir. Bina ikimərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölmədə inzibati işlər həyata keçirilib və yüksək mənsəbli qonaqlar qəbul edilib, şimal bölmədə isə xan ailəsi yaşayıb. Bölmələrə giriş ikimərtəbəli, balkontipli çatmatağlı dəhlizdən ibarət olub.
Hazırda sarayda muzey yerləşdiyinə görə yalnız cənub dəhlizdən istifadə edilir. Bölmələr arasında daxili keçid yaradılıb. Dəhlizlər əsas fasaddan qabağa çıxdığı üçün binaya xüsusi gözəllik verir. Dəhlizlərə mərmər döşənmiş pilləkənlərlə qalxılır, pilləkənlərin ətrafı mərmər məhəccərlərlə bərkidilib. Xan sarayının ümumi sahəsi 382 kvadratmetr, divarlarının qalınlığı 60 santimetrdən 1,1 metr arasında dəyişir. Bina bişmiş kərpicdən tikilib, pəncərələrdə şəbəkə üsullu vitrajlardan və bütün otaqlarda Naxçıvan yaşayış evlərinə xas olan müxtəlifölçülü taxçalardan istifadə edilib. Sarayın hər iki mərtəbəsində səkkiz otaq və vestibüllərin üzərində iki mansar yerləşir. “Naxçıvan tarixi” çoxcildliyinin II cildində qeyd olunub ki, Naxçıvan şəhəri Şərq və Yaxın Şərq ölkələrinə gedən yolların üzərində yerləşdiyindən səyyahların və diplomatik heyətlərin diqqətini cəlb edib, onlar yazdıqları əsərlərdə bu saray haqqında məlumat veriblər. Məsələn, XX əsrin əvvəllərində Naxçıvana gələn italyan tarixçisi, diplomatı və səyyahı Villari Luiçi özünün yol qeydlərini nəşr etdirərkən Naxçıvandakı Xan sarayı haqqında da yazıb: “Mən, əvvəlcə, Rəhim xanla görüşdüm... Onun evi, sözsüz ki, Naxçıvanda ən gözəldir. Əgər bu saray ən sivilizasiyalı şəhərdə olsaydı, yenə də belə möhtəşəm olacaqdı. Saray şəhərin yanındakı qayanın yanında yerləşir. Buradan geniş Araz vadisinə eniş yol başlanır. Həyətdəki bağ çox sıx deyil. Yəqin, iqlim imkan vermir ki, hər növ gül kolları əkilsin. Ancaq evin içərisi tamamilə bər-bəzək içindədir. Qonaq otağı bahalı Avropa mebelləri ilə doludur, bəzilərini çıxmaqla mebellərə söz ola bilməz. Bütün divarlara İran, Türkiyə və Qafqaz xalçaları asılıb. Tavan isə kiçik güzgülərlə bəzədilib...”
Naxçıvan xanlığı ləğv olunduqdan sonra bir sıra məqsədlər üçün istifadə edilən bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşdirilib, 1918-1920-ci illərdə Naxçıvan Milli Müdafiə Şurasının qərargahı buraya köçürülüb. Saray tarixi bina kimi dövlət qayğısı ilə əhatə olunaraq əsaslı şəkildə bərpa və təmir edilib. Xan sarayında 1998-ci ilin aprelindən 2010-cu ilədək Naxçıvan Dövlət Xalça Muzeyi fəaliyyət göstərib. Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq bu mədəniyyət ocağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliyyətə başlayıb. Dekabrın 17-də muzeyin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli Qərarı ilə saray “Naxçıvan Muxtar Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısı”na daxil edilib, 2015-ci il 2 fevral tarixindən isə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin tərkibində fəaliyyətini davam etdirir.
Siyasi dövlətçilik tariximizin təbliği ilə bağlı muxtar respublikada yaradılan böyük muzey komplekslərindən biri olan bu mədəniyyət müəssisəsi Naxçıvanın qədim, orta əsrlər, xanlıqlar dövrlərinə dair arxiv sənədlərinin, maddi mədəniyyət nümunələrinin, elmi-tədqiqat mənbələrinin toplanılması, mühafizəsi, tədqiqi, təbliği ilə bağlı əhaliyə muzey xidməti göstərilməsi kimi mühüm vəzifələri yerinə yetirir. Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpası bütün sahələrdə olduğu kimi, bu kompleksin qarşısında da mühüm vəzifələr qoyub, milli dövlətçilik tariximizin öyrənilməsi və təbliğinə geniş imkanlar yaradıb. Bu baxımdan Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi sahəsində dövlət siyasətinin muzey vasitəsilə həyata keçirilməsi əsas vəzifələrdən biri kimi ön plana çəkilib.
Muzeydə Naxçıvan xanlığının tarixi, xanlığı idarə edən məşhur Kəngərlilər nəslinin görkəmli nümayəndələrinin hərbi-siyasi fəaliyyətlərini əks etdirən yazılı məlumatlar və fotolar, nəslin qadın nümayəndələri haqqında məlumatlar və müxtəlif sənədlər, xanlığın atributları, bayraqlar və gerblər, xanlığın müdafiə və mühafizəsində istifadə olunan müxtəlif markalı silah növləri – xəncərlər, qılınclar, “Mauzer” tapança, həmçinin müxtəlif dövrləri əks etdirən dekorativ sənət nümunələri, xalçalar, mis və gümüş əşyalar, mətbəx dəstləri, rəsm əsərləri və digər qiymətli eksponatlar nümayiş etdirilir.
Fəaliyyəti dövründə muzeyi hər il 150-200 mindən artıq müxtəlif kateqoriyalı tamaşaçı ziyarət edir. Burada elmi konfranslar, distant və açıq dərslər, eksponat təqdimatları keçirilir. Həmçinin muzeyin ərazisində müxtəlif dövlət tədbirləri, bayram və şənliklər təşkil olunur.
Bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən, tarix və mədəniyyətimizin təbliğ olunduğu bu məkan yalnız Azərbaycanın bölgələrindən olan qonaqların deyil, həmçinin müxtəlif səfirliklərin, beynəlxalq təşkilatların, xarici ölkələrdən gələn turistlərin də diqqətini cəlb edir.
Bu il yaradılmasının 10 ili tamam olan mədəniyyət müəssisəsinin fondunda ilk vaxtlar 700-ə yaxın eksponat var idisə, hazırda fond qeydiyyatlarında olan 3 minə yaxın eksponatın 2400-dən çoxu əsas, digərləri isə elmi köməkçi fonda daxildir. Bu eksponatların 357 ədədi məhz Xan sarayının ekspozisiya zallarında, 80-i Möminə xatın türbəsində, 237-si isə Açıq Səma Altında Muzeydə nümayiş edilir. Eksponatların əksəriyyəti Azərbaycanın, o cümlədən Naxçıvanın qədim və orta əsrlər, xanlıqlar dövrü tarixlərinin öyrənilməsi üçün əsas mənbələrdir. Kompleksə daxil olan muzeylər həm mədəniyyət ocaqları, həm də tarixi abidələr kimi dünya mədəniyyəti tarixi üçün olduqca əhəmiyyətli hesab olunur və fondların zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır.
Zülfiyyə Əliyeva
muzeyin baş fond mühafizi-elmi işçi