Əməksevər bağban üçün barverən ağac necə qiymətlidirsə, elmi, təhsili, nailiyyətləri ilə başucalığı gətirən övlad da valideyn üçün o qədər dəyərli və qürurvericidir. Bu mənada, böyük filosoflar da əbəs yerə elmsiz adamı meyvəsiz ağaca bənzətmirlər. Bəli, uşaq dünyaya göz açandan bəri hər əziyyətinə qatlaşan, üzərində, sözün yaxşı mənasında, “yarpaq kimi titrəyən” valideyn üçün dünyada ən gözəl hədiyyə övladının qazandığı uğurlardır. Təbii ki, uğurlu gələcəyin möhkəm təməli təhsildən asılıdır. Məhz buna görədir ki, övladının gələcəyi üçün məsuliyyət hissi keçirən qayğıkeş ata və ana ona verəcəyi ən böyük hədiyyənin təhsil olduğunu düşünür. Çünki müasir dövrdə yalnız təhsilli, savadlı insan həyatda özünə üstün mövqe tutur, gələcəyi haqqında planlar quraraq istəyinə çatmağı bacarır. Əsrlərdir, dillərdə aforizmə çevrilən, böyük şairimiz Nizami Gəncəvinin “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” kəlamı da hər birimizə cəmiyyətdə elmin, təhsilin, savadın hər şeydən üstün olduğunu aşılayır, insanları elm dəryasına baş vurmağa, onun incəliklərinə yiyələnməyə, sənətin, peşənin kamil bilicisi olmağa səsləyir. Müasir dövrümüzdə elm və texnologiyanın günbəgün yeniləşdiyini nəzərə alanda elmli, təhsilli yetişməyin, böyük mənada, önəmli olduğu daha qabarıq şəkildə ortaya çıxır...
Muxtar respublikamızda da gənclərin elmə, təhsilə, müxtəlif sənət, peşə sahələrinə yiyələnmələri üçün hərtərəfli şərait yaradılır, təhsil müəssisələrində innovativ texnologiyalardan, müasir tədris metodlarından istifadə öz müsbət nəticələrini verir. Qəbul imtahanlarında əldə olunan uğurların yüksələn templə artması da məhz təhsil sahəsində görülən işlərin, bu istiqamətdə reallaşdırılan layihələrin bəhrələridir. 2020-2021-ci tədris ilinin qəbul imtahanlarında qazanılan nailiyyətlər muxtar respublikamızın bütün bölgələri kimi, Şərur rayonunun timsalında da ürəkaçandır. Belə ki, rayonun 54 ümumtəhsil məktəbini 472 şagird bitirib, 428 abituriyent ali və orta ixtisas təhsili məktəblərinə sənəd verib, 265 məzun keçid balını üstələyib ki, onlardan da 35-i 500-700 intervalında bal toplayıb. Rayonun Kürçülü, İbadulla, Tənənəm kəndlərinin və Şərur şəhərinin yüksək bal toplayan abituriyentləri ilə həmsöhbət olub, fikirlərini öyrəndik:
Şərur şəhər 1 nömrəli tam orta məktəbin məzunu Günel Əhmədli III ixtisas qrupunda 625 bal toplayaraq rayon üzrə yüksək nəticə göstərən abituriyentlər sırasına adını yazdırıb. Onunla söhbət zamanı dedi ki, məktəbimizdə yaradılan tədris şəraiti, müəllimlərin şagirdlərə, onların bilikli yetişməyinə göstərdiyi diqqət hər il yüksək bal toplayanların sayının çoxalması ilə nəticələnir. Ötən illərdə bu ürəkaçan halları, tələbə adını qazanan uşaqları gördükcə, onların sevincinə şahid olduqca ürəyimdə “Kaş mənə də bir gün belə xoşbəxtlik qismət ola”, – deyərək çox düşünmüşəm. İştirak etdiyim sınaq imtahanlarında yüksək bal topladığım üçün həm müəllimlərimin, həm də valideynlərimin inamını qazanmışdım. Hər kəs qəbul imtahanlarında məndən yüksək nəticə gözləyirdi və şükürlər olsun ki, onları yanıltmadım. Ancaq, sözün düzü, bundan da artıq nəticə göstərəcəyimə inanırdım. Tələbə adını qazananlar yaxşı bilir ki, imtahan vaxtı stress keçirirsən, bildiyin sualları da bəzən səhv yazırsan. Tarixə nəzər salanda görürük ki, neçə-neçə ölkələri fəth etmiş sərkərdələr, böyük alimlər, müəllimlər imtahandan çəkiniblər. İndi gör biz şagirdlər necə həyəcan keçiririk.
Onu da deyim ki, 5-ci, 6-cı sinifdən ən böyük arzum böyüyəndə hüquqşünas kimi çalışmaq, ölkəmə, dövlətimə, xalqıma xidmət etmək olub. Elə bu məqsədlə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını seçəcəyəm. İnanıram ki, topladığım bal, eləcə də ali təhsil ocağında yaradılan müasir tədris şəraiti bu ixtisasa yiyələnməyimə imkan verəcək. Fürsətdən istifadə edib üzərimdə böyük əmək sərf edən müəllimlərimə, valideynlərimə öz dərin minnətdarlığımı bildirirəm.
Kürçülü kənd tam orta məktəbinin məzunu Zeynalabdin Hüseynzadə II ixtisas qrupu üzrə 605 bal toplayıb. İlk həmsöhbətimiz Zeynalabdinin ibtidai sinif müəllimi olmuş, məktəbin direktoru Zülfiyyə İbrahimova şagirdi haqqında ürəkdolusu danışdı. Bildirdi ki, Zeynalabdin elə məktəbə yenicə qədəm qoyan gündən öz hazırcavablığı, dərslərdəki fəallığı, qavrama qabiliyyəti ilə həmyaşıdları arasında seçilib. Builki abituriyentlər arasında ən yüksək nəticə göstərməklə məktəbimizin adını uca etdiyi üçün bütün müəllimləri kimi mən də qürur hissi keçirirəm. Onun yuxarı siniflərdə fəallığı, dəqiq elmlərə, xüsusilə də riyaziyyata, coğrafiyaya hədsiz marağı məndə bu uşağın gələcəyinin parlaq olacağı fikrini yaratmışdı. Böyük Çin filosofu Konfutsi deyirdi ki, heç kim müvəffəqiyyət nərdivanını əlləri cibində çıxmayıb. Bəli, tanınmış sənət adamlarının, görkəmli şəxsiyyətlərin həyatına nəzər salanda aydın olur ki, onlar həmin yüksək pilləyə asanca gəlib çatmayıblar. Həyatın keşməkeşli yollarında əsən burulğanlarla tez-tez üzləşiblər. Savadları, dünyagörüşləri ilə qazandıqları təcrübə sayəsində tarixin sınaqlarından üzüağ çıxa biliblər. Yaşadığımız dünya mübarizləri sevir, gərək arxasınca getdiyin işin çətinliyi səni qorxutmasın, sonadək məqsədin naminə çalışasan. Bu baxımdan təcrübəmə əsaslanıb deyə bilərəm ki, bəzi şagirdlərin yüksək mənimsəmə qabiliyyəti olsa da, hər hansı fənnə marağı, keçilən dərsləri qarşılarına məqsəd qoymurlar. Nəticədə, uğur da ondan uzaq qaçır. Lakin Zeynalabdində bu məqsədi hər zaman hiss etmişəm. O, riyaziyyat, coğrafiya ixtisasları üzrə fənn olimpiadalarında, müxtəlif bilik yarışlarında uğurlu iştirakı ilə bizi qürurlandırıb. Sınaq imtahanlarında hər zaman yüksək bal toplayan Zeynalabdinin qəbulda da uğur qazanacağına şübhəmiz yox idi və o, biliyinin məntiqi nəticəsi ilə biz pedaqoji kollektivi yanıltmadı.
Buraxılış imtahanında Şərur rayonu üzrə ikinci ən yüksək nəticə göstərərək Qızıl medal qazanan Zeynalabdin Hüseynzadə də qazandığı uğurun sevincini bölüşərək bildirdi ki, uşaqlıqdan böyüyəndə maliyyə, mühasibatlıq sahəsində çalışmağı qarşıma məqsəd qoymuşdum. Qəbul imtahanlarında topladığım balı da nəzərə alaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasını seçmək istəyirəm. İnanıram ki, uşaqlıq arzumu həyata keçirməyi bacaracağam. Muxtar respublika üzrə tələbə adını qazanan bütün gənclər kimi, mənim üçün də daha bir əlamətdar hadisə isə Ali Məclisin Sədri ilə görüşmək olacaq. Biz gənclərin qarşısında geniş üfüqlər açdığına görə dövlətimizə minnətdarlıq edirəm.
Tənənəm kənd tam orta məktəbini “Gümüş” nişanla bitirən Sunay Dünyamaliyeva I ixtisas qrupu üzrə 623 bal toplayaraq müəllim və valideynlərini sevindirib. Bu barədə fikirləri maraqlıdır:
– Amerikalı professor Riçard Nelsonun gözəl sözü var. Deyir, adi insanlar vaxtlarını necə keçirməyi düşünür, müdrik insanlar isə vaxtdan necə faydalanmağı. Bəli, bu hikmətli ifadədən yola çıxıb demək olar ki, gərək həyatda heç bir anı boş buraxmayıb, öyrənməkdən, çalışmaqdan usanmayasan. Ancaq bir həqiqəti də unutmaq olmaz ki, dəyişən zamanla, dövrlə ayaqlaşmaq, müasir texnologiyalardan baş çıxarmaq da zəruridir. Əks halda özünə perspektivli gələcək qurmağın, tutduğun yolda uğur qazanmağın mümkünsüz olar. Elə qəbul imtahanlarına hazırlaşan zaman qarşımdakı məqsəd, gələcək planlarım da bununla bağlı olub. Topladığı bala uyğun olaraq Bakı Ali Neft Məktəbinin Neft, qaz mühəndisliyi ixtisasını seçmək istəyirəm və inanıram ki, arzuma çatacağam.
Mütaliəyə böyük marağı olan Sunay bu barədə deyir:
– İndiyədək həm xarici, həm də Azərbaycan ədəbiyyatından olan bir sıra əsərlər mütaliə etmişəm. Qurban Səidin “Əli və Nino”, Mikayil Müşfiqin şeirlərini, dünya ədəbiyyatından olan əsərləri sevə-sevə oxumuşam. Fikrimcə, hər kitab bir həyatdır, məqsəddir, amaldır, axtardığın suallara ən mükəmməl cavabı elə oxuduğun əsərlərdə tapırsan. Doğru deyiblər ki, yazıçılar ölməmişdən öncə minlərlə insanın həyatını, kitab oxumayanlar isə yalnız bir həyatı yaşayırlar. Ancaq gərək təkcə oxumaqla kifayətlənməyib, əsərlərdəki hadisələrdən, qəhrəmanların həyatından özün üçün bir nəticə çıxarmağı da bacarasan. Yalnız bu yolla mütaliənin həyatına müsbət mənada təsirini görə, duya, hiss edə bilərsən.
İbadulla kənd tam orta məktəbinin cari tədris ilindəki 22 məzunundan 19-u qəbul imtahanlarında iştirak edib, 11 abituriyent keçid balını üstələyib. Ümumilikdə, Şərur rayonu üzrə ən yüksək göstərici IV ixtisas qrupu üzrə 661,1 bal toplayan Müseyib Abdullayevə məxsusdur. O, sevincini bölüşərək dedi ki, hələ ibtidai sinifdən dəqiq elmlərə marağım böyük olub. Riyaziyyatı ürəkdən sevmişəm, bu fənn üzrə 2021-ci ildə respublika fənn olimpiadasının qalibi olmuşam. Bu böyük uğurum üçün müəllimlərim Paşa Heydərov və Lamiyyə Abdullayevaya borcluyam, onlar bu fənnin sirlərini mənə dərindən öyrətməyə çalışıblar.
Onu da qeyd edim ki, kiçik yaşlarımdan valideynlərim gələcəkdə məni həkim kimi görmək istəyirdilər, yuxarı siniflərdə oxuyarkən muxtar respublikamızda fəaliyyət göstərən müasir səhiyyə ocaqlarında oldum, orada çalışan tibbi personalı gördüm və bu sahəyə marağım daha da çoxaldı. Beləcə, həkimlik peşəsini həyat amalıma çevirməyi qarşıma məqsəd qoydum. Qəbul imtahanlarında əldə etdiyim yüksək nəticədən sonra ürəyimdəki ümid qığılcımı daha da parladı. Arzumu reallaşdırmaq yolunda atacağım növbəti addım Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasını seçməkdir və inanıram ki, həmin ixtisasda oxumaq mənə nəsib olacaq. Xüsusən qeyd etməliyəm ki, uğur qazanmaq üçün ailəmin, müəllimlərimin dəstəyi böyük olub. Onlardan aldığım dəstək sayəsində səylə çalışdım və ürəkaçan nəticəni qazandım. Həmçinin orta məktəb illərində tennis və şahmat idman növləri üzrə muxtar respublika səviyyəli, rayondaxili bir sıra yarışlarda da uğurlar qazanmışam. Düşünürəm ki, istənilən sahədə nailiyyət əldə etmənin yeganə yolu əzmlə çalışaraq incəlikləri öyrənib düzgün tətbiq etməyi bacarmaqdır. Fürsətdən istifadə edib bütün abituriyentlərə ixtisas seçimində uğurlar arzulayıram.
Xoşbəxt, inamlı, perspektivli gələcəyə doğru gedən yolun üfüqləri yalnız elm, savad və təhsillə açılır. Hər il muxtar respublikamızda yüzlərlə abituriyent uğurlu gələcəyə aparan elm ziyasının yolçularına çevrilir. 2020-2021-ci tədris ilinin qəbul imtahanlarında əldə olunan göstəricilər bu sahədə qazanılan nailiyyətlərin artan templə davam edəcəyini deməyə əsas verir.
Nail ƏSGƏROV