22 Dekabr 2024, Bazar

10 noyabrda Azərbaycanın tam Qələbəsi ilə başa çatan Vətən müharibəsi sonunda Qarabağda iqtisadi-mədəni inkişafın gələcək perspektivləri gündəmdəki yerini qoruyur. Ordumuzun möhtəşəm zəfərindən sonra Cənubi Qafqaz iqtisadiyyatının 60 faizinə malik olan Azərbaycan iqtisadiyyatının da Qarabağda nəyə nail olacağını bütün dünya maraqla gözləyir.

30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olmuş Qarabağın azad edilməsi uğrunda aparılan 44 günlük müharibə təkcə bu regionda deyil, bütün dünyada çox geniş rezonans yaratdı. İndi hər yerdə düşmən hədəflərini gözündən vuran ağıllı silah-sursatların tətbiqindən tutmuş, Şuşanı əlbəyaxa döyüşlə işğalçılardan təmizləyən Azərbaycan əsgərinin igidliyindən danışılır. Bu dövrdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı siyasət, qazanılmış diplomatik uğurlar isə, sözün əsl mənasında, dünya liderlərinə bir dərs oldu. Beləcə, ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən möhkəm zəmin üzərində yaradılmış dövlət-xalq-ordu birliyi, nəhayət ki, öz ali məqsədinə – düşmənin torpaqlarımızdan qovulması hədəfinə çatdı. Artıq Azərbaycan qalib ­ölkədir.

Müharibə sonrası baş verən hadisələri indi bütün dünya maraqla izləyir. Zəhərli başı əzilsə də, hələ də quyruğu ilə sağa-sola çırpınan ilana bənzəyən məğlub Ermənistanda daxili vəziyyət getdikcə mürəkkəbləşərkən azadlığa qovuşmuş Qarabağda həyata keçiriləcək hər yeni layihənin təkcə işğal dövründəki yaraları sağaltması deyil, həm də işğaldan sonrakı dövrdə daha genişməzmunlu inkişafa səbəb olacağı gözlənilir. Bu layihələr bir tərəfdən Naxçıvan Muxtar Respublikasının birbaşa olaraq Azərbaycanın əsas hissəsinə çıxış yolunun açılması və bununla əlaqədar olaraq Frankfurt-İstanbul-Şanxay ticarət dəhlizində Qarabağın da çox mühüm mövqe qazanması, digər bir tərəfdən isə ölkəmizdə qeyri-neft sektoru və ixrac marşrutları üçün yeni perspektivlərin yaranması baxımından da əsas arqumentlər kimi gələcəkdə çox müzakirə olunacaq. Bunlarla yanaşı, işğal sonrası Qarabağda turizm mövzusunun aktual olduğunu da müxtəlif səviyyələrdəki çıxışlardan izləməkdəyik.

Azərbaycanın Qələbəsi xalqımızın qurub-yaratmaq əzmini də ortaya qoyub. Artıq işğaldan azad olunmuş rayonlarda dövlətin vacib idarəetmə strukturlarının fəaliyyətinin bərpa edilməsi, Suqovuşandakı turizm və hidroehtiyatların istifadəyə cəlb olunması, bu ərazilərdə başladılan yol-infrastruktur çalışmaları, Xudafərin ərazisindəki su anbarlarının hidroenerji və meliorasiya məqsədilə istifadəsi məsələləri kimi sırf iqtisadi mahiyyətli tədbirlər kimi gündəmə gəlməkdədir. Düşmənin tamamən Qarabağdan çəkilməsindən sonra bölgə iqtisadiyyatının dirçəldilməsi yaxın gələcəkdə bu torpağın yenidən bütün Cənubi Qafqazın inkişaf edən mədəniyyət mərkəzi, məşhur turizm destinasiyası olacağını deməyə əsas verir.
Qarabağ və erməni işğalından azad olunmuş digər yeddi rayon müstəqil Azərbaycan Respublikasının tərkib hissəsi kimi iqtisadi inkişaf baxımından tarixən ölkəmizin digər regionları ilə inteqrativ əlaqələrə malik olub. 30 il öncəsində də bu bölgənin coğrafi mövqeyi, təbii sərvətləri və insan resursları Qarabağ iqtisadiyyatının inkişafında mühüm rol oynayıb. O vaxtlar burada yaradılmış nəqliyyat və infrastruktur şəraiti ilə yanaşı, mövcud olan təbii ehtiyatlar energetika, dağ-mədən sənayesi, kənd təsərrüfatı, emal sənayesi, meşə təsərrüfatı, balıqçılıq və turizm kimi sahələrdə mühüm layihələr həyata keçirməyə imkan verirdi. 1988-ci ilədək, yəni SSRİ-nin süqutunadək olan dövrdə Dağlıq Qarabağ iqtisadi rayonu məhz bu sərvətlər hesabına mühüm inkişaf göstəriciləri əldə etmiş və bu iqtisadi nəticələr birbaşa olaraq bölgədə məskunlaşmış əhalinin yaşayış səviyyəsində və məşğulluğunda özünü göstərmişdi. Həmin dövrün statistikasına nəzər salsaq, görərik ki, burada bir sıra məhsulların istehsalında respublika əhəmiyyətli nəticələr əldə olunub. Belə ki, təkcə kənd təsərrüfatı üzrə baxsaq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, üzümçülük, pambıqçılıq və tütünçülüklə yanaşı, ətlik və südlük heyvandarlıq məhsullarının istehsalında mühüm göstəricilərin əldə olunduğunu görməkdəyik. Tarixən Qarabağ əhalisinin mənimsədiyi məşğuliyyət növləri və toplanan təcrübə burada əsas rol oynayıb. Eləcə də emal sənayesi və sənətkarlıqda, xüsusən dünyaca məşhur olan xalçaçılıqda Qarabağ adı hələ o dövrdə dünya markası halına gəlmişdi. Bütün bu və digər sahələrlə yanaşı, Qarabağ özünün təkrarolunmaz turizm ehtiyatları və kurort-sanatoriya müəssisələri, qorunan təbii-rekreasiya məkanları ilə səyahətçilərin də diqqət mərkəzində olub.

Qədim mədəniyyət nümunələrinə, əsrarəngiz təbii-iqlim şəraitinə, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Qarabağın şöhrəti hələ yüz illər öncəsindən bütün dünyaya məlum olub. Qədimdə və xüsusən orta əsrlərdə Azərbaycana səfər edən səyyahlar bu torpağın gözəlliklərindən bəhs edib, buradakı unikal təbii, tarixi-mədəni zənginliklərdən söhbət açıblar. Gözəl həyat üçün hər cür şəraiti olan Qarabağ, bəlkə, elə bu səbəbdən də yadellilərin iştahasında olub, hücumlara məruz qalıb. Tarixboyu amansız döyüşlər meydanı olmuş bu torpaq nə qədər çətin mübarizələrdən keçsə də, öz azərbaycanlı kimliyini qoruyub, düşmənlərinə boyun əyməyib. XIX əsrin ikinci yarısından başlayaraq neft üçün Azərbaycana gəlmiş xarici kapital sahibləri Cənubi Qafqazın ən görməli məkanlarından biri olan Qarabağa – Şuşaya, Kəlbəcərə səfərlər ediblər. Sonrakı vaxtlarda sovet hakimiyyəti dövründə Qarabağ həm xarici, həm də yerli turistlər tərəfindən çox seçilib. XX əsrin 30-cu illərindən Şuşadakı kurort müəssisələri, pansionat və sanatoriyalar, Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, əfsanəvi Cıdır düzü buraya səyahətə gələnlərin sevimli yeri olub. Bunlarla yanaşı, Xankəndi, Ağdam, Kəlbəcər ərazilərindəki rekreasiya məkanları bölgənin turizm-rekreasiya potensialı onu beynəlxalq əhəmiyyətli bir səviyyədə tanıdıb, respublikamıza gələn yüz minlərlə turistin mühüm bir hissəsi məhz Qarabağın payına düşüb. Xüsusən 1970-ci illərdən başlayaraq burada yaradılmış turizm-rekreasiya müəssisələrinin xidmətlərindən hər il yüz minlərlə yerli və xarici turist istifadə edib. Ancaq Ermənistanın 1988-ci ildən başlayan hərbi təcavüzü nəticəsində təkcə Qarabağda deyil, eyni zamanda buradan qaçqın salınmış insanların ölkəmizin kurort-sanatoriya müəssisələrində yerləşdirilməsi ilə bütün Azərbaycanda daxili və gəlmə turizmə ciddi zərərlər vurulmuş, turizm ehtiyatları, xüsusən Azərbaycan xalqının zəngin tarixi-mədəni ehtiyatları talanmış, bölgədə ekoloji böhran yaranmış, bütün infrastruktur məhv edilmişdir.
Qarabağ iqtisadiyyatında turizmin yeri buranın təbii ehtiyatları, coğrafi mövqeyi, tarixi zənginlikləri və potensial nəqliyyat imkanları ilə əlaqədardır. Buna görə də Qarabağın zəngin təbii ehtiyatlarının və xalqımıza məxsus milli-mədəni mirasının turizm dövriyyəsinə cəlb edilməsi qarşıdakı dövrdə görüləcək mühüm işlərdən biri olacaq. 30 ilə yaxın yurd həsrəti çəkən Qarabağ sakinlərinin, onların yaxın qohum-əqrəbalarının, müxtəlif humanitar missiyalar həyata keçirən beynəlxalq təşkilatların nümayəndələrinin, dünyanın hər yerindən olan media ordusunun və bölgəyə yeni sərmayə yatırmaq üçün Azərbaycana gələcək investorların səyahət məsələləri digər işlərlə bərabər şəkildə həyata keçiriləcəkdir. Turizm növlərinə gəldikdə, 8 noyabr – Şuşanın işğaldan azad olunması tarixi turizm baxımından da xüsusi əhəmiyyət daşıyacaq. Bu tarixi gündə turlara qatılan hər yaş təbəqəsindən və hər cür sosial qrupdan olan insanlar Azərbaycan Ordusunun keçdiyi zəfər yolunu bu dəfə turist kimi keçəcəklər. Şuşa istiqamətində ilk səfərə çıxanlar, xüsusən xarici media təmsilçiləri üçün belə səfərlər erməni vandalizminin əsl mahiyyətini göstərmək üçün xüsusi bir fürsət olacaq. Qarabağın 30 illik işğal dövrü ərzində hər yerdə məhv edilmiş insan məskənlərini, korlanmış ekosistemi, dağıdılmış məzarlıqları və eləcə də Daş dövrünü xatırladan primitiv erməni həyat tərzini bütün bəşəriyyətə göstərmək belə tanışlıq turlarının əsas motivi olacaq. Bu marşrutlar Suqovuşandan Xankəndiyə, işğaldan ilk azad olunmuş Cəbrayıldan Kəlbəcərədək geniş bir ərazidə çox zəngin informativ resursa sahib olacaq. Xarici jurnalistlər, eləcə də bütün əcnəbi turistlər işğaldan miras qalmış şəhər və kənd­ləri gördükcə bu, onlarda ermənilərin gerçək həyat tərzi haqqında ən real təsəvvür yaradacaq. Onda bütün dünya biləcək ki, faşizm ruhlu bu insanlar istədiyi vaxt sıx məskunlaşdıqları Los-Angeles, Marsel, Beyrut, Rostovda da hər an belə izlər qoyub getməyə hazırdırlar.
İşğal sonrası Qarabağda turizmin inkişafı, hər şeydən əvvəl, bu bölgənin iqtisadiyyatının dirçəldilməsi və ölkəmizin digər yerlərində məskunlaşmış yerli insanların öz torpaqlarına qayıdışı üçün mühüm faktorlardan biri olacaq. Turizmin çox ciddi sosial-humanitar məzmunlu funksiyaları bunu etməyə imkan verir. Belə ki, turistlərə təklif olunacaq xidmətlər digər sahələrə nisbətən öz xərcini daha tez çıxardığından bu, bölgəyə işçi qüvvəsi axınına səbəb olacaqdır. Qarabağda həm ekoturizm, həm mədəni tanışlıq, həm də müalicə turizmi üçün geniş imkanlar olduğundan burada turistlərə təklif edilən zərf xidmətlərinin də çeşidi və məzmunu olduqca müxtəlif olacaq. Laçın və Kəlbəcərin unikal relyef müxtəlifliyi burada həm yay, həm də qış turizminin perspektivlərini artırır. Turist marağı baxımından dünyada çox populyar olan səhləb bitkisi xarıbülbülü Şuşada canlı olaraq seyr etmək Qarabağın turizm cazibədarlığını xüsusi olaraq artırır. Qarabağ bölgəsi Azərbaycanın bir çox yerlərindən fərqli olaraq qışı və yayı mülayim keçən, yaşıllıqlarla zəngin olan bir ərazidir. Belə bir unikal təbii-iqlim xüsusiyyətləri ərazidə aqroturizmin və kənd-yaşıl turizminin də inkişafı deməkdir. Erməni işğalından sonra burada kənd infrastrukturunun sürətlə yenilənməsi, normal həyat üçün bütün zəruri şəraitin yaradılması bölgə kəndlərini şəhərli turistlər üçün sevimli istirahət məkanı edəcək.
Qarabağda turizmin gələcək inkişafının iqtisadiyyata çoxaldıcı effektindən əlavə, çox mühüm siyasi əhəmiyyəti də vardır. Bu gün artıq Şuşa şəhərinin və Xudafərin körpüsünün UNESCO-nun mədəni irs siyahısına salınması üçün işlərə başlanılıb. Bütün bunlar 30 il ərzində ermənilərin təkcə bu bölgə üçün deyil, bütün Cənubi Qafqaz bölgəsi üçün törətdikləri riskli bölgə imicinin də qırılması deməkdir. Qarabağın işğalına görə mövcud olmuş riskli bölgə anlayışı isə təkcə ölkəmizdə deyil, bütün bölgədə həm getmə, həm də gəlmə turizmə çox ciddi zərərlər vururdu. Bu gün hələ də cəzasını çəkdikləri sərsəm xəyallarından əl çəkməyib, quru bir ağac parçasına da tamah salan məğlub erməni cəmiyyəti bilməlidir ki, işğal etdiyi Qarabağda taladığı Azərbaycan qızılı, meşə sərvətləri, inşaat materialları kimi çox dəyərli turizm ehtiyatlarımız da olub. Buna görə də, Azərbaycanın Qarabağda qısa müddətdə turizmdən əldə edəcəyi müsbət nəticələr ölkəmizin turizm ehtiyatlarına, turizm sənayesinə və ümumilikdə, iqtisadiyyatımıza vurulmuş zərərlərə görə Ermənistanın ödəməli olduğu maddi təzminatın daha tutarlı bir arqumenti olacaq. 2019-cu ilin nəticələrinə əsasən Azərbaycana gəlmiş 2,5 milyona yaxın əcnəbi turistin ölkə iqtisadiyyatına qazandırdığı, təxminən, 3 milyard ABŞ dolları həcmində gəlir, bu baxımdan Qarabağın işğalı nəticəsində itirdiymiz gəlirlərin səviyyəsindən xəbər verir.
Turizm sülh və sabitliyin bəhrəsi, eyni zamanda rahat yaşayışın mühüm faktorlarındandır. Buna görə də Qarabağın azadlığa qovuşması XXI əsrin ilk mühüm hadisəsi kimi tarixə keçdisə, bu torpaqda turizmin inkişafı da bu bölgədə hamının arzu etdiyi humanitar inkişaf üçün mühüm töhfə olacaq.

- Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR