Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən pandemiya ilə əlaqədar olaraq tətbiq edilən qaydalara ciddi riayət edilməklə noyabr ayında bir sıra mədəni tədbirlər həyata keçirilmişdir. Ötən ayın əlamətdar mədəni hadisələrindən biri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsəri əsasında hazırlanmış tamaşaya ictimai baxışın keçirilməsi olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə bağlı ay ərzində nazirlik tərəfindən 3 açıq dərs, 1 seminar, 1 kitab müzakirəsi, 1 film nümayişi, 1 mühazirə, 4 ustad dərs olmaqla, ümumilikdə, 10 tədbir keçirilmişdir.
Noyabr ayında muxtar respublikadakı muzeylərimizi 16 min 146 nəfər yerli, 183 nəfər əcnəbi olmaqla, ümumilikdə, 16 min 329 nəfər tamaşaçı ziyarət etmişdir. Həmçinin ötən ay muzeylərə 74 ədəd yeni eksponat daxil olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Dövlət Bayrağı Muzeyində Şərur rayonunun Qarabürc kənd tam orta məktəbinin şagirdləri üçün elektron dərs keçilmiş, dərsi muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir. Bundan başqa, noyabr ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 35 açıq dərs keçilmişdir.
Hesabat ayında muxtar respublikanın muzeyləri sosial şəbəkələrdəki rəsmi hesablarında onlayn ekskursiyalar, həmçinin əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı hazırlanmış məlumat və təbliğat xarakterli 155 paylaşım etmişlər.
Noyabr ayında muxtar respublikanın kitabxanaları tərəfindən də müxtəlif mədəni tədbirlər həyata keçirilmiş, “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan 4 kitabın müzakirəsi aparılmışdır. Bu müzakirələrin ikisi onlayn formada olmuşdur. Həmçinin Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən ay ərzində 3 “Nağıl günü” keçirilmiş, həmçinin Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin uşaq kitabxanaları sağlamlıq imkanları məhdud 19 uşağa səyyar kitabxana xidməti göstərmişdir. “Nağıl günləri” layihəsi çərçivəsində noyabr ayında 11 audionağıl hazırlanaraq sosial şəbəkələrdə 36 paylaşım edilmişdir.
Ötən ay muxtar respublikanın kitabxanalarına 134 yeni oxucu müraciət etmiş, oxucu gəlişi 4 min 786 nəfər, kitab verilişi isə 35 min 326 nüsxə olmuşdur. Həmçinin hesabat ayında elektron kataloqa 203 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 20 min 218-ə çatdırılmışdır. Şəbəkəyə 42 kitab (PDF) işlənmiş və ümumi say 3 min 162 olmuşdur. Ay ərzində elektron kitabxanadan 230 lokal, 875 qlobal olmaqla, 1105 oxucu istifadə etmişdir.
Naxçıvan Dövlət Film Fondu tərəfindən də noyabr ayında görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, eləcə də film çəkilişlərindən maraqlı faktlarla bağlı 54 material hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir. Həmçinin ötən ay Naxçıvan Dövlət Film Fondu tərəfindən Naxçıvan şəhər 1,10 və 17 nömrəli tam orta məktəblərin şagirdlərinə “Xoşbəxt ay-ulduz” filmi, eləcə də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinə “Biz qayıdacağıq” və “Dolu” bədii filmləri nümayiş olunmuşdur.
Noyabr ayında gənclərlə iş sahəsində də bir sıra işlər görülmüş, nazirliyin, eləcə də Şahbuz və Şərur Rayon Mədəniyyət şöbələrinin Gənclər birlikləri üzvlərinin iştirakı ilə “Vətən müharibəsinin informasiya cəbhəsində gənclərin fəaliyyəti”, “Xalqımızın Böyük Vətən müharibəsi və Qələbəyə aparan yol” və “Ucalıq zirvəsi, tarixləşən istiqlal türbəsidir şəhidlər” mövzularında onlayn tədbirlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti