22 Dekabr 2024, Bazar

Bu ilki qəbul imtahanlarında  yüksək bal toplayan məzunlarımız haqqında yazılarımız davam edir.

I ixtisas qrupu üzrə 676  bal toplayaraq muxtar respublika ikincisi olan Oğuz Həsənli söhbətimizdə bildirdi: – 2004-cü il aprelin 16-da Culfa rayonunun Bənəniyar kəndində anadan olmuşam. Əvvəlcə rayonun Əbrəqunus kənd məktəbində sonra isə Bənəniyar kənd məktəbində təhsilimi davam etdirmişəm. Muxtar respublika üzrə keçirilən bilik yarışlarında, fənn olimpiadalarında, dəqiq fənlər üzrə (fizika, kimya, riyaziyyat) Bakıda keçirilən beynəlxalq olimpiadada iştirak etmişəm. Naxçıvan şəhərində təşkil edilən  fənn olimpiadasında  riyaziyyat fənni üzrə III yer tutaraq diploma layiq görülmüşəm. XI sinfi Qızıl medalla bitirmişəm. Boş vaxtlarımda idmanla məşğul oluram. Şahmat, tennis, voleybol oynayıram. Muxtar respublikada şahmat üzrə keçirilən yarışlarda iştirak edərək diploma layiq görülmüşəm. Bu ilki qəbul imtahanında  yüksək nəticə əldə etmişəm. Buna da özümə inanaraq və əzmlə çalışaraq nail olmuşam. Mənə həm orta məktəbdə, həm də kursda dərs deyən atamın dəstəyi  çox olmuşdur.

Oğuzun atası Malik Həsənovla həmsöhbət oluruq. Müsahibim bildirir ki, Naxçıvan şəhərində “İstedad-XXI əsr” hazırlıq kurslarında Riyaziyyat fənni üzrə dərs keçir. Kursda muxtar respublika birincisi olan İlhamə Novruzovaya da iki il dərs demişəm.  Oğlum Oğuzun isə orta məktəbdə, kursda, eləcə də evdə  müəllimi olmuşam.  Bu gün onun həm valideyni, həm də müəllimi  kimi çox sevincliyəm. O, qəbul imtahanında yüksək bal toplayaraq muxtar respublika ikincisi olub. Həmişə dərslərinə məsuliyyətlə yanaşıb, çalışıb və elm öyrənməyə çox həvəsli olub.  Riyaziyyatdan çətin tipli misalların həllində maraqlı idi. Qəbul imtahanında da yüksək bal toplayacağına inanırdıq. Oğuzun uğur qazanmasında ona dərs deyən müəllimlərinin, həmçinin oxuduğu məktəbdə keyfiyyətli təhsil üçün yaradılan müasir şəraitin rolu danılmazdır. Mən bu yolda əziyyət çəkən hamıya təşəkkürümü bildirirəm, oğluma isə  ali təhsil yolunda uğurlar arzulayıram.

Oğuz Bakı Ali Neft Məktəbində  proseslərin avtomatlaşdırılması (tədris ingilis dilində) təhsilini davam etdirmək istəyir. Deyir ki, gələcəkdə magistratura təhsili də alacaq, xalqına və dövlətinə ləyaqətlə xidmət edəcək. 

Culfa rayonunun  Əlincə kənd tam orta məktəbinin məzunu Hayal İsmayıllı isəIII ixtisas qrupu üzrə 655 bal toplayıb.O, uğurlu nəticə əldə etdiyi üçün sevinclidir. Müsahibim söhbət zamanı dedi ki, ən çox sevdiyi fənn tarixdir. Naxçıvan şəhərində təşkil edilən Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiadada da Gümüş medal qazanmışam. Mənim uğur qazanmağımda ailəmin və müəllimlərimin  böyük rolu vardır. Üzərimdə əziyyəti olan müəllimlərimə çox sağolun deyirəm. Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsində təhsilimi davam etdirmək və gələcəyin peşəkar hüquqşünası olmaq istəyirəm. Naxçıvan mənə həm məkan, həm də ali təhsil almaq üçün yaradılan müasir şərait cəhətdən çox əlverişlidir. Ona görə də yüksək balla Naxçıvanda təhsilimi davam etdirəcəyəm. 

Əlincə kənd tam orta məktəbinin direktoru Etibar Qurbanovla həmsöhbət oluruq. Müsahibim qeyd edir ki, bu ilki qəbul imtahanlarında məktəbin əldə etdiyi nəticəyə görə bütün kollektiv sevinclidir. Bütün bunlar ilk başda muxtar respublikada təhsilə göstərilən davamlı dövlət qayğısının bariz nümunəsidir. Qeyd edim ki, bu ilki məzunumuz Hayal İsmayıllı dərslərinə həmişə hazırlıqlı olan şagirdlərimizdən biri idi. Onun bu məsuliyyəti qəbul imtahanının nəticəsində də özünü aydın göstərdi və məktəbimizin adını uca etdi.  Hayal həm də  fənn olimpiadasında Gümüş medala layiq görülən şagirdlərimizdəndir. İnanırıq ali təhsil mərhələsində də o yaxşı oxuyacaq və gələcəyin peşəkar, müasir dünyagörüşlü gənci kimi formalaşıb, muxtar respublikamızın, eləcə də ölkəmizin adını uca tutacaq. Ona bu yolda müvəffəqiyyət arzu edirəm. 

Güntac ŞAHMƏMMDƏLİ

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR