Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında 2019-cu il 24 sentyabr tarixli Sərəncamı əsasında akademik İsmayıl Hacıyevin “Araz-Türk Cümhuriyyəti” adlı kitabı işıq üzü görüb.
AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərlinin elmi redaktorluğu ilə işıq üzü görən yeni nəşrdə yeni sənəd və materiallar dövriyyəyə gətirilməklə Araz-Türk Cümhuriyyətinin tarixi araşdırılır. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla nəşr edilən kitab Naxçıvan bölgəsində hərbi-siyasi vəziyyət, Araz-Türk Cümhuriyyətinin yaradılması zərurətinə, yaranma tarixinə, mərkəzinə, rəhbərlərinə, bölgənin erməni daşnaklarının basqınlarından qorunmasına, süqutu, tarixi əhəmiyyətinə, Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələrinə diqqət yetirilib, bir sıra tarixi fakt və hadisələrə aydınlıq gətirilib.
Ön səhifədə ulu öndərin “Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın dövlətçilik tarixidir” kəlamı diqqəti cəlb edir. Kitabı vərəqlədikdə ilk səhifələrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında 2019-cu il 24 sentyabr tarixli Sərəncamı öz əksini tapıb. “Giriş” və 3 fəsildən ibarət olan kitabın girişində 1920-ci ildə ölkəmizin tarixi ərazilərindən olan Zəngəzurun itirilməsindən, Naxçıvanı Azərbaycandan ayrı salmaq cəhd və məqsədlərindən, erməni vəhşiliyindən, milli vətənpərvər qüvvələrin Naxçıvan ərazisini erməni təcavüzündən qorumaq üçün Araz-Türk Cümhuriyyətinin yaradılması və onun mühüm tarixi xidmətindən bəhs olunur.
Birinci fəsildə “Araz-Türk Cümhuriyyəti”nin yaranması ərəfəsində Naxçıvan diyarında hərbi-siyasi vəziyyət başlığı altında Naxçıvanda siyasi-vəziyyət, ermənilərin Naxçıvana qarşı ərazi iddiaları və silahlı müdaxiləsi, Osmanlı dövlətinin diyarımıza siyasi-hərbi yardımı, Osmanlı ordusunun Naxçıvanı tərk etməsi haqqında məlumatlar öz əksini tapıb.
İkinci fəsildə Araz-Türk Cümhuriyyətinin yaranması, hakimiyyət strukturu, ərazisi, əhalisi, paytaxtı, cümhuriyyətdə hərbi qüvvələrin təşkili haqqında faktlar yer alır, növbəti fəsildə isə “Araz-Türk Cümhuriyyətinin fəaliyyəti və süqutu” başlığı altında bölgənin ərazi bütövlüyü uğrunda erməni daşnaklarına qarşı mübarizəsi, Azərbaycan Xalq, Cənub-Qərbi Qafqaz cümhuriyyətləri ilə əlaqələri və bundan sonra bölgədəki ictimai-siyasi və hərbi vəziyyət ətraflı şəkildə şərh olunur.
Kitabın son səhifələrində “Nəticə” başlığı altında şərh olunan məqalə isə, ümumilikdə, hadisələrin məğzini açaraq mahiyyətinə sirayət edir.
Kitabın “Əlavələr” hissəsində ermənilərə qarşı Osmanlı qüvvələrindən yardım istənilməsi haqqında Mirzə Cəlil adlı şəxs tərəfindən Naxçıvan əhalisinin nümayəndəsi Cabbarzadə Nağı Əfəndi ilə göndərilən 26 iyun 1919-cu ildə yazılmış məktub, Araz-Türk Cümhuriyyətinin Qurtuluş Bəyannaməsi, Araz-Türk Hökumətinin elan edilməsindən iki gün əvvəl – 16 noyabr 1918-ci ildə hökumətin qurtuluşunu hazırlayan heyət tərəfindən IX ordu komandanlığına göndərilən teleqraf, naxçıvanlıların öz torpaqlarının qurulan Azərbaycan Cümhuriyyətinə birləşdiyi haqqında elan öz əksini tapıb. Kitabda yer alan Azərbaycan Respublikasının Nazirlər Şurasının cənab Sədrinə 6-10 noyabr 1919-cu il yazılan məktub diqqəti cəlb edir. Məktubda yazılır: “Polkovnik Haskel də bir neçə günlüyə bura gəlib: O özünün Bakıda ehtiramla qəbul olunmasından çox razıdır. Bizim sadə camaat xoşuna gəlib, “xalqınız sülhsevər xalqdır və qətiyyən ermənilərin düşməni deyil, əgər siyasət adamları olmasaydı, ermənilər də sakit yaşayardılar”, – deyir. Naxçıvan və Şərur dairələrində indi çox sakitlikdir. Amerikalı qubernatorun idarə etdiyi neytral zona yaradılmışdır”.
Kitabın son səhifələrində noyabr 1918-mart 1919-cu illərdə Naxçıvan Araz-Türk Cümhuriyyətinin, dekabr 1918-aprel 1919-cu illər Cənub-Qafqaz Respublikasının xəritələri, Araz-Türk Cümhuriyyəti bayrağının görüntüləri öz əksini tapıb. Həmçinin dövlətçiliyimiz tarixində müstəsna xidmətləri olan görkəmli ictimai-siyasi xadimlərin şəkilləri, Əmir bəy Nərimanbəyovun adı və imzası olan arxiv sənədləri yer alıb.
Ölkəmiz üçün çox gərgin bir dövrdə azərbaycanlıların düşmənlərə qarşı mübarizə üçün birləşdirilməsində mühüm rol oynayan, ən başlıcası isə bölgənin ermənilərə keçməsinə imkan verməməklə onun toxunulmazlığını və bununla da Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünü qoruyan Araz-Türk Cümhuriyyətindən bəhs edən nəşr tarixçi və tədqiqatçılar, ictimaiyyət, elm nümayəndələri, eləcə də Azərbaycanın dövlətçilik tarixini dərindən öyrənmək istəyənlər üçün fundamental mənbədir.
Gülcamal TAHİROVA