Ulu yurdumuz Naxçıvan bəşər sivilizasiyasının ən qədim ərazilərindəndir. Qədimliyi sübut edən isə tarix və mədəniyyət abidələridir ki, bununla da xalqımızın minilliklərboyu bu torpaqlarda yaşadığı təsdiq olunur. Qədim Naxçıvan Şərqlə Qərb arasında mühüm karvan yolları üzərində yerləşdiyindən müxtəlif mədəniyyətlərlə geniş əlaqədə olmaqla yanaşı, həm də xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən tarixi abidələr və yaşayış məskənləri ilə zəngindir. Karvan yolları üzərində yerləşən maddi mədəniyyət nümunələrindən biri də “Fərhad evi” adı ilə tanınan arxeoloji abidədir. Bu təbii daş evi yurdumuzun ilk memarlıq abidələri sırasına aid etmək olar.
Naxçıvan Muxtar Respublikasının ən ucqar dağlıq rayonu sayılan Şahbuzun ərazisində yaşı minilliklərlə ölçülən tarixi-memarlıq abidələrinin zənginliyi bu əraziyə çoxlu turist cəlb edir. Biçənək kəndindən şərqdə, Batabat yaylağında “Fərhad evi” adlı abidə də qiymətli memarlıq nümunəsi kimi qorunmaqdadır. Bu abidə Naxçıvan-Laçın-Yevlax avtomobil yolundan sağda, Zorbulaqdan, təqribən, 1 kilometr şərqdə yerləşir. Aparılan tədqiqatlar Fərhad evi abidəsinin eramızdan əvvəl I minilliyin sonlarına və eramızın əvvəllərinə aid olduğunu söyləməyə imkan verir.
Bu gün yolu Şahbuza düşən hər bir turist Fərhad evini də görməyə can atır. Fərhad evi liparit tuf qayada külüngtipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir. Otaqlar bir istiqamətdə gedən düz keçid yolu vasitəsilə birləşir. Tavanlar tağ şəkilli, döşəmələr oval planlıdır. Divarlarda şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılmışdır. Divarların dibində isə səkilər yonulmuşdur. Fərhad evinin axırıncı otağının tavanında havanı tənzimləmək üçün baca açılmışdır.
Giriş qapısının hündürlüyü 2,2, eni isə 1,5 metrdir. Birinci otağın sağ küncündə quyu və ocaq yeri var. Burada divarlara baxanda ocaq hisləri müşahidə edilir ki, bu da buranın uzunmüddətli yaşayış məskəni olduğunun sübutudur. Giriş hissə, yəni birinci otaq, təqribən, 2 metr enində, 3 metr uzunluğundadır.
Fərhad evinin qapısının sağındakı qayanın üzərində uzunsaçlı kişi başı, solunda isə qadın rəsmi həkk olunmuşdur. Qayanın şimal-şərq yamacında buradan keçən qədim karvan yolunun səviyyəsindən 2 metr hündürlükdə uzunluğu 5 metr, eni 80 santimetr, dərinliyi 30 santimetr olan səki qazılmışdır. Səki boyunca 3 sətirlik qədim mixi yazısı həkk olunmuşdur. Oxunmaz vəziyyətə düşmüş yazıda bu abidənin nə zaman və hansı sənətkar tərəfindən yaradıldığı barədə məlumat olduğu güman edilir. Yaxınlıqdakı kurqantipli abidənin üzərindəki vişap isə oğurlanmışdır. Bu təbii daş evin qapısının da daşdan olduğu, sonradan mənfur ermənilər tərəfindən sökülüb aparıldığı deyilir.
Əsrlərin yadigarı olan bu abidənin içərisinə nəzər yetirdikdə otaqların heyrətamiz zəkaya və böyük fiziki gücə malik bir insan tərəfindən ustalıqla yonulduğu aydın olur. Dəqiq və düzgün hesablamalarla qurulan və həndəsi fiquru xatırladan otaqlarda insanların rahat gecələməsi üçün bir çox ünsürlər nəzərə alınmışdır.
Qədimdə Naxçıvan-Laçın-Yevlax yolu Yaxın Şərqi Cənubi Qafqazla əlaqələndirən ən əlverişli yollardan sayılırdı. Fərhad evi də elə buna görə dayanacaq məntəqəsi kimi istifadə edilirmiş.
Orta əsrlərdə Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından Fərhad evindən bir qədər şimalda iri karvansara da tikilmişdi. Yerli əhali bunu Şah Abbas karvansarası adlandırmışdı.
Batabat aşırımındakı Fərhad evi Şəki, Qarabağ, Naxçıvan, Təbriz İpək Yolu üstündə yerləşmiş və ticarətlə məşğul olan insanlar üçün mehmanxana rolunu oynamışdır. Fərhad evindən buradan keçən karvan əhli yayın istisindən, qışınsa soyuğundan qorunmaq üçün də istifadə etmişdir. Bu da onun karvansaray kimi istifadə olunması fikrini gücləndirir.
Son olaraq qeyd edim ki, abidənin “Fərhad evi” adlandırılması ilə bağlı olaraq el arasında xeyli rəvayət və əfsanə dolaşır. Onlardan biri böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasındakı “Fərhad” adlı qəhrəman ilə bağlıdır. Fərhad öz sevgisi üçün dağları yarıb yol açmışdı. Xalq belə böyük bacarıq və səbir hesabına başa gələn sənət əsəri yaradan sənətkara hörmət əlaməti olaraq bu abidəyə “Fərhad evi” adını vermişdir.
Azərbaycanın memarlıq inciləri mədəniyyətində daş abidələri dedikdə ilk ağıla gələn məhz Fərhad evidir. Minilliklərin sınağından çıxmasına baxmayaraq, öz möhtəşəmliyini hər zaman qoruyub saxlayır. Təqribən, 2000 il yaşı olan Fərhad evi Qafqazda nadir sənət abidələrindən sayılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamı, bütünlükdə, abidələrin qorunmasını elmi əsaslarla təşkil etməyə imkan vermişdir. Həmçinin tarixi dəyərlərimizi qorumaq bir vətəndaş olaraq hər birimizin mənəvi borcudur. Çünki şanlı tariximizlə yaşıd olan dəyərlərimiz həm bizim keçmişimiz, həm də gələcəyimizdir. Bir millət öz tarixinə və tarixi dəyərlərinə nə qədər sahib çıxsa, o qədər də varlığı mövcud olacaq. Hər bir xalqın qədimliyi, ululuğu onun abidələrində yaşayır. Əcdadlarımızın bizə yadigar qoyduğu abidələri bərpa etmək, gələcəyə keçmişi aparmaq, xalqımızın ənənələrini və tarixini qorumaq hər birimizin vətəndaşlıq borcudur.
Ülkər HƏSƏNZADƏ
Naxçıvan Dövlət Universitetinin Bələdiyyə və turizm kafedrasının müəllimi