22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” 2020-ci il 14 dekabr tarixli Sərəncamına əsasən universitetdə 2 hektar ərazini əhatə edən, müxtəlif elm sahələri üzrə təcrübə-konstruktor, elmi-tədqiqat və startap layihələrinin mühüm elmi nəticələrinin sənaye və xidmət sahələrində tətbiqini həyata keçirən sosial, mədəni, mühəndis-kommunikasiya təminatı olan obyektlər kompleksindən ibarət Texnologiyalar Parkı (Texnopark) yaradılacaq.

 

Texnologiyalar Parkı nədir

Azərbaycanda ali təhsil müəssisələrində texnoparkların yaradılması yeni təcrübədir. Ölkəmizdə iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılmasını təmin etmək məqsədilə müasir komplekslər – Yüksək Texnologiyalar parkları (Texnopark) yaradılır. Ölkəmizdə biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması üçün elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmin, təhsilin və istehsalatın inteqrasiyasının təmin edilməsi bir vəzifə olaraq qarşıya qoyulmuşdur.
Texnoparkların, texnoloji mərkəzlərin, biznes inkubatorlarının şəbəkəsinin genişləndirilməsi və inkişafı əsas məqsəddir. Yəni yaxın illərdə təhsildə, elmdə, digər intellektual sahələrdə ciddi dönüş yaratmaq və informasiya, eləcə də biliklər iqtisadiyyatının qurulması prosesini intensivləşdirməkdən ibarətdir. Texnoparkların əsas struktur vahidi mərkəzlər hesab olunur. Buraya innovasiya-texnoloji mərkəz, tədris mərkəzi, məsləhət mərkəzi, informasiya mərkəzi, marketinq mərkəzi, sənaye mərkəzi, maliyyə-sığorta mərkəzi, mühasibat-audit mərkəzi, strateji tədqiqat mərkəzi daxildir. Dünya iqtisadiyyatında texnoparklar innovasiyalı iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi hesab edilir. Milli iqtisadiyyatın yeni sahələrinin formalaşmasında və rəqabətqabiliyyətli olmasında texnoparkların böyük rolu vardır. Məsələn, ABŞ, Hindistan, Çin və sair kimi ölkələr informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində dünya səviyyəsində qabaqcıl olmalarına görə məhz texnoparklara minnətdardır.
Ona görə də uşaq bağçalarından başlayaraq ibtidai və orta məktəblərdə yüksək texnologiya ideyasını təbliğ və nümayiş etdirmək, təcrübi, praktik yönümlü dərslərə daha çox fikir vermək vacibdir. Mühəndislik fakültələrində “əllə yaratmaq”, məşğələləri tətbiqi layihələr üzərində qurmağa ciddi önəm verilməlidir. Robot, elektromobil, günəş enerjisi ilə işləyən maşın (avtomobil), orijinal proqramların yazılması, kiçik peyk düzəltmək, tullantıların yeni üsullarla emalı üzərində fikirləşmək lazımdır. Sənaye müəssisələri (orta və kiçik/dinamik) olmasa, universitet-sənaye münasibətləri inkişaf etməz və texnopark fəaliyyəti ciddi nəticə verməz. Müxtəlif, amma bir-biri ilə sıx bağlı olan fəaliyyətləri həm fiziki yer, həm funksional baxımdan birləşdirmək lazımdır: Yüksək texnologiyaların inkişafının dünya təcrübəsi göstərir ki, texnoparkın səmərəli fəaliyyəti onu elm, sənaye və ali təhsil innovasiya fəaliyyəti subyektləri – texnoparklar, sənaye parkları müəssisələrin kompakt yerləşdiyi yaşayış məntəqələrində – texnopolislərdə təşkil etmək məqsədəuyğundur. Universitetlərin professor-müəllim, tələbə və elmi-texniki heyəti kifayət qədər elmi nəticələrə, ixtira və patentlərə malikdir, aktiv elmi-texniki innovasiya fəaliyyəti həyata keçirirlər. Universitetlər elmi-texniki və innovasiya fəaliyyətində geniş beynəlxalq əməkdaşlıq və beynəlxalq layihələrdə iştirak etmək təcrübəsinə malikdirlər. Universitetlər xırda və orta sənaye müəssisələri ilə birgə geniş elmi-texniki və innovasiya fəaliyyəti həyata keçirirlər. Müasir dövrdə informasiya cəmiyyətinin biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında texnoloji biliklərin mərkəzinə çevrilən universitetlər mühüm rol oynadığından ali məktəb texnopark vəhdətinin yaradılması da son illər geniş inkişaf tapmışdır.
Belə texnoparklar bir və ya bir neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədar olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan müəssisələrin yaranmasına və onların inkişafına təşəbbüs göstərmək məqsədilə qurulur. Universitet Texnoparkında fəaliyyət göstərən müəssisələrə innovativ elmi nəticələrin transfer edilməsi və işin idarə olunması sahələrində dəstək verir. Bu proseslərdə bütün yanaşmalar təşəbbüskarlıq və müəllif hüquqlarının qorunması müstəvisində həyata keçirilir. Beləliklə, texnoparklar yeni ideyaların formalaşmasından başlayaraq onların tətbiq olunması və inkişaf etdirilməsinədək hərtərəfli şəraitin olduğu innovativ fəaliyyətləri təmin edən məkandır. Başqa sözlə, texnoparklar insan kapitalını sürətlə inkişaf etdirən, yüksək texnologiyalar istehsal edən qurumlardır. Belə qurumlar universitetlərin tərkibində olduqda daha aktiv fəaliyyət göstərə bilirlər.
Texnoparkın əsas təsisçilərindən birinin ali məktəb olmasına baxmayaraq, kommersiya strukturu kimi onun idarə olunmasını ali məktəb deyil, biznesdə artıq müəyyən müvəffəqiyyətlər qazanmış və onu özünün əsas fəaliyyət sahəsi sayan sahibkar həyata keçirir. Başqa sözlə, texnopark yüksək texnologiyalar və innovasiyalar əsasında biznes fəaliyyəti göstərən sərbəst, kommersiya baxımından əlverişli və səmərəli müəssisədir.
Texnopark dedikdə kiçik və orta elmtutumlu innovasiya şirkətlərinin inkişafı üçün maksimum əlverişli mühitin formalaşdığı elmi-istehsalat kompleksi, elmi fəaliyyətin nəticələrinin məhsula çevrilməsi və bazara çıxarılması kimi başa düşülür. Texnoparklar bir və ya bir neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədər olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərmək üçün qurulmuş kompleksdir. Belə desək, texnoparklar yeni ideyaların formalaşmasından başlayaraq onun tətbiq olunması və inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin olduğu (müəssisələrlə ortaq fəaliyyətlər və sair) innovativ fəaliyyətləri təmin edən məkandır.

Texnologiyalar Parkının yaradılması muxtar respublikada təhsilin inkişafı istiqamətində mühüm addımdır

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə muxtar respublikanın təhsil tarixində yeni bir dövrün başlanğıcı qoyulub. Həmin Sərəncamla, ümumilikdə, 109 ixtisas və 1 lisey 36 təşkilata hamiliyə verilib. Sərəncamda “İdeyadan başlanğıca!” devizi ilə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin – startapların həyata keçirilməsi nəzərdə tutulub. Ölkəmizdə startapların inkişafı üçün dövlət və özəl müəssisələr tərəfindən qrantların ayrılması yeni uğurlu startapların yaranmasını stimullaşdırır. Respublikada gələcəyi uğurlu görünən startaplar yaranması üçün kifayət qədər səbəblər var. Elmi-texniki araşdırmaların, kəşflərin, ixtiraların, kiçik və yeni şirkətlər tərəfindən aparılan hər hansı riskli, lakin perspektivli xarakter daşıyan yeniliklərin tətbiq edilməsinin kreditləşdirmə və innovasiya fəaliyyəti subyektləri: texnoparklar, sənaye parkları maliyyələşdirilməsi üçün vençur şirkətlərə böyük ehtiyac var.
Ölkəmizdə vençur təşkilatları ilə startaplar arasında əməkdaş­lığı gücləndirmək və vençurların startap layihələrə marağını artırmaq lazımdır. Bu əməkdaşlığın inkişaf etməsi üçün dövlət dəstəyinə ehtiyac duyulur. Startap layihələrinin uğurlu olması üçün Azərbaycan bazarına uyğun olan rəqabətədavamlı layihələr hazırlanmalıdır. Startapların istiqamətləri bazarın tələbatına uyğun formalaşmalı, doğru qurulmuş maliyyə siyasəti əsasında qurulmalıdır. Startap layihələrinin uğur qazanması üçün digər faktorlardan biri doğru komanda və rəqabətə davamlılıqdır. Yanlış qiymət siyasəti, zəif məhsul, zəif marketinq, müştərilərə qarşı diqqətsizlik, məhsulu vaxtında çatdırmamaq startap layihələrin uğur qazanmasına mane olan başlıca amillərdəndir.
Texnoparkların yaradılmasında əsas məqsəd biliklərin və ixtiraların texnologiyalara, həmin texnologiyaların isə kommersiya məhsuluna çevrilməsi, tədqiqatlara yönəldilmiş milli xərclərin səmərəliliyinin yüksəldilməsi, kiçik elmtutumlu sahibkarlıq sektoru vasitəsilə texnologiyaların sənayeyə ötürülməsi, elmtutumlu müəssisələrin formalaşması və onların bazarda təşəkkülü, elmtutumlu biznes sahəsində müəssisələrin dəstəklənməsi, sənayenin strukturunun yenidən qurulması, regional qeyri-mütənasib inkişaf səviyyəsinin azalması, məşğulluq probleminin qismən həlli, yüksək texnologiyalar sahəsində elmi-texniki nailiyyətlərin sürətli tətbiqidir. Bu qurumlar, eyni zamanda yüksək texnologiyalara əsaslanaraq inkişaf etdirilən sənaye sahələrinin gücləndirilməsi, yeni bölgələrdə sənayenin inkişafının dəstəklənməsi, innovativ fəaliyyətlərin həyata keçirilməsi, təhsil və daha təsirli elmi-texniki nəticələrə malik fəaliyyət sahələri ilə səmərəliliyin artırılması, beynəlxalq arenada rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədlərini də güdür. Deyilənləri ümumiləşdirsək, bu qənaətə gələ bilərik ki, texnoparklar kiçik və orta elmtutumlu innovasiya şirkətlərinin inkişafı üçün maksimum əlverişli mühitin formalaşdığı elm - istehsalat kompleksidir və əsasən, elmi fəaliyyətin nəticələrinin məhsula çevrilməsi və bazara çıxarılmasının təşkili ilə məşğul olur. Texnoparkın idarəedici təşkilatı texnoparkın fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsdir. Texnoparklar aşağıdakılardan ibarətdir:

İnkubasiya Mərkəzi
Texnoloji əməkdaşlıq ofisi
Texnoloji transfer ofisi
Universitet sənaye əməkdaşlığı

Yüksək texnologiyalar istehsalının dörd təməl tərəfi vardır:

Araşdırmaçı bacarıqları və həvəsi olan insan gücü
Yetərli məlumat bazası
Yetərli maliyyə dəstəyi
Proqramlı bir şəkildə elmi tədqiqatların aparılması


Mövcud informasiyalardan məlum olur ki, texnoparkların yaradılmasında əsas məqsəd biliklərin və ixtiraların texnologiyalara, həmin texnologiyaların isə kommersiya məhsuluna çevrilməsi, tədqiqatlara yönəldilmiş milli xərclərin səmərəliliyinin yüksəldilməsi, kiçik elmtutumlu sahibkarlıq sektoru vasitəsilə texnologiyaların sənayeyə ötürülməsi, elmtutumlu firmaların formalaşması və onların bazarda təşəkkülü, elmtutumlu biznes sahəsində müəssisələrin dəstəklənməsi, sənayenin struktur yenidən qurulması, regional qeyri-mütənasib inkişaf səviyyəsinin azalması, məşğulluq probleminin qismən həlli, yüksək texnologiyalar sahəsində elmi-texniki nailiyyətlərin sürətli tətbiqidir. Bu qurumlar, eyni zamanda yüksək texnologiyalara əsaslanaraq inkişaf etdirilən sənaye sahələrinin gücləndirilməsi, yeni bölgələrdə sənayenin inkişafının dəstəklənməsi, innovativ fəaliyyətlərin həyata keçirilməsi, təhsil və daha təsirli elmi-texniki nəticələrə malik fəaliyyət sahələri ilə səmərəliliyin artırılması, beynəlxalq arenada rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədlərini də güdür. Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində kimya və biologiya laboratoriyaları lazım olan avadanlıq və reaktivlərlə zəngindir. Sözsüz ki, texnoparkda yaradılacaq laboratoriyalarda kimyanın, eləcə də biologiyanın son nailiyyətlərindən istifadə olunacaq və elmi istiqamətdə araşdırmalar daha da intensiv şəkil alacaqdır. Tələbələrin bu işə cəlb olunması əsas faktordur. Belə ki, dərsdənkənar saatlarda onlar müxtəlif elmi istiqamətlərdə öz araşdırmalarını aparacaq, bu işlərdə müəllimlər və tədqiqatçılar öz köməkliklərini göstərəcəklər.
Naxçıvan Dövlət Universitetində kiçik və orta elmtutumlu innovasiya şirkətlərinin inkişafı üçün maksimum əlverişli mühitin formalaşdığı elm-istehsalat kompleksi olub, əsasən, elmi fəaliyyətin nəticələrinin məhsula çevrilməsi və bazara çıxarılmasını təşkil edəcək texnoparkın yaradılması muxtar respublikanın təhsil tarixində mühüm hadisədir, təhsilin inkişafına dünya təhsil sisteminə inteqrasiyasına mühüm töhfədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 16 iyun 2021-ci il tarixdə Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimində iştirak etmiş, burada çıxış edərkən demişdir: “Naxçıvan Dövlət Universitetinin nəzdində Texnologiyalar Parkının yaradılması zamanın tələbidir. Çünki XX əsr texnika, XXI əsr isə texnologiyalar əsridir. Təhsil də yeni texnologiyalar üzərində tədris olunmalı və gənclər müasir dövrün tələblərinə uyğun təhsil almalıdırlar. Texnopark tələbələrin dərsləri həm nəzəri, həm də praktik olaraq mənimsəmələrinə imkan verəcəkdir”.
İnanırıq ki, göstərilən qayğıdan layiqincə istifadə edəcək və var qüvvəmizlə texnoparkımızın inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Şəmil Mahmudov
Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və
kənd təsərrüfatı fakültəsinin dekanı, dosent

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR