Naxçıvan Dövlət Universitetinin tələbələri arasında I Startap müsabiqəsi keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev startap layihələrinin əhəmiyyətindən danışıb.
İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli qeyd edib ki, I startap müsabiqəsində ndu.edu.az internet saytı üzərindən ideya bankına göndərilən 15 layihədən 10-u seçilərək final turuna vəsiqə qazanıb.
Muxtar respublika üzrə startap müsabiqəsinin qalibi, İqtisadiyyat ixtisası üzrə IV kurs tələbəsi Kamil Hüseynli müəllifi olduğu “Vita blok” startap layihəsi barədə məlumat verib.
Sonra müsabiqənin final turu keçirilib. “Ağıllı bitki”, “Ağıllı ölçü cihazı”, “Ağıllı şkaf”, “Easy buy”, “Sensorla idarə olunan təmizlik qutusu”, “Naxçıvan 360 dərəcə veb-saytı və mobil tətbiqi”, “Buy-sell” və bir neçə layihələr nümayiş etdirilib.
Münsiflər heyətinin qərarına əsasən universitetin Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə III kurs tələbələri “Ağıllı bitki” layihəsi ilə müsabiqənin qalibi olublar. “Easy buy” layihəsi üzrə İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri II, “Buy-sell” layihəsi üzrə Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə III kurs tələbələri III yerə layiq görülüblər.
Qalib komandalar sertifikat, kubok və pul mükafatı ilə təltif edilib.
Sevda Qənbərova
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə I kurs tələbəsi