22 Dekabr 2024, Bazar

Yaşadığımız bu digital dünyada gündən-günə bizə yeni texnologiyalar təqdim olunur, faydalı fikirlər ortaya çıxır. Gündəlik həyatımızı daha da asanlaşdırıb sürətləndirmək üçün bir-birindən fərqli innovativ layihələrə zərurət yaranır. Yaxın keçmişə nəzər salsaq, hər birimiz dünyamızın son on ildə texnologiya və sənaye sahələrində artıq tarixə dönmüş əvəzolunmaz inkişafını asanlıqla görə bilərik. Qəbul etməliyik ki, bu inkişafa nail olmaq daha da irəliyə gedə bilmək üçün mühəndis, proqramçı dizaynerlərin sayının artırılması olduqca vacibdir. Bu səbəbdən də dünya təhsilində araşdırmalar göstərir ki, gələcəkdə innovativ inkişaf üçün ehtiyac duyacağımız bu ixtisas sahələrinə olan tələbatı qarşılamaq üçün yeni təhsil metodlarından istifadə vacib amillərdəndir. Bu, Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birgə inte­qrasiya olunmuş tətbiqi yeni təhsil metodu olan STEAM-ı ortaya çıxarıb.


Ölkəmizdə yenicə tətbiq olunmağa başlayan STEAM təhsil metodu müəllim və şagirdlərə fərqli baxış bucağı qazandırmaqla yanaşı, dərslərində daim yenilik axtarışında olmağı, nəzəriyyədən qismən uzaqlaşıb praktik biliklərə yiyələnməyi öyrədir. Onlara araşdırma, analiz bacarıqlarını inkişaf etdirməyi və eyni zamanda digər dərslərində qazandıqları fənn biliklərini səmərəli və yararlı şəkildə ortaya qoymağı mənimsədir.
2020-2021-ci tədris ilindən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində STEAM təhsil metodunun tətbiqinə start verilib. Qısa müddət keçməyinə baxmayaraq, 30-dan çox ümumtəhsil müəssisəsində modern tələblərə cavab verən STEAM kabinələri yaradılıb, həmin kabinələr ən müasir texnoloji avadanlıq və qurğularla təchiz olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il 7 iyun tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən bütün ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə təşkil olunan “STEAM yay məktəbi” də bu istiqamətdə görülən işlərin davamıdır.
Məlumdur ki, hər bir uğur hədəfi düzgün seçməkdən başlayır. Çünki bunun üçün mütləq hədəfə ehtiyacımız var. Muxtar respublikamızda ilk dəfə təşkil olunan “STEAM yay məktəbi” şagirdlərin hədəflərini düzgün istiqamətləndirmək baxımından mühüm əhəmiyyətə malikdir.
Füsunkar təbiət mənzərəsi, əsrarəngiz gözəlliyi ilə yerli və xarici qonaqların diqqətini çəkən Ağbulaq İstirahət Mərkəzi bu dəfə “STEAM yay məktəbi”nin şagirdlərini qonaq edib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazir­liyi, Gənclər Fondu və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə ilk dəfə təşkil olunan “STEAM yay məktəbi” uğurla reallaşdırılan layihələrdən biri kimi yaddaqalan oldu. 4 günlük “Yay məktəbi”ndə muxtar respublikamızın ümumtəhsil məktəblərindən bacarıqları ilə fərqlənən 60 şagird iştirak edib. Proqrama uyğun olaraq günə səhər idmanı ilə başlayan şagirdlər səhər yeməyindən sonra təlimçi müəllimlərin apardığı dərs prosesində iştirak ediblər. Tədris mövzularına müvafiq olaraq birinci gün STEAM metodologiyaları, ikinci gün 3D modelləşdirmə və 3D çap, üçüncü gün lego modellerindən robotların hazırlanması, elektrik mühəndisliyi, sonuncu gün isə layihələrin hazırlanması proqramlaşdırma modulu, mikrobit platforması və mühəndislik dizayn dərsləri təşkil edilib. Şagirdlər “Yay məktəbi” vasitəsilə STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlərdə biliklərini daha da genişləndiriblər.
“STEAM yay məktəbi” uşaqların inkişafına, dünyagörüşlərinin, intellektlərinin, ünsiyyət bacarıqlarının artırılmasına, sosiallaşmalarına yüksək təsir göstərərək, onların yeni dərs ilinə daha da həvəslə başlamaları üçün əhəmiyyətli stimuldur. “Yay məktəbi”ni şagirdlər üçün daha yaddaqalan etmək məqsədilə təşkilatçılar tərəfindən intellektual oyunlar və əyləncəli proqramlar həyata keçirilib. İstirahət vaxtlarında şagirdlər müxtəlif idman oyunlarında iştirak edərək sənədli filmlərin nümayişini maraqla qarşılayıblar. Onlar həyatlarında fərqli bir mühitlə qarşılaşıb, dostluqlar qurub, qrup şəklində bir-birlərinin bilik və bacarıqlarından faydalanmağı öyrənib, iş bölgüsü aparmağın səmərəli olduğunu mənimsəyiblər. Biz də “STEAM yay məktəbi” başa çatdıqdan sonra iştirakçılardan bir neçəsi ilə görüşüb təəssüratlarını öyrəndik.

Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Kamal Qafarov:

– Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “STEAM yay məktəbi”ndə iştirak etmək məni çox sevindirdi. Asudə vaxtlarımızı həm öyrənərək, həm də əyləncəli oyunlarla dəyərləndirdik. Təlimçi-müəllimlərin köməyi ilə yeni STEAM metodologiyasını və yeni texnologiyalarla işləməyi öyrəndik. Bu metodun mənim dərslərimə çox faydası olacağını düşünürəm. Gələcəkdə məqsədim dizayner olmaqdır. Və “STEAM yay məktəbi”ndə dizayner olmağımın vacibliyini gördüm. Yeni dərs ilində STEAM dərslərində bu sahəyə olan marağımın mənə çox kömək edəcəyinə inanıram.

Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Şahpəri Cəfərli:
– “STEAM yay məktəbi”nin ikinci mərhələsində iştirak etdim. Düşünürəm ki, burada qrup şəklində öyrəndiyimiz biliklər vasitəsilə gələcək həyatımızda istədiyimiz peşəyə daha asanlıqla yiyələnə bilərik. Bu “Yay məktəbi”, sadəcə, dərslərlə yox, həm də əyləncəli oyunlarla yadda qaldı. Təlimlərimizdə biz STEAM düşüncəsini mənimsəməklə yanaşı, bu düşüncə formasının fərdi inkişafımıza necə böyük köməyi olacağını anladıq. Yeni dərs ilini səbirsizliklə gözləyirəm. Çünki burada öyrəndiklərimizi məktəbdə də tətbiq edəcəyik.

Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Bəhman Muradov:
– “STEAM yay məktəbi” mənim üçün ailəmdən ilk dəfə ayrılmağımla yaddaqalan oldu. Darıxacağımı düşünürdüm. Lakin ilk gündən təlimçi-müəllimlərin bizə olan səmimi münasibəti və qazandığım yeni dostlar mənə bu fikri unutdurdu. Burada biz şagirdlərlə birgə robot hazırladıq və onları hərəkətə gətirdik. “Yay məktəbi” vasitəsilə ilkin proqramlaşdırma qaydalarını öyrəndik. Filmlərdə gördüyüm robotları yaxın gələcəkdə hazırlaya biləcəyimə inanıram.

Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi Fidan Hümbətova:
– İlk dəfə “STEAM yay məktəbi”nə seçildiyimi öyrənəndə çox sevindim. STEAM dərsləri haqqında ilkin məlumatım var idi. Bu biliklərimi daha da genişləndirmək arzusunda idim. Mənim bu təlimlərdə ən çox sevdiyim sahə 3D printerlərlə işləmək idi. Bu sahədə bacarığımın olduğuna inanıram. Dostlarımla birgə rəqs edən robot hazırladıq və onun etdiyi hərəkətlərə çox əyləndik. Növbəti ildə təşkil olunacaq “STEAM yay məktəbi”nə seçilmək üçün əlimdən gələni edəcəyəm.
İndiyə qədər çox çətin görünsə də, artıq bu gün STEAM təhsil metodu sahəsində şagirdlərimizin gələcəyin dünya nəhəngi olan NASA, AMAZON GOOGLE və digər şirkətlərin layihələrində aparıcı şəxs olmaları əlçatandır. İnanırıq ki, gələcəyimiz olan steam­çılar ölkəmizin texnologiya sahəsində inkişafına nail olmaq və bu qazandıqları uğurlar ilə dünyanın qabaqcıl ölkələri sırasına qoşulmaq üçün öz töhfələrini verəcəkdir.

Günel MUSTAFABƏYLİ
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin Televiziya və Radio Verilişləri Redaksiyasının redaktoru

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR