22 Dekabr 2024, Bazar

31 dekabr 1905-ci il... Ordubad şəhərində Məmmədəliyevlər ailəsində bir oğlan övladı dünyaya gəldi. Gəlişi ailəyə sevinc gətirdi. Ancaq heç kim bilmirdi ki, bu oğlan böyüyüb öz elmi ilə Azərbaycanı dünyada  tanıdacaq, kimya sahəsində parlaq iz qoyacaqdır. Atası Hacı Heydər kişi təhsilli, savadlı olmasa da, övladlarının oxuması üçün əlindən gələni əsirgəmirdi. Elə buna görə də oğlu Yusif ev məktəbində təhsil alırdı. Kiçik yaşlarından ədəbiyyata xüsusi maraq göstərərdi. Bəlkə də bu, anası Gülsüm xanımın ona şerlər, bayatılar, nağıllar oxumasından irəli gəlirdi. Onda ədəbiyyata, poeziyaya olan sevgi tamamilə başqa idi. Ordubadda yaradılan “Əncüməni-Şüəra“ ədəbi məclisində kiçik yaşlı uşaqların iştirak etməsinə icazə verilməsə də Y.Məmmədələliyev istisna idi. Ev məktəbində ona dərs deyən müəlliməsi tatar qızı Gülsüm xanım Axtyamova – Ordubadskaya idi. Sonralar müəllimə öz xatirələrində Yusif Məmmədəliyevin xüsusi istedada malik olmasını, Klassik Azərbaycan şairlərinin şerlərini əzbər bilməsini, rus klassiklərinin şerləri ilə maraqlanmasını qeyd edəcəkdi.

Y.Məmmədəliyevin istedadı oxuduğu məktəblərdə müəllimlərinin diqqətindən yayınmamışdır. Belə ki, Təbrizdə Rüşdiyyə məktəbində oxuyarkən müəllimi Mirzə Yusif Qulahi də onun elmli uşaq olduğunu hiss etmiş, mütləq təhsilini davam etdirməyini məsləhət görmüşdü.

1920-ci ildə onun ailəsi Təbrizdən Ordubada qayıdır. Bu vaxt Yusif Məmmədəliyev çox gənc olmasına baxmayaraq müəllim kimi pedoqoji fəaliyyətə başlayır. Gündüz növbəsində kiçik yaşlı uşaqlara dərs deməklə yanaşı, axşam növbəsində özündən yaşda böyük insanlara dərs deyir.

O, ali təhsil almaq, filoloq olmaq arzusu ilə yaşayırdı. Lakin Almaniyada təhsil almış və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda kimya fənnini tədris edən Sadıq Hüseynzadə ilə qarşılaşması onun fikrini tamamilə əks istiqamətə-ədəbiyyatdan kimyaya doğru dəyişir.

S.Hüseynzadə Y.Məmmədəliyevə kimyanı sevdirəndə “Təcrübələrin də ədəbiyyatda olduğu kimi öz harmoniyası və romantikası var. Uğur qazananda sən çox xoşbəxt olacaqsan”, – deyir. O, filoloq olmaq əvəzinə çətin təcrübələri ilə mürəkkəb yollar qət edən kimyaçı kimi məşhurlaşır. İllər sonra yazdığı “Etiraf” adlı şerində şair olmamasına  çox böyük təəssüf hissi keçirdiyini və kimya tilsimindən çıxa bilmədiyini qeyd etmişdir. Amma onun kimya sahəsində qazandığı yüksək nailiyyətlərinə, ixtiralarına, dünyaya səs salan kəşflərinə nəzər salsaq, deyə bilərik ki, o, bu tilsimdən çox alnıaçıq və üzüağ çıxmışdır.

1926-cı ildə ali təhsilini başa vuran Y.Məmmədəliyev bir qədər müəllim kimi fəaliyyət göstərmiş, 1929-cu ildə Moskva Dövlət Universitetində təhsilini davam etdirmişdir. Burada dünya şöhrətli akademik N.D.Zelinskinin laborotoriyasında çalışmış və eyni zamanda “Etilenin katalitik hidrogenləşməsinin kinetik tətbiqi” mövzusunda ilk elmi işini tamamlamışdır. İxtisası üzrə aldığı yüksək təhsil, laborotoriyadakı fəaliyyəti, bu sahədəki maraq və qabiliyyəti müəllimləri N.D.Zelinskinin və A.A.Balandinin diqqətindən yayınmamış, onun istedadını, bacarığını nəzərə alaraq aspiranturada təhsilini davam etdirməsini məsləhət görmüşlər. N.D.Zelinski onun haqqında yazdığı xasiyyətnamədə  Y.Məmmədəliyevin tam hazırlıqlı tədqiqatçı kimi kimyanın mürəkkəb nəzəri məsələlərini gözəl bildiyini və yüksək təcrübə aparmaq qabiliyyətinə, aydın zəkaya malik olduğunu, fəallığını, elmi məsələlərə qarşı münasibətini xüsusilə qeyd etmiş, onun qiymətli elmi işçi və ali məktəb nümayəndəsi kimi yetişəcəyinə əminliyini bildirmişdi.

O, Vətənə qayıtdıqdan sonra bir sıra vəzifələri icra etmiş, EA-nın prezidenti vəzifəsinə qədər yüksəlmişdir. Yusif Məmmədəliyev elmi fəaliyyəti dövründə çox mühüm və əhəmiyyətli ixtiralara, kəşflərə imza atmışdır ki, həmin ixtira və kəşflər bu gün də aktuallığını saxlamaqdadır.

Yusif Məmmədəliyevin 1933-cü ilin sonunda ilk elmi əsəri olan “Etil spirtinin neft qazlarından alınması” məqaləsi, 1934-cü ildə kauçukla əlaqədar II məqaləsi –“Azərbaycanda süni kauçuk problemləri” nəşr olunur. Bu məqalələrdə o, Azərbaycanda sintetik kauçuk zavodunun yaradılmasının xammal və kimyaçı mütəxəssislərin olması baxımından mümkünlüyünü qeyd edir. Sonralar Y.Məmmədəliyevin və başqa alimlərin təklif etdiyi bu prosesin yarımsənaye qurğusunda kiçik dəyişikliklərlə müvəffəqiyyətlə sınaqdan keçirilməsi Sumqayıtda etil spirti əsasında sintetik kauçuk istehsalının yaranmasına səbəb olur.

Onu da qeyd etmək lazımdır ki, Y.Məmmədəliyev süni kauçuku əldə etməmişdən əvvəl bu mövzunun müzakirəsində ABŞ ixtiraçısı Edison süni kauçuk alınması ideyasını “xülya” adlandırırdı. Bunun istehsalının ümumiyyətlə mümkünsüz olduğunu ifadə edirdi. Lakin Rusiyada akademik N.N.Lebedev divinil (butadien) əsasında dünyada ilk dəfə sintetik kauçuk alır. N.N.Lebedev xammal kimi kartof və buğdadan istifadə edir. Bu isə iqtisadi cəhətdən baha başa gəlirdi. Lakin Y.Məmmədəliyevin tətbiq etdiyi üsulla ərzaq qismindən istifadə etmədən ucuz başa gələn süni kauçuk əldə olunur. Bu da onun Rusiya kimi inkişaf etmiş ölkənin, okeanın o tayında öz gücünü dünyaya tanıtdıran Amerika kimi hegemon bir dövlətin aliminin xülya dediyi, reallığına inanmadığı bir məhsulu kəşf etməsi idi.

1938-ci ildə  MDU-nun Elmi Şurası ona dissertasiya müdafiə etmədən elmlər namizədi elmi dərəcəsi verilməsi haqqında qərar qəbul edir. Əlbəttə ki, qərar əsassız deyildi. Bu, gənc Yusifin elmi fəaliyyətinin, kimya sahəsindəki yüksək uğurlarının, gərgin zəhmətinin nəticəsi idi. Yusif Məmmədəliyev ona verilən bu elmi dərəcəni nəinki doğrultmuş, hətta 1942-ci ildə “Aromatik  karbohidrogenlərin alkilləşməsi və dialkilləşməsi yolu ilə toluolun sintezi” mövzusunda doktorluq dissertasiya müdafiə edərək elmlər doktoru elmi dərəcəsi almışdır.

1941-1945-ci illərdə Sovet Ordusunun faşizm üzərində ölüm-dirim savaşı dövrü gənc alim hərbi texnikanı gücləndirə biləcək yeni yanacağı-donmayan benzini, yəni yüksək oktanlı benzini kəşf etdi. Oktan ədədinin artması benzinin keyfiyyətinin artmasıdır ki, bu da sovet təyyarəsinin alman təyyarələrindən daha uzağa və daha yüksəyə uçmasına, hətta təyyarələrin havada sürətli manevr etməsinə, qarşıdan gələn təyyarədən yayınmasına imkan verirdi. Müharibə vaxtı bu yanacaqdan 10 milyon 42 min ton istifadə olunmuşdur. Bu yanacaq qələbənin demək olar ki, əsas hissəsini təşkil edirdi. Baxmayaraq ki,  İlyuşinin, Yakovlevin, Levoçkinin təyyarələri alman təyyarələrindən daha yaxşı idi, amma bu təyyarələri hərəkətə gətirən Məmmədəliyevin yanacağı oldu.

Bu yanacağın zamanında kəşf, istehsal və istifadə olunması gərgin müharibənin qələbə ilə başa çatmasına zəmin yaratdı. Böyük qürur hissi ilə deyə bilərik ki, bu qələbə Y.Məmmədəliyevin adı ilə, gərgin zəhməti ilə bağlıdır. Belə ağır zəhmətin nəticəsi idi ki, o, Kremlin tribunasına icazə vərəqəsi aldı. Hansı ki, oradan başda Stalin olmaqla SSRİ hökuməti ilk qələbə paradını qeyd edirdi.

Y.Məmmədəliyevin digər bir kəşfi isə “Molotov kokteyli”dir ki, bu da müharibə vaxtında tankların partladılmasında istifadə olunurdu. Yanacağın əsas yandırıcı funksiyası hava ilə reaksiyasından  alınır. Yandırıcı qarışığın şüşə butulkalarda tanklara dəyib sınması və hava ilə təması güclü dağıdıcı alov yaradır ki, bu da tankların kağız kimi yanmasına səbəb olurdu.

Müharibə vaxtı bu yanacaqdan kütləvi halda istifadə olunsa da, müəllifin Y.Məmmədəliyev olması demək olar ki, ictimaiyyətə məlum deyildi. “Molotov kokteyli” ifadəsi isə Çörçilə məxsus idi. Qarışıq haqqında ilk dəfə SSRİ xalq xarici işlər komissarı V.M.Molotovdan eşitmişdir. 

Bu da xüsusilə vurğulanmalıdır ki, Yusif Məmmədəliyev sadəcə bizim bildiyimiz adi nefti deyil, müalicəvi əhəmiyyətə malik olan naftalan neftini də tədqiq etmiş, onun daha əvvəl məlum olmayan faydalı tərəflərini üzə çıxarmışdı. Onun yazdığı “Naftalan neftinin tərkibi və orqanizmə müalicəvi təsiri” mövzusunda ixtirası da böyük əhəmiyyətə malikdir. O, araşdırmaları nəticəsində müəyyən etmişdi ki, Naftalan nefti barədə ilk dəfə XII əsrdə venesiyalı səyyah Marko Polonun “Səyahətlər” kitabında məlumat verilib. Həmin kitabda Gəncə yaxınlığında çoxlu neftəbənzər yağın olduğu, bu yağın yemək üçün yaramadığı, qoturu və cicişməsi olan dəvələri yağladıqda, heyvanın xəstəliyinin müalicə olunduğu  qeyd edilmişdir. Y.Məmmədəliyev  ona qədər məlum olan faktları öz tədqiqatları ilə zənginlləşdirərək bu qənaətə gəlir ki, bu neftin bir çox xəstəliklərə qarşı dərman kimi istifadə olunması və müsbət nəticələr alınması  imkanları çoxdur.

Akademik N.D.Zelinski öz sevimli tələbəsinin bu haqda yazdığı məqalələri və fərziyyələri ilə yaxından tanış olduqdan sonra bu fərziyyələrin orijinal və həqiqətə uyğun olduğunu qeyd etmişdir.

         Y.Məmmədəliyevin  gəldiyi qənaətə istinadən demək olar ki, Naftalan kurortunun geniş müalicə ocağına çevriləcəyini böyük alim hələ o zaman görürdü.

Y.Məmmədəliyev kimyaçı olmasına baxmayaraq bir sıra  başqa sahələrlə də maraqlanmış, tədqiqatlar aparmış və bu istiqamətdə də öz bacarıq və imkanlarından geniş istifadə etmişdir.

Vəzifəsindən asılı olmayaraq onun həmişə bacarıqlı pedaqoq kimi tədris edən, öyrədən, həvəsləndirən, ruhlandıran bir amalı vardı. Elə buna görə də o, öz tələbələrinə “...özünüz də axtarın, araşdırın, təbiətdə açılmamış sirlər çoxdur. Daş-qaşla deyil, yalnız elmlə üstünlük əldə edə bilər, xalqımıza daha çox xeyir verərsiniz”, –  deyərdi.

         Əlbəttə ki, Y.Məmmədəliyevin elmi fəaliyyəti, yazdığı məqalələr, gördüyü işlər , irəli sürdüyü təşəbbüslər, tutduğu vəzifələr bunlarla bitmir. Onun Az.EA-nın yaranmasında, Elmi İnstututların, Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında, Əlyazmalar İnstutunun açılmasında, Akademiya şəhərciyinin salınmasında, müstəsna xidmətləri olmuşdur. Bəlkə çoxlarına məlum deyil, Yuri Qaqarinin 102 dəqiqə havada qalmasında (Kosmosa uçmasında) belə  rolu olmuşdur (Yerin süni peyki üçün yanacağı Yusif Məmmədəliyev hazırlamışdı).

O, bütün bunları cəmi 56 illik ömrünə sığışdırmış, ona verilən ömür payından səmərəli istifadə etmiş, elm tarixində silinməz iz qoymuşdur.

Hal-hazırda Ordubadda Yusif Məmmədəliyevin ev muzeyi fəaliyyət göstərir ki, bu da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bağlıdır. Muzeyin açılması onun xidmətlərinə göstərilən diqqətin nəticəsidir. İllər keçsə də, alimin xatirəsi unudulmamış, anadan olmasının 100 illiyi cənab Prezident İlham Əliyevin sərəncamı ilə həm ölkəmizdə, həm də YUNESKO xətti ilə dünyada qeyd edilmişdir. Muzeyin fəaliyyəti dövründə ən əlamətdar hadisə ölkə başçısı İlham Əliyevin muzeyi ziyarət etməsi və xatirə kitabına ürək sözlərini yazmasıdır.

Zaman keçsə də Y.Məmmədəliyev onu sevənlərin qəlbində yaşıyır və xatirəsi əziz tutulur.

 Elvira İBRAHİMOVA

Yusif Məmmədəliyev Ev Muzeyinin direktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR