Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli açaraq bildirib ki, qədim diyarımızda sənət aləmində özünəməxsus izlər qoyan bir sıra rəssamlar var. Onlardan biri də Həmzə Sadiqovdur.
Rəssam 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının, 2012-ci ildən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvüdür. O, 2011-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı” fəxri adına layiq görülüb.
Vurğulanıb ki, rəssamın yaradıcılığında qədim tarixi abidələr və müasir memarlıq nümunələri xüsusi yer tutur. O, daha çox Naxçıvan tarixini əks etdirən abidələri təsvir etməklə gələcək nəsillərə canlı tarix bəxş etmiş olur.
Rəssamın əl işlərinin Naxçıvan Dövlət Rəsm Qalereyası ilə yanaşı, muxtar respublikanın digər muzeylərində də sərgiləndiyini qeyd edən Hökümə Məmmədli onun bir sənətkar kimi yaratdığı əsərlər ilə gələcək nəsillər tərəfindən daim xatırlanacağını vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Əli Səfərli, Həbibə Allahverdiyeva və Cavid İsmayılov çıxış edərək sənətkarla bağlı fikirlərini bölüşüblər.
Sonda rəssamın əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti