22 Dekabr 2024, Bazar

Muxtar respublikamızın uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə etməsinə zəmin yaradır. Bu tərəqqinin geniş vüsət almasında gənclərin də rolu böyükdür. Həyata keçirilən bu siyasət gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, dünyagörüşlərinin, fiziki və mənəvi sağlamlıqlarının möhkəmləndirilməsi, bir sözlə, hərtərəfli inkişafı üzərində qurulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyətlərinin qiymətləndirilməsi, onların fəxri adlarla, qiymətli hədiyyələrlə mükafatlandırılması muxtar respublika gənclərinin öz üzərlərində daha səylə çalışmalarına güclü təkan verir. Belə gənclərimizdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 iyul tarixli Sərəncamına əsasən adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na təhsil sahəsi üzrə salınan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin X sinif şagirdi Nicat Əlizadədir. Bu xəbər onun müəllim və valideynlərinin böyük sevincinə səbəb olub.


Riyaziyyat müəllimi Mahizər Orucovanın şagirdi haqqında söylədikləri:
– Muxtar respublikamızda istedadlı yeniyetmə və gənclərin aşkara çıxarılmasına diqqət yetirilir və bu istiqamətdə dövlət səviyyəsində tədbirlər həyata keçirilir. Məktəbimizdə də öz elmi, təhsili, təlim-tərbiyəsi ilə seçilən belə şagirdlərimiz çoxdur. Onlardan biri də Nicatdır. O, kiçik yaşlarından öz bilik və bacarığı ilə yaşıdlarından fərqlənirdi. IX sinfi fərqlənmə attestatı ilə bitirib. İndiyədək müxtəlif nailiyyətlər əldə edib. Belə ki, o 2019-cu ildə Amerika Riyaziyyatçılar Assosiasiyası tərəfindən təşkil olunan Beynəlxalq riyaziyyat olimpiadasında II, həmin il muxtar respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə III yerin qalibi olmuş, 2019-2020-ci tədris ilində isə respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə “Qızıl” medala layiq görülmüşdür. Eyni zamanda Amerika Riyaziyyatçılar Assosiasiyasının Fəxri fərmanı ilə təltif edilmişdir.
Nicatla söhbət zamanı bildirdi ki, ətrafımdakı insanların təhsilə olan sevgisi məni də məktəbə ilk qədəm qoyduğum gündən yaxşı oxumağa, biliklərə yiyələnməyə sövq edib. Çünki görmüşəm ki, təhsilli olmaq hər zaman, hər yerdə böyük nailiyyətlər əldə etməyə kömək edir. Ali Məclis Sədrinin Sərəncamını eşidəndə sevincimin həddi-hüdudu yox idi. Bu gün yaşadığım sevinci sözlə ifadə etmək çox çətindir. Mənə və mənim kimi yüzlərlə şagirdə göstərilən qayğıya görə muxtar respublika rəhbərinə öz minnətdarlığımı bildirirəm. Həmişə çalışacağam ki, mənə göstərilən etimadı doğruldum.
Biz də belə gənclərimizlə fəxr edir və inanırıq ki, istər təhsil sahəsində həyata keçirilən işlər, istərsə də gənclərin fiziki-mənəvi sağlamlığının möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlar bu ölkənin, muxtar respublikamızın adını daha da yüksəldəcək bir nəsil yetişdirir. İnanırıq ki, yüksək istedada, bilik və qabiliyyətə, həmçinin əxlaqi dəyərlərə malik gənclərimiz hərtərəfli dövlət qayğısı qarşılığında gələcəkdə Vətənimizin çiçəklənməsi naminə öz bilik və bacarıqlarını əsirgəməyəcək, doğma diyarımızı hər yerdə ləyaqətlə təmsil edəcək, yeni-yeni uğurlar qazanacaqlar.

Aytac CƏFƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR