22 Dekabr 2024, Bazar

Bunu yüksək bal toplayan məzunlarımız sübut etdi

Muxtar respublikamızda təhsil davamlı inkişaf dövrünü yaşayır. Yeni tikilən, yenidən qurulan məktəb binalarında yaradılan müasir şərait bu sahədə əldə olunan nailiyyətlərin əsasını təşkil etməklə həm də təhsil mühitinin bugünkü inkişaf  səviyyəsindən  xəbər verir. Yaradılan şəraitin, gəncliyin inkişafına göstərilən qayğının  nəticəsidir ki, ümumtəhsil məktəblərini bitirən məzunlar ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr göstərir, gələcəyin yeni fikirli, müasir düşüncəli, peşəkar gəncləri kimi yetişirlər.

 

 

 

Builki qəbul imtahanlarında I ixtisas qrupu üzrə 682 bal toplayaraq muxtar respublika birincisi olan İlhamə Novruzova da belə gənclərimizdən biridir. Müsahibimlə söhbətimdə ilk olaraq bu sözləri deyir: “Məktəb cəhalət dərdinin dərmanı, mərifət bağının xiyabanıdır”. Qeyd edir ki, Vətəninə, xalqına layiqli vətəndaş olmaq hissi lap kiçik yaşlarından, məktəbdə oxuduğumuz illərdən bizdə yaranır, böyüdükcə də bu şərəfli missiyanı daim uca tutmağa, qorumağa çalışırıq. Çalışırıq ki, bir zərrə belə olsa Vətənimiz, xalqımız qoy bizimlə daim fəxr etsin, öyünsün. 2011-ci ildə, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin ibtidai sinfinə qədəm qoyduğum andan ailəmdə görüb-götürdüyüm təhsil mədəniyyəti məni elmin sirlərinə yiyələnməyə daha da sövq etdi. Hər iki valideynim ali təhsillidir. Anam riyaziyyat müəllimi olduğu üçün dəqiq elmlərə daha çox marağım var idi. Elə həmin illər ərzində məktəbimizdə keçirilən bilik yarışlarında fəallıq göstərməyə başladım. IX sinfində oxuyarkən respublika üzrə təşkil edilən riyaziyyat olimpiadasında bürünc medal alaraq üçüncü yeri qazandım. Beynəlxalq səviyyədə əldə etdiyim ilk uğurum isə X sinifdə oxuyarkən Rusiyada keçirilən Kimya fənni üzrə olimpiada oldu. Burada iştirak etməklə həm I yerin, həm də qızıl medalın sahibi oldum. Bu hissin insana qazandırdığı sevinci, verdiyi xoşbəxtliyi sözlə ifadə etmək çox çətindir. Çünki dünyanın bir çox ölkələrinin nümunəvi şagirdlərinin iştirak etdiyi beynəlxalq səviyyəli bu yarışda mən doğulub boya-başa çatdığım muxtar respublikamızın, ölkəmizin adını ucaltmışdım. Məktəb həyatımda qazandığım sonuncu uğurum isə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 682 bal toplayıb, muxtar respublika birincisi olmaqla nail olmuşam. Bu nəticəni əldə etmək çox asan olmadı. Bunun üçün daim zəhmət çəkməli, fədakarlıq göstərməlisən. Bu yolda mənim dəstəkçilərim ailə üzvlərimlə yanaşı müəllimlərim oldu.  Elə bir şagirdin də həyatında ən gözəl şey onun savadlı, necə deyərlər əsl mənəviyyat timsallı  ideal müəlliminin olmasıdır. Bu mənada mən çox şanslıyam...

Məqsədim Bakı Ali Neft məktəbinin tələbəsi olmaq, bura da oxuduğum müddətdə yeni-yeni uğurlara imza atmaq və ölkəmizi daha da gözəl şəkildə təmsil etməkdir. Unutmamalıyıq ki, bizlər hər şeydən əvvəl Azərbaycan gəncinin inkişafını, tərəqqisini, elmini daim uca tutan ümummilli lider Heydər Əliyevin davamçıları, müstəqil Azərbaycanın işıqlı gələcəkləriyik. Bu şərəfli və məşəqqətli yolda bütün gənclərə uğurlar, müvəffəqiyyətlər arzu edirəm. 

Naxçıvan Qızlar Liseyinin məzunu Bəhriyyə Mustafayeva qəbul imtahanlarında IV ixtisas qrupu üzrə 661 bal toplayıb. Onunla söhbət zamanı dedi: – Muxtar respublikamızda keçirilən fənn olimpiadalarında iştirak edərək bir sıra uğurlar qazanmışam. Bu il isə biologiya fənni üzrə təşkil edilən olimpiadada I yerə layiq görülmüşəm və qızıl medal qazanmışam. Ümumi orta təhsilimi fərqlənmə attestatı ilə başa vurmuşam. Eyni zamanda isə tam orta təhsilimi xüsusi nümunəli attestatla bitirməklə nailiyyətlərimə görə qızıl nişana layiq görülmüşəm. “Sabahın alimləri” X respublika müsabiqəsində iştirak edərək sertifikat və layihənin 10 illiyi ilə bağlı hazırlanmış medalla təltif olunmuşam. Təhsil aldığım müddətdə ailəm və liseyimizin müəllim kollektivi məndən qayğısını əsirgəməyib. Uğur qazanmaq üçün isə qarşıya hədəf qoymalı və çox çalışmalısan. İnsan yalnız öz biliyinə güvənməlidir. Unutmamalıyıq ki, heç bir uğur təsadüfi deyil. Bütün uğurlarımızın ardında qərarlılığımız va əməyimiz dayanır. Uşaqlıqdan ən böyük xəyalım həkim olmaq idi. Və artıq bu gün ona çox yaxınam. Topladığım bal ilə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmaqla gələcəyin savadlı kadrı kimi formalaşacağam.

III  ixtisas qrupu üzrə 631 bal toplayan  Nurxan Mirzəyev 22 iyun 2004-cü ildə Naxçıvan şəhərində anadan olub. O, Heydər Əliyev adına tam orta məktəbdə təhsil alıb. Söhbət zamanı qeyd etdi ki, təhsil aldığı illərdə dəfələrlə məktəbdaxili, məktəblərarası, muxtar respublika səviyyəli yarışlar və fənn olimpiadalarında və respublika fənn olimpiadalarında iştirak edərək nailiyyətlər qazanıb: – IX sinifdə verdiyimiz şəhadətnamə imtahanında yüksək nəticə əldə edərək fərqlənmə attestatına layiq görülmüşəm. Bu və digər uğurlarımın ardınca bu il Respublika fənn olimpiadasında tarix fənni üzrə gümüş medal qazanaraq Azərbaycan 2-cisi olmuşam. Bu ilki qəbul imtahanında yüksək nəticə göstərmişəm. Onu deyim ki, imtahan mənim üçün çox rahat keçdi. Tək nigaran qaldığım vaxtı düzgün bölmək idi, amma bunun da öhdəsindən gələ bildim. Özümə inanırdım. İnanırdım ki, çəkdiyim əziyyətlərin bəhrəsini görəcəyəm. Gördüm də, şükür Allaha. Ən böyük dəstəyi ailəmdən, həm bibim, həm də müəllimim olan Könül müəlliməmdən gördüm. Təbii ki, ailəmə və başda Könül müəlliməm olmaqla, mənim üzərimdə əməyi olan bütün müəllimlərimə təşəkkürümü bildirirəm. Dövlət Gömrük Komitəsinin Akademiyasında Hüquq fakültəsi üzrə təhsilimi davam etdirmək, gələcəkdə Vətənimə və xalqıma düzgün və ədalətlə xidmət edən gömrük əməkdaşı, hüquqşünas olmaq istəyirəm. Bakalavr təhsilim boyunca bir neçə xarici dil öyrənməyi nəzərdə tutmuşam. Təhsilimi başa vurduqdan sonra xaricdə magistr təhsili almaq və buranı bitirdikdən sonra isə Dövlət Gömrük Komitəsində dövlətimizə şərəflə xidmət etmək arzusundayam.

Biz də gələcəyimiz olan gənclərimizə ali təhsil yollarında uğur və müvəffəqiyyətlər  arzulayırıq.

 

Məcid RƏŞADƏTOĞLU

Aytac CƏFƏRLİ

Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR