Əməksevər bağban üçün barverən ağac necə qiymətlidirsə, elmi, təhsili, nailiyyətləri ilə başucalığı gətirən övlad da valideyn üçün o qədər dəyərli və qürurvericidir. Bu mənada, böyük filosoflar da əbəs yerə elmsiz adamı meyvəsiz ağaca bənzətmirlər. Bəli, uşaq dünyaya göz açandan bəri hər əziyyətinə qatlaşan, üzərində, sözün yaxşı mənasında, “yarpaq kimi titrəyən” valideyn üçün dünyada ən gözəl hədiyyə övladının qazandığı uğurlardır. Təbii ki, uğurlu gələcəyin möhkəm təməli təhsildən asılıdır. Məhz buna görədir ki, övladının gələcəyi üçün məsuliyyət hissi keçirən qayğıkeş ata və ana ona verəcəyi ən böyük hədiyyənin təhsil olduğunu düşünür. Çünki müasir dövrdə yalnız təhsilli, savadlı insan həyatda özünə üstün mövqe tutur, gələcəyi haqqında planlar quraraq istəyinə çatmağı bacarır. Əsrlərdir, dillərdə aforizmə çevrilən, böyük şairimiz Nizami Gəncəvinin “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” kəlamı da hər birimizə cəmiyyətdə elmin, təhsilin, savadın hər şeydən üstün olduğunu aşılayır, insanları elm dəryasına baş vurmağa, onun incəliklərinə yiyələnməyə, sənətin, peşənin kamil bilicisi olmağa səsləyir. Müasir dövrümüzdə elm və texnologiyanın günbəgün yeniləşdiyini nəzərə alanda elmli, təhsilli yetişməyin, böyük mənada, önəmli olduğu daha qabarıq şəkildə ortaya çıxır...
Muxtar respublikamızda da gənclərin elmə, təhsilə, müxtəlif sənət, peşə sahələrinə yiyələnmələri üçün hərtərəfli şərait yaradılır, təhsil müəssisələrində innovativ texnologiyalardan, müasir tədris metodlarından istifadə öz müsbət nəticələrini verir. Qəbul imtahanlarında əldə olunan uğurların yüksələn templə artması da məhz təhsil sahəsində görülən işlərin, bu istiqamətdə reallaşdırılan layihələrin bəhrələridir. 2020-2021-ci tədris ilinin qəbul imtahanlarında qazanılan nailiyyətlər muxtar respublikamızın bütün bölgələri kimi, Şərur rayonunun timsalında da ürəkaçandır. Belə ki, rayonun 54 ümumtəhsil məktəbini 472 şagird bitirib, 428 abituriyent ali və orta ixtisas təhsili məktəblərinə sənəd verib, 265 məzun keçid balını üstələyib ki, onlardan da 35-i 500-700 intervalında bal toplayıb. Rayonun Kürçülü, İbadulla, Tənənəm kəndlərinin və Şərur şəhərinin yüksək bal toplayan abituriyentləri ilə həmsöhbət olub, fikirlərini öyrəndik:
Şərur şəhər 1 nömrəli tam orta məktəbin məzunu Günel Əhmədli III ixtisas qrupunda 625 bal toplayaraq rayon üzrə yüksək nəticə göstərən abituriyentlər sırasına adını yazdırıb. Onunla söhbət zamanı dedi ki, məktəbimizdə yaradılan tədris şəraiti, müəllimlərin şagirdlərə, onların bilikli yetişməyinə göstərdiyi diqqət hər il yüksək bal toplayanların sayının çoxalması ilə nəticələnir. Ötən illərdə bu ürəkaçan halları, tələbə adını qazanan uşaqları gördükcə, onların sevincinə şahid olduqca ürəyimdə “Kaş mənə də bir gün belə xoşbəxtlik qismət ola”, – deyərək çox düşünmüşəm. İştirak etdiyim sınaq imtahanlarında yüksək bal topladığım üçün həm müəllimlərimin, həm də valideynlərimin inamını qazanmışdım. Hər kəs qəbul imtahanlarında məndən yüksək nəticə gözləyirdi və şükürlər olsun ki, onları yanıltmadım. Ancaq, sözün düzü, bundan da artıq nəticə göstərəcəyimə inanırdım. Tələbə adını qazananlar yaxşı bilir ki, imtahan vaxtı stress keçirirsən, bildiyin sualları da bəzən səhv yazırsan. Tarixə nəzər salanda görürük ki, neçə-neçə ölkələri fəth etmiş sərkərdələr, böyük alimlər, müəllimlər imtahandan çəkiniblər. İndi gör biz şagirdlər necə həyəcan keçiririk.