Dünən Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, iyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı, eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanları keçirilib.
Respublikanın 15 şəhər və rayonunda təşkil edilən imtahanlar saat 1000-da başlanıb və 3 saat davam edib. 11 min 552 abituriyentin (şagird) iştirak etdiyi imtahanların idarə olunması üçün 53 imtahan binası, 892 imtahan zalı, 53 ümumi imtahan rəhbəri, 147 imtahan rəhbəri, 1098 nəzarətçi-müəllim, 106 buraxılış rejimi əməkdaşı (mühafizə), 53 bina nümayəndəsi ayrılıb.
Naxçıvan Muxtar Respublikasında imtahan Naxçıvan şəhər 5 və 14 nömrəli, Heydər Əliyev adına tam orta məktəb binalarında təşkil olunub. 610 şagirdin iştirak etdiyi imtahanın keçirilməsi üçün 51 zal, 8 rəhbər, 62 nəzarətçi ayrılıb. İmtahanda şagirdlərə xarici dil üzrə 30, Azərbaycan dili üzrə 30 və riyaziyyat üzrə 25 olmaqla, ümumilikdə, 85 test tapşırığı təqdim olunub.
Nəticələr yaxın günlərdə http://dim.gov.az saytında yerləşdiriləcək.
Güntac ŞAHMƏMMƏDLİ